Dünya İqtisadi Forumu 2018-ci il üzrə “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nı (The Global Competiviness Report 2018) dərc edib.  Bu hesabat yeni metodologiya (yeni nəsil “4.0”) əsasında hazırlanıb. Belə ki, yeni hesabatda əvvəlki hesabatın 114 göstəricisindən 84-ü çıxarılıb və 68 yeni göstərici əlavə edilib. Ümumilikdə, sözügedən hesabatda  98 göstərici üzrə qiymətləndirmə aparılıb.

 

Hesabata əsasən, “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”ndə Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdədir. Bu indeks üzrə ABŞ 1-ci yeri, Sinqapur 2-ci yeri, Almaniya isə 3-cü yeri tutub. İsveçrə, Yaponiya, Hollandiya, Honkonq, Böyük Britaniya, İsveç və Danimarka kimi ölkələr isə ilk onluqda qərarlaşıb.

 

Azərbaycan sözügedən hesabatın “Əlverişli mühit” bölməsinin “İnstitutlar” göstəricisi üzrə 58-ci, İnfrastruktur göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi göstəricisi üzrə 69-cu yerdədir.

 

Bundan başqa, ölkəmiz İKT-dən istifadə səviyyəsi göstəricisinin hər 100 nəfərə düşən mobil abunəçiləri alt göstəricisi üzrə 97-ci, hər 100 nəfərə düşən mobil genişzolaqlı abunəçiləri göstəricisi üzrə 88-ci, hər 100 nəfərə düşən sabit genişzolaqlı İnternet abunəçiləri göstəricisi üzrə 53-cü, hər 100 nəfərə düşən fiber-optik İnternet istifadəçiləri göstəricisi üzrə 55-ci, eləcə də İnternet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub.

 

Qeyd edək ki, ölkəmiz “İnternet istifadəçiləri” göstəricisinə görə, digər MDB ölkələri arasında liderdir.