Fərid Ağayev: “9 yaşımda ilk veb saytımı hazırladım”


Bu gün yüksək bilik və bacarığa malik gənclərimizin sayı kifayət qədərdir. Kreativ düşüncəyə malik yaradıcı gənclər uğurlu fəaliyyətləri ilə seçilməyi bacarırlar. Belə istedadlı gənclərdən biri ilə oxucularımızı yaxından tanış etmək istəyirik.

 

Müsahibimiz  neyron şəbəkə yaradıcısı, “OpenBetaX” şirkətinin qurucusu, azərbaycanlı məktəbli Fərid Ağayevdir. 2007-ci il iyulun 11-də Bakı şəhərində anadan olub və Milli Qəhrəman Gültəkin Əsgərova adına 200 nömrəli tam orta məktəbin 11-ci sinfində oxuyur.

 

- Uğur hekayənizi dinləyək... Sizdə kompüterə olan maraq hansı zərurətdən yarandı?

- Mən çox kiçik yaşlarımdan kompüterə həvəs göstərirəm. Bir az böyüdükdən sonra proqramlaşdırma dilləri ilə maraqlanmağa başladım, müxtəlif forumlarda iştirak etdim, kitablar oxudum. 9 yaşımda ilk veb saytımı hazırladım. Kompüterlərə artan maraq mənim əlavə təhsil almağım üçün başlanğıc nöqtəsi oldu.

 

-Neyron şəbəkə yaratmaq qərarına necə gəldiniz?

- 2021-ci ildə mən “Globagram” sosial şəbəkəmi işə saldım, eyni zamanda süni intellektlə məşğul olmağa başladım. Həmin vaxtlar “Globagram”da tövsiyələr sistemi, yaxın dostlar sistemi üçün süni intellekt əsaslı şəxsi alqoritmlərimi inkişaf etdirirdim. 2022-ci ilin dekabrında mən “doofzGPT” kod adı altında və qapalı beta testində olan ilk süni intellekt modelimi işə saldım. İlk modelim 13 milyard parametr üzrə təlim keçdi və məhz 2023-cü il yanvarın 1-də neyron şəbəkə səhifəsində ilk nəşri yaratdım; layihənin inkişafını elan etdim. Sonradan mən öz bilik və bacarıqlarımı dərinləşdirdim, bu da nəticədə məni qətiyyətli addım atmağa - süni intellektlə tamamilə yeni səviyyədə qarşılıqlı əlaqə qurmağa imkan verən “Gəncəvi AI” kimi layihələr hazırlamağa sövq etdi. Həmçinin, 144 milyard parametrli ən son və yeni modelimizi - istifadəçi istəkləri əsasında şəkillər yaradan “Tusi” adlı ikinci neyron şəbəkəmizi tətbiq etdik. “Tusi”nin ilk sınaqları 2023-cü ilin avqustunda, şəkillər yaratmaq və modelimizi sınaqdan keçirmək üçün bütün istifadəçilərə qapıları açdığımız zaman başladı.

 

- Yaratdığınız neyron şəbəkə nələrə qadirdir və istifadəçilərə nələri təklif edir?

-  “Gəncəvi AI” ideyalar yaratmaq, tədrisə və tədqiqata kömək etmək, söhbət əsnasında istifadəçi ilə ünsiyyət qurmaqla həyatın bir çox sahələrində faydalı ola bilər. Hazırda biz Facebook, Messengerdə süni intellekt modelimizin açıq beta testini həyata keçiririk. Bizim neyron şəbəkəmiz suallara cavab verə və hər şeyi ətraflı izah edə bilər. O, həmçinin mürəkkəb anlayışları izah, tapşırıqların yerinə yetirilməsinə kömək etməyi, tədris məqsədləri üçün nümunələr və kontekst təqdim etməyi bacarır.

 

- Yeni neyron şəbəkəyə hansı əlavələr etmisiniz və əvvəlkindən fərqli olaraq onun nə kimi üstünlükləri var?

- “Gəncəvi AI” əvvəlki modellərimizlə müqayisədə, Azərbaycan dilində daha yaxşı başa düşür, ünsiyyət qura bilir və komandamız tərəfindən toplanmış böyük həcmdə məlumatlar üzərində təlim keçib. Eyni zamanda, digər süni intellekt modellərindən fərqi ondan ibarətdir ki, “Gəncəvi AI” bizim nəzərdə tutduğumuz vəzifə və məqsədlərə uyğun gələn spesifik xüsusiyyətlər və imkanlarla dizayn edilib. Birincisi, “Gəncəvi AI” süni intellektinin arxitekturası “OpenBetaX” komandası tərəfindən unikal, xüsusi konfiqurasiya və 144 milyard parametrlə işlənib hazırlanmış GPT-D-dir ki, bu da təbii dili anlamaq və yüksək keyfiyyətli mətn yaratmaq imkanı verir. İkincisi, “Gəncəvi AI” birbaşa “Tusi” neyron şəbəkəsi ilə inteqrasiya edir ki, bu da mətn təsvirləri əsasında şəkillər yaratmağa imkan verir. Bu, vizualizasiya və yaradıcılığı artırır. Onu da qeyd edim ki, modelin məlumatlandırılması 2024-cü ilin fevralına qədər olan informasiya ilə məhdudlaşıb. Hər bir süni intellekt modeli unikaldır və istifadə məqsədləri, onun işlənib hazırlandığı xüsusi tapşırıqlar ilə müəyyən edilən şəxsi xüsusiyyətlərə malikdir.

 

- Şagird olaraq “OpenBetaX” şirkəti quran bir gəncin gələcək arzuları nə ola bilər?

- Biz komandamızla həmişə yeni məhsullar və texnologiyaları inkişaf etdirməyə çalışırıq. Buna görə də gələcək planlara süni intellekt modellərimizi daha da təkmilləşdirmək, “Gəncəvi AI”ni daha dərindən öyrətmək, “Tusi” modelimizi inkişaf etdirmək daxildir. Biz onları təbliğ etmək niyyətindəyik. Onu da qeyd edim ki, informasiya təhlükəsizliyi sahəsi üzrə ali təhsil almaqda marağım var və ən yaxşı universitetləri nəzərdən keçirirəm. Bu, xüsusilə sürətlə dəyişən rəqəmsal dünya kontekstində məni həqiqətən valeh edən sahədir.

 

Lamiyə ƏLİMƏRDANOVA