Valideynlərin övladları ilə daha sağlam münasibətlər qurması onların zorakılıq hallarından uzaq olmasında vacib faktorlardandır


Son zamanlarda şagirdlər arasında baş verən bullinq halları ictimaiyyətdə geniş müzakirələrə gətirib çıxarıb. Şagirdlərin bir-birlərinə qarşı aqressiv davranışları və təzyiqləri bullinq adlanır. Cəmiyyət olaraq bullinqin bütün dünyada aktuallıq kəsb edən sosial problem olduğunun fərqində olmaq və məktəblərdə zorakılığın artmasında sosial medianın da rolunu nəzərə alaraq məsələlərə həssaslıqla yanaşmaq vacibdir.

 

Şagirdlər arasında bullinq fiziki zorakılıq göstərmək, ləqəb qoşmaq, hədə-qorxu gəlmək, qrupdan kənarlaşdırmaq, icazəsiz əşyalarını almaq və ya əşyalarını tullamaq, haqqında nalayiq məlumatlar paylaşmaq və s. formada təzahür edə bilər.

 

Müasir dövrdə texnologiyanın, xüsusilə, sosial şəbəkələrin sürətli inkişafı dünya ölkələrində şagirdlər arasında bullinq hallarının daha geniş formada artmasına gətirib çıxarıb. Çünki bu inkişaf informasiyanı asanlıqla əldə etmək və dostluq əlaqələri qurmaq üçün nə qədər əlverişli imkanlar yaratsa belə, bir o qədər də zorakılığın yeni formalarda artmasına şərait yaradır.

 

2018-ci ildə YUNESKO (UNESCO) tərəfindən məktəblilər arasında aparılan tədqiqatlar göstərir ki, dünyada hər 3 yeniyetmədən 1-i bullinqə məruz qalır. Bundan başqa, 2019-cu ildə yayımlanan YUNESKO-nun digər hesabatında 144 ölkədə aparılmış tədqiqat nəticəsində şagirdlərin 32%-nin son ayda ən azı bir dəfə məktəbdə həmyaşıdları tərəfindən bullinqə məruz qaldığı öz əksini tapıb. Bu hesabata görə dünya ölkələrinin regionlar üzrə şagirdlər arası bullinq hallarının faizləri aşağıdakı kimidir: Avropa regionunda - 25%, Orta Şərq regionunda - 41.1%, Asiya regionunda - 30.3%, Şimali Afrika regionunda - 42.7%, Sub-Sahara Afrika regionunda - 48.2%, Sakit okean hövzəsi regionunda - 36.8%, Karib dənizi hövzəsi regionunda - 25%, Şimali Amerika regionunda - 31.7%, Mərkəzi Amerika regionunda - 22.8%, Cənubi Amerika regionunda - 30.2%.

 

YUNİSEF tərəfindən 2018-ci ildə yayımlanan hesabata əsasən isə dünya ölkələrindəki 13-15 yaşlı şagirdlərin təxminən 50%-i həmyaşıdları tərəfindən bullinqə məruz qalır. Həmçinin bu hesabatda inkişaf etmiş 39 ölkədə hər 10 uşaqdan 3-nün bullinqə məruz qaldığı qeyd olunur.  Hesabata əsasən, qız və oğlanların zorakılığa məruz qalma riski eyni olsa da, qızlar psixoloji, oğlanlar isə fiziki zorakılığa və hədələrə daha çox məruz qalırlar.

 

Son zamanlarda bullinqin kiber zorakılıq forması getdikcə artan qlobal problemdir. YUNESKO-nun digər bir hesabatına əsasən, yeddi Avropa ölkəsində (Belçika, Danimarka, İrlandiya, İtaliya, Portuqaliya, Rumıniya, Böyük Britaniya) 11-16 yaşlı şagirdlərin internetdən istifadə edərkən kiber zorakılığa məruz qaldıqlarını bildirənlərin faiz nisbəti 2010-cu ildəki 7%-dən, 2014-cü ildə 12%-ə yüksəlib.

 

Dünya Bankının 2021-ci ildə yayımlanan Zorakılığa Son Tərəfdaşlıq/Təhlükəsiz Öyrənmə Qlobal Təşəbbüsünün hesabatı məktəblərdə və ətraflarında baş verən zorakılıq hallarının təhsil nəticələrinə ciddi təsir göstərdiyini və bunun nəticəsində cəmiyyətin ağır bədəl ödədiyini, təxmini ömürboyu qazanc itkisinin 11 trilyon ABŞ doları civarında olduğunu vurğulayır. Dünya Bankının təhsil üzrə qlobal direktoru Jaime Saavedra qeyd edir ki, uşaqlar məktəbdə təhlükəsiz olmadıqda təhsilə qoyduğumuz bütün investisiyalar əhəmiyyətsiz olur, həmçinin zorakılığın qarşısının alınması asan dövlət siyasəti deyil. Bu, məktəb, icma və milli səviyyələrdə fəaliyyətlərin kompleks şəkildə inteqrasiyasını tələb edən prosesdir.

 

İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı - OECD) ölkələrində 2018-2024-cü illərdə aparılan araşdırmalarda şagird sayına nisbətdə ən çox bullinq hallarının baş verdiyi ölkələr isə ardıcıl olaraq Avstriya, Estoniya, Rusiya, Belçika, Kanada, İsveçrə, Portuqaliya, Fransa, Lüksemburq və Polşadır. Qlobal miqyasda oğlanlar qızlardan daha çox məktəbdə zorakılığa məruz qalırlar. Cinsi və ya gender əsaslı zorakılığın digər formalarını daxil etməyən statistik məlumatlar göstərir ki, oğlanların 32%-dən çoxu, qızların isə 28%-i məktəbdə zorakılığa məruz qalır. Bununla belə, bullinq hallarının ən çox olduğu 10 ölkəyə nəzər saldıqda, orta göstəricilər bir qədər fərqlidir. Bu, 10 ölkədə qızların 65%-i və oğlanların 62%-i zorakılığa məruz qaldıqlarını bildirir və bullinqin ən çox yayıldığı ölkələrdə qızların bir qədər daha geniş şəkildə təsirləndiyini göstərir.

 

ABŞ-ın Təhsil Statistikaları üzrə Milli Mərkəzinin 2019-cu il hesabatına əsasən sorğuya cəlb olunmuş 12-18 yaş arası şagirdlərin 20%-nin bullinqə məruz qaldığı, 30% şagird isə bu və ya digər formada bullinq törətdiyini etiraf edib. Türkiyənin Milli Təhsil Nazirliyinin Təhsil Araşdırma və İnkişaf İdarəsi tərəfindən 2008-ci ildə “Şagirdlərin zorakılığı qavrayışı” mövzusunda apardığı araşdırmaya görə, şagirdlərin “Bullinqə məruz qaldığınız mühitlər hansılardır?” sualına verdiyi cavablarda 18,4%-lə “Məktəb” cavabı birinci yerdədir.

 

Digər tərəfdən, bullinq şagirdlərin akademik nailiyyətlərinə təsir edən amillərdəndir. Belə ki, ölkəmizin də iştirak etdiyi PISA (Program for International Student Assessment) 2022 tədqiqatına əsasən İƏİT ölkələrində orta hesabla, özlərini təhlükəsiz hiss etdiklərini və məktəbdə bullinqə məruz qalmadığını bildirən şagirdlər riyaziyyat, təbiət elmləri və oxuda digər şagirdlərlə müqayisədə daha yuxarı nəticələr əldə edib. Həmçinin PISA 2022 hesabatı göstərir ki, İƏİT ölkələrində orta hesabla hər 5 şagirddən 1-i, yəni təxminən 20%-i ayda ən azı bir neçə dəfə bullinqə məruz qalır. PISA 2022 hesabatına əsasən Bruney, Yamayka, İordaniya, Mərakeş, Fələstin, Filippin, Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə şagirdlərin bullinqə məruz qalmaları faktı daha sıx tezlikdə baş verib.

 

PISA 2022 hesabatına əsasən bəzi ölkələrdə bullinq hallarının 2018-ci ilə nəzərən azalması müşahidə olunub. Sevindirici haldır ki, bu hesabata əsasən üç ölkədə bullinq hallarının azalması ilə bağlı müsbət tendensiya müşahidə olunub. Belə ki, Bruney və Filippinlə yanaşı, Bakıda (Azərbaycan) şagirdlər arası bullinq halları 10% azalıb. Lakin Fransa, Moldova və Türkiyədə bullinqə məruz qalan şagirdlərin sayında isə 2% artım müşahidə olunub.

 

PISA ilə yanaşı PIRLS (Progress in International Reading Literacy Study) beynəlxalq şagird qiymətləndirmə tədqiqatının hesabatlarında da bullinq hallarının şagirdlərin nəticələrinə mənfi təsir göstərdiyi müşahidə olunur. Belə ki, 2015-ci il hesabatına əsasən hər həftə bullinqə məruz qaldığını bildirən şagirdlərin orta nailiyyət göstəriciləri 482, ayda bir dəfə bullinqə məruz qaldığını bildirən şagirdlərin orta nailiyyət göstəriciləri 507, heç vaxt bullinqə məruz qalmadıqlarını bildirən şagirdlərin orta nailiyyət göstəriciləri isə 521 bal olub. Bu tendensiya digər PIRLS və PISA nəticələrində də təkrarlanır.

 

Bullinqin cəmiyyətin ictimai sağlamlığı üçün təhlükəli olduğuna görə məktəblərdə qarşısının alınması məqsədilə valideynlər və ümumilikdə icma, müəllim və məktəb rəhbərləri ilə daim əməkdaşlıq edərək birgə səy göstərməlidir. PISA tədqiqatının nəticələri də göstərir ki, valideynləri ilə sağlam münasibətləri olan şagirdlərin bullinq prosesində zorakı qismində təmsil olunması faizi daha aşağıdır. Bu da onu deməyə əsas verir ki, valideynlərin övladları ilə daha sağlam münasibətlər qurması onların zorakılıq hallarından uzaq olmasında vacib faktorlardandır.

 

Yekun olaraq, bu qənaətə gələ bilərik ki, bullinq dünya ölkələrinin təhsil sistemlərində başlıca problemlərdən biridir və qlobal xarakter daşıyır. Şagirdlər arasında bullinq hallarının qarşısının alınması və şagirdlər üçün məktəblərdə daha təhlükəsiz mühit formalaşdırmaq üçün zorakılığın ilkin əlamətlərinin göz ardı edilməməsi, şagirdlərə və valideynlərə bullinq hallarına qarşı necə reaksiya verilməli olduğu haqda maarifləndirmənin aparılması, valideyn-məktəb əməkdaşlığının artırılması, valideynlərin öz övladları ilə sağlam münasibət qurması, cəmiyyətin də şagirdlərə bullinq halları ilə bağlı psixoloji cəhətdən dəstək olması olduqca vacibdir.

 

Vaqif FƏTULLAYEV