Salatın Mərdanova: “Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili almaq istəyirəm”


Peşə təhsili müəssisələrində 3368 müəllimdən 2195 nəfəri  qadındır. Onlardan biri Salatın Mərdanova İctimai İaşə və Xidmət Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində riyaziyyat müəllimidir.

 

S.Mərdanova Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin məzunudur. 2016-2018-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin riyaziyyatın tədrisi metodikası fakültəsininin “Riyaziyyatın Tədrisi Metodikası və Metodologiyası, Riyaziyyat müəllimliyi” üzrə magistr təhsili alıb. 2020-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq uğur qazanıb və peşə təhsili müəssisəsində işə başlayıb: “Peşə təhsili müəssisələrinə böyük marağım məni buraya gətirib çıxartdı. Burada əsas hədəfimiz peşə təhsilində oxuyan tələbələrin buraxılış imtahanlarına hazırlanması və təhsillərini  davam etdirmələri üçün şərait yaratmaqdır”.

 

S.Mərdanova fəal müəllimlərdəndir. O, Dövlət İmtahan Mərkəzinin  təşkil etdiyi marker müəllim hazırlığı kurslarına qatılıb və imtahandan uğurla keçib: “DİM-in təşkil etdiyi imtahanlarda açıq tipli tapşırıqların yoxlanmasında iştirak edirəm. Müəllimlərin işə qəbulu müsabiqəsində özümü sınayır, peşəkarlıq səviyyəmi yoxlayır, öz üzərimdə işləyərək daim inkişaf etməyə çalışıram”.

 

S.Mərdanova özünü inkişaf etdirmək üçün təlim və kurslara da yazılır: “2023-cü ilin may ayından 6 aylıq  “Front-End” kurslarında iştirak etdim. Burada riyaziyyatın tətbiqi tərəflərini öyrənmək nəinki özüm üçün, həm də tələbələrimə bu işdə stimul olmaq baxımından da faydalı oldu. Hazırda ingilis dilində danışıq səviyyəmi artırmaq istiqamətində çalışıram. Hesab edirəm ki, bu, beynəlxalq təcrübəni də araşdıraraq, öz pedoqoji fəaliyyətimdə düzgün istifadə etməyimə kömək edəcək. Bir sözlə, əlimdən gələni edirəm ki, təhsildə monotonluqdan qaçım”.

 

S.Mərdanova tədris prosesində ən müasir dərsin tələblərini ödəməyə çalışır: “Tədris prosesində İKT-dən istifadə edirəm. Məsələn, riyazi fiqurların situasiya məsələlərinin animasiyanın köməyi ilə nümayişi təxəyyülün inkişafına, mövzunun dərindən dərk olunmasına kömək edir. Mən də bu üsuldan həvəslə istifadə edirəm”.

 

Hazırda “Açıq dərs”ə hazırlaşan Salatın müəllim yaxın gələcəklə bağlı planlarından da danışıb: “Özümü tədrisi ingilis dilində aparılan auditoriyada görürəm. Bu planımı qısa zamanda reallaşdırmağı düşünürəm. Təbii ki, dövlətin yaratdığı başqa imkanlardan da yararlanmaq istəyirəm. Məsələn, Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili almaq hədəfimdir. Planlarımı yavaş-yavaş reallaşdıracağam”.

 

Ruhiyyə DAŞSALAHLI