Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.

 

BDU, SDU və digər universitetlərin, həmçinin AMEA əməkdaşlarının, ADPU-nun dekanları, kafedra və şöbə müdirləri, eləcə də tələbələrinin iştirak etdikləri tədbirdə çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova Ümummilli lider Heydər Əliyevin fikirlərindən sitat gətirərək öz ana dilini bilməyənlərin şikəst adamlar olduğunu söyləyib, hər bir vətəndaşın doğma ana dilini bilməsinin vacibliyini qeyd edib.

        

Daha sonra dahi şəxsiyyətlərin ana dili, türk dili haqqında söylədiyi kəlamların səsləndirildiyi videoçarx nümayiş olunub.

        

Çıxış edənlərdən fakültənin Azərbaycan dilinin tədrisi texnologiyası kafedrasının professoru Vaqif Qurbanov ana dilimizin tarixi barədə nitq söyləyib, F.Köçərli, M.Mahmudbəyovun ana dilimizin inkişafı üçün göstərdiyi fəaliyyətdən  söz açıb.

        

Sonra “Meh” ədəbi dərnəyinin üzvləri Könül Haqverdiyeva və Könül Babayeva Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirini səsləndiriblər.

        

Həmçinin Azərbaycan Milli Konservatoriyası tələbələrinin ifasında bəstəkar Emin Sabitoğlunun “Şirin dil” mahnısı səsləndirilib, ADPU-nun əcnəbi tələbələri isə Azərbaycan dilinə olan sevgilərini bu dildə müxtəlif şeirlər söyləyərək çatdırıblar. 

 

Tədbirin sonunda ADPU-nun rektoru professor Cəfər Cəfərov elm və təhsildə xidmətləri olan bir qrup alim və ziyalıya “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” yubiley medalını təqdim edib.