UNEC-in qadın rektoruna həsr olunan konfrans keçirilib


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin ilk və yeganə qadın rektoru olmuş Bilqeyis Həşimzadənin xatirəsinə həsr edilən “Elmdə qadınların rolu” adlı konfrans keçirilib.

 

Konfransın açılışında çıxış edən UNEC rektoru professor Ədalət Muradov universitetin qadın rektoru Bilqeyis Həşimzadənin həyat yoluna qısa nəzər salıb.

 

Ə.Muradov UNEC-in xanım əməkdaşlarının universitetə qazandırdıqları töhfələrdən də söz açıb, hazırda  universitet əməkdaşlarının 67 faizinin, elmi dərəcəyə malik olanların isə 51,6 faizinin qadınlardan ibarət olduğunu bildirib. O, UNEC-in elmi fəaliyyətində, idarəetməsində xanım əməkdaşların aparıcı rola malik olduğunu diqqətə çatdırıb.

 

Sonra Humanitar fənlər kafedrasının professoru Məhəbbət Paşayeva UNEC-in ilk qadın rektoru Bilqeyis Həşimzadənin həyat yolundan bəhs edib. Onun universitetə qazandırdığı töhfələr, elmin və təhsilin inkişafı istiqamətindəki xidmətləri barədə maraqlı təqdimatla çıxış edib.

 

Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova da UNEC-də çalışan qadınların elmi uğurlarından danışıb.

 

Sonra UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri, gənc tədqiqatçı Nərgiz Hacıyeva rəhbərlik etdiyi şuranın fəaliyyəti haqqında geniş təqdimatla çıxış edib. O, dünyanın müxtəlif ölkələrindən olan tanınmış qadın alimlərin şuranın üzvü olduqlarını və nüfuzlu beynəlxalq konfranslarda elmi məqalələrlə çıxış etdiklərini bildirib.

 

Tədbirin sonunda xanım əməkdaşlara bayram münasibətilə çiçəklər və hədiyyələr təqdim olunub.