Musa Mahmudov Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Arıçılıq” ixtisası üzrə təhsil alır


Bildiyimiz kimi, ömürboyu təhsil əmək bazarının tələbinə uyğun formalaşmış cəmiyyətdə baş verən iqtisadi, elmi, texnoloji dəyişikliklərə çevik uyğunlaşmanı təmin edir. Texnoloji dəyişikliklərin təsiri altında peşələr daim dəyişir, onların əmək funksiyaları yenilənir. Əvvəllər müəyyən bir iş üçün lazım olan bacarıqlar günümüzdə yetərli olmaya bilər. İşçilər çalışdıqları iqtisadi sektorun sürətli tempi ilə ayaqlaşmaq üçün daim yeni bilik və bacarıqlar əldə etməli olurlar. Artıq əmək bazarına cəlb olunmuş şəxslərin yenidən təhsilə qayıdaraq yeni yaranmış peşələrə yiyələnmələri zərurətə çevrilir. Ömürboyu təhsil əmək bazarında rəqabət aparmaq qabiliyyətini təmin edir. Hər hansı səbəbdən əmək bazarını tərk etməyə məcbur olmuş şəxslərə yenidən əmək bazarına qayıtmaq imkanı verir.

 

73 yaşlı Musa Mahmudov da “ömürboyu təhsil” konsepsiyasına əməl edənlərdən biridir. O,  1951-ci ildə Qəbələnin Vəndam kəndində doğulub. Ölkəmizdə peşə təhsili alan ən yaşlı tələbədir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Arıçılıq" ixtisası üzrə təhsil alan Musa Mahmudov 2004-cü ildən arıçılıqla məşğuldur. Əvvəllər arılarını Mingəçevirdə saxlayar və ətraf bölgələrə aparardı, son 11 ildir ki, arılara Vəndamda baxır və hazırda 60 arı ailəsi var. Özu “Ana arı” yetişdirir, arıların artırılmasında və ana arının dəyişdirilməsində istifadə edir.

 

Musa Mahmudov Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində arıçılıq ixtisasının açılmasına ən çox sevinənlərdən biridir. Çünki, o, arıçılığı praktik bacarsa da, onun digər sirlərini zəif bilirdi. Ona görə də bu yaşında tələbə olmaq arzusunu reallaşdırdı. Hazırda qrupun ən fəal tələbələrindən biridir. Yaşı 70-i keçsə də, təhsil almaq, bilik və bacarıqlarını artırmaq yolunda yorulmadığını bildirir.

 

Martın 6-da Qəbələdə səfərdə olan elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə baş çəkərək Musa Mahmudovla da görüşüb, ona təhsilində və peşə fəaliyyətində uğurlar arzulayıb.

 

Qeyd edək ki, nazir müavini İsmayıllı və Qəbələdə yerləşən dövlət peşə təhsili mərkəzlərinin maddi-texniki bazası ilə tanış olub, müəssisələrin ərazisinə, o cümlədən emalatxanalar, sinif otaqları və yataqxanaya baxış keçirib. Kənan Kərimzadə eyni zamanda tədris prosesində iştirak edib. Nazir müavininə mərkəzlərdə mövcud olan ixtisaslar barədə də məlumat verilib.  

 

Elm və təhsil nazirinin müavini sözügedən müəssisələrdə peşə hazırlığının əhatəliliyi və səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsili prosesində yaxından iştirakı, ölkə iqtisadiyyatı üçün rəqabət qabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd edib və bununla bağlı mərkəz rəhbərlərinə müvafiq tapşırıqlar verib.