Bu il də 28 ölkədən 179 ali təhsil müəssisəsi üçün 15 prioritet ixtisas üzrə, təxminən 4000 təhsil proqramı elan ediləcək. 1 mart-15 iyul tarixindən artıq hər il olduğu kimi,  bu layihələrə Azərbaycan vətəndaşları müraciət edə biləcəklər.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev xaricdə təhsil proqramları ilə bağlı medianın sualına cavabında bildirib. 

 

Nazir bildirib ki, 13 noyabr 2023-cü il tarixində 2024-2025-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq olunub:”Müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlər universitetlər üzrə "Top10”-da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə müraciət edə biləcəklər. Bundan başqa, namizədlərin bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət ixtisasları üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Proqramına müraciət etməsi də nəzərdə tutulub”.