Kosmik tullantılar haqqında məlumat toplamaq üçün nəzərdə tutulmuş yapon peyki orbitə buraxılıb.

 

ADRAS-J cihazı Yeni Zelandiyanın Mahia yarımadasında yerləşən özəl Rocket Lab kosmodromundan göndərilib.

 

Hündürlüyü 1,2 metr, eni 80 santimetr olan peyk çoxlu kiçik mühərriklərlə təchiz olunub ki, bu da ona kosmosda manevr etməyə, zibil və dağıntılara mümkün qədər yaxınlaşmağa imkan verir. Xüsusilə, qurğunun köməyi ilə 2009-cu ildə buraxılmış Yaponiyanın H2A daşıyıcı raketinin hissələrinin tədqiqi, onların şəkillərinin çəkilməsi və Yerə məlumat ötürülməsi nəzərdə tutulur.

 

Şirkət bildirib ki, bu, kosmik dağıntılar haqqında məlumat toplamaq üçün dünyada ilk missiyadır. Əgər müvəffəqiyyətli olarsa, şirkət müxtəlif ölkələrin hökumətləri və biznes qurumları ilə əməkdaşlıq etməklə yanaşı, Yerin orbitində zibillərin təmizlənməsi texnologiyasını inkişaf etdirməyə davam etmək niyyətindədir.

 

Bu barədə “Astroscale Japan developer” şirkəti məlumat verib.