Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) kimya texnologiya fakültəsinin “Kimya mühəndisliyi” ixtisası üzrə IV kurs tələbələrinin Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası  İnstitutunun müvafiq laboratoriyalarında istehsalat təcrübəsinə start verilib. Bununla əlaqədar institutun akt zalında təcrübəçi tələblərlə görüş keçirilib.

 

Görüşdə icraçı direktor kimya elmlər doktoru, professor Əfsun Sucayev təcrübə keçəcək tələbələri elmi qurumun tarixi, mövcud laboratoriyaları, fəaliyyət istiqamətləri, dünya şöhrətli alimləri, mühüm elmi nailiyyətləri, ölkənin iqtisadi həyatında və müdafiə qüdrətinin artırılmasında rol oynayan tətbiqi işləri haqqında məlumatlandırıb. Bildirib ki, tələbələr təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələrin aparılmasında yaxından iştirak edəcək, öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq edə biləcəklər. Bu da onların əldə etdikləri nəzəri bilik və bacarıqların təcrübi yolla möhkəmlənməsinə imkan verəcək.

 

Ə.Sucayev qeyd edib ki, artıq 3 ildir, institutda təcrübə keçən tələbələrin elmə və təcrübə keçməyə marağının artırılmasından ötrü onların içərisində öz bilik-bacarıq və davranışı ilə seçilən üç tələbəyə sonda diplom verilir. Bu ildə həmin ənənə davam etdiriləcək.

        

Sonra tələbələr qruplara ayrılaraq, ayrı-ayrı laboratoriyalara təhkim olunublar.

 

Məlumat üçün qeyd edək ki, 40 tələbənin istehsalat təcrübəsi 24 may 2024-cü il tarixinə qədər davam edəcək.