5 mart Bədən Tərbiyəsi və İdman Günüdür. Ölkəmizdə idmanın müxtəlif sahələrində uğur qazanan yetərincə gənclərimiz var.

 

Onlardan bir neçəsi ilə tanış olaq.

 

Avropa çempionu Ruslan Abdullayev. O, 2004 cü ildə Cəlilabadda anadan olub.  9 yaşından idmanın sərbəst güləş növü ilə məşğul olmağa başlayıb.  Həmin vaxtlardan “Təhsil” Resbublika İdman Mərkəzinin 5  nömrəli  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər idman məktəbində  təcrübəli məşqçi Təbriz Rüstəmovdan güləşin sirlərini öyrənib. Əsas məqsədi qarşıdakı yarışlarda dünya  və Olimpiya çempionu olmaq idi.

 

Dəfələrlə ölkə çemionatlarında və  beynəlxalq turnirlərdə qalib olan Ruslan Abdullayev ötən ilin iyul ayında  İspaniyada keçirilən sərbəst güləş üzrə U-20 Avropa çempionatında qızıl medal qazandı və fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.  Ruslan Abdullayev  axırıncı yarış barədə “Azərbaycan müəllimi”qəzetinə belə deyib: “Ümumilikdə yarışımız yaxşı keçdi. Biz komanda olaraq bu yarışlara yüksək səviyyədə hazırlaşmışdıq və bunun da bəhrəsini gördük. Yarışda görüşlərim çox çətin keçmədi. Finalda moldovalı güləşçiyə qalib gələrək qızıl medal əldə etdim".

       

                                        …

 

Digər uğur qazanan idmançımız Şotokan Karate üzrə Dünya və Avropa birincisi Hüseyn Məmmədlidir.  

 

Hüseyn Məmmədli 2003-cü ildə Bakı şəhərində anadan olub. 9 yaşından karate idmanı ilə məşğul olmağa başlayıb. Karate idmanında ilk uğurunu 2014 -cü ildə qazanıb, uşaqlar arasında keçirilən Dünya birinciliyində qalib olub. 15 yaşından Milli komandanın üzvüdür. Hər il ölkə birinciliyinin qalibi və mükafatçısı olub,  eləcə də bu günədək dəfələrlə beynəlxalq yarışların, Karate 1 Liqa  yarışlarının və Seriya A yarışlarının mükafatçısı və qalibi olub. Şotokan Karate üzrə Dünya və Avropa birincisi,VKF versiyası üzrə isə Yeniyetmələrin Avropa mükafatçısı, Gənclərin Avropa Çempionu və 3 qat Avropa üçüncüsü olmaqda da şansı gətirib. II MDB  Oyunları, Gənclərin Kombat Yarışları və s. mötəbər yarışların mükafatçısı  olan Hüseyn Məmmədli  6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin  idmançısıdır. Gənclər arasında  Dünya reytinqində ilk yerdədir. Hal- hazırda Milli Komandanın üzvüdür,  şəxsi məşqçısı Əməkdar məşqçı  Əbülfət Qarayevdir.

                                           

                                                         …

 

Şahmatda qələbələr qazanan azyaşlı  Mehriban Əhmədli.

O,  17 fevral 2015- ci ildə Bakı şəhərində anadan olub.  Şahmatla 5 yaşından məşğul olmağa başlayıb.  İlk dəfə “Təhsil” Respublika İdman Mərkəzinin  keçirdiyi zona yarışında uğurlu nəticə göstərərək finala vəsiqə qazanıb. Daha sonra respublika daxili turnirlərdə uğurlar qazanmağa davam edib.  Mehriban  8 yaşadək  qızlar arasında Avropa Çempionu, 8 yaşadək qızlar arasında 2020-ci ildə  Azərbaycan çempionu olub.  2020- ci ildə Yunanıstanın Rodos adasında keçirilən məktəblilərin rapid və bilitiz üzrə Dünya çempionatında  2-ci yerin sahibi olub.  2022- ci ildə də  8 yaşadək qızlar arasında Azərbaycan çempionatında 1-ci yerə layiq görülüb.


Bundan başqa,  2023- cü ildə 8 yaşadək qızlar arasında Azərbaycan çempionatında 1-ci yer, 2022- ci ildə Respublika şahmat olimpiadasında 8 yaşadək qızlar arasında 1-ci yeri tutub.  2023- cü ildə Respublika şahmat olimpiadasında 10 yaşadək qızlar arasında 1-ci yeri əldə edib. 2023- cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Beynəlxalq şahmat festivalında 8 yaşadək qızlar arasında 1- ci yerə layiq görülüb.  Şahmatçımız 2023-cü ildə 8 yaşadək qızlar arasında Azərbaycan çempionu olub. 2023-cü ildə Rumıniyanın Mamaya şəhərində keçirilən şahmat üzrə Yeniyetmələrin Avropa Çempionatında 8 yaşadək qızlar  arasında 1-ci yeri tutaraq ölkəmizi layiqli təmsil edib.  Məşqçi müəllimi təcrübəli şahmatçı  Ramil Alacanovdur.

                                                          

                                                  ...

 

Yunan-Roma güləşi üzrə yarışlarda medallar qazanan Turan Daşdəmirov.

 

Turan Daşdəmirov 8 dekabr 2007-ci il tarixində Bakı şəhərində anadan olub. İbtidai təhsilə 149 saylı məktəbdə başlayıb. 149 nömrəli məktəbdə 8-ci sinfə qədər təhsil alıb, hal –hazırda 117 nömrəli məktəbdə 10-cu sinif şagirdidir.

 

2016-ci ildən   güləş məşqlərinə başlayıb. “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli uşaq-gənclər idman məktəbində  yunan-roma güləşi bölməsinin məşqçi-müəllimi Fuad Muradovun tələbəsi olaraq  yetişir. 12-14.06. 2023-cü  il tarixlərində Albaniyada  keçirilən U-17 yeniyetmələrin  Avropa  birinciliyində - I yer (45 kq),  01-02.08.2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən U-17 Dünya çempionatında –I yer, 27-30.04.2023-cü il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən U-17 yeniyetmələr arasında “Zəfər Kuboku” –I yer , 02-04.04.2023-cü il tarixlərində Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Respublika birinciliyində-I yer onun olub...

 

İdmanda nailiyyətləri olan gənclərin sırası böyükdür. Ailələri, oxuduqları məktəb, bütövlükdə  xalqımız Azərbaycan bayrağını beynəlxalq idman arenalarında qaldıran idmançılarla hər zaman qürur duyur, onların gələcəyinə böyük  inamla baxır.

 

Rəşad ZİYADOV