Elm və təhsil sahəsində koordinasiyalı fəaliyyətin qurulması günümüzün aktual mövzusuna çevrilib


Müasir dövrdə elm və təhsilin inteqrasiyası birbaşa zamanın tələbi kimi çıxış edir. Qloballaşan dünyanın çağırışlarına uyğun olaraq müasir inkişafı şərtləndirən başlıca amillərdən biri də elm və təhsil sahəsində koordinasiyalı fəaliyyətin qurulmasıdır. Məhz elm və təhsilin inteqrasiyasının təmin olunması ən müasir hədəflərə çatmağa zəmanət verir. Azərbaycanın təhsil sistemində aparılan islahatlar elm və təhsil sahəsində inteqrasiyanı günümüzün aktual mövzusuna çevirib. Bu istiqamətdə müzakirələr, keçirilən tədbirlər ölkəmizdə elm və təhsil sahəsində əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirib. Azərbaycanın gənc alimləri prosesi yaxından izləyirlər.

“Azərbaycan müəllimi” qəzetinə açıqlamalarında fikir və təkliflərini belə bölüşürlər. 

 

"Elm və təhsilin inteqrasiyasında yetişən kadrların rolu və onlara dövlətin dəstəyi artır"

 

 

İsmayıl İsmayılov, Sumqayıt Dövlət Universiteti rektorunun müşaviri, kimya üzrə elmlər doktoru:

- Ölkəmizdə elmin inkisafi sahəsində əldə olunan uğurlar, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasətin nəticəsidir.
   

Məlumdur ki, SSRİ dağıldıqdan sonra digər sahələrlə yanaşı, elm və təhsil sistemi də demək olar ki, çox çətin vəziyyətə düşdü. Belə ki, əməkdaşlıq edilən institutlarla əlaqələr kəsildi, təsərrüfat müqavilələri əsasında həyata keçirilən tədqiqat işləri yarımçıq qaldı, əldə olunmuş nəticələrin tətbiq olunduğu sənaye müəssisələri bağlandı və s. Bu mərhələdə maddi sınaq qarşısında qalmış tədqiqatçıların üzərinə düşən əziyyəti xüsusi ilə qeyd etmək lazımdır. Onlar çətinliklərə baxmayaraq, mövcud olan imkanlar və öz şəxsi əlaqələri hesabına elmin qorunub saxlanılması üçün xidmətlərini davam etdiriblər.
   

Bu gün artıq müstəqil ölkəmizin imkanları genişdir və dövlət tərəfindən qəbul olunmuş fəaliyyət proqramlarına uyğun olaraq elmin inkişafı istiqamətində işlər görülür. Aparılan islahatlardan biri elm və təhsil sisteminin inteqrasiyasıdır ki, 2022-ci ildə ölkə başçısının müvafiq fərmanına əsasən, Azərbaycan Respublikasında elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Təhsil Nazirliyinin əsasında Elm və Təhsil Nazirliyi yaradıldı, müvafiq struktur dəyişikliklərinin edilməsi, təhsil ilə yanaşı, elm sahəsində dövlət siyasətinin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər bu quruma həvalə edildi.
    

Fikrimcə, 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının tarixində ilk dəfə magistratura təhsilinə başlanılması təhsil və elm sisteminin inteqrasiya prosesinə çox böyük töhfə verib. AMEA-nın institutları və universitetlər arasında hər zaman mövcud olan birgə iş daha sıx əməkdaşlıq şəklində davam edib.  
    

Düşünürəm ki, xüsusilə bir elm adamı üçün təhsil sistemində öyrənilən biliklər elmi tədqiqatlar ilə davam etdirilir və əldə olunmuş yeniliklər sənaye müəssisələrində tətbiqi ilə nəticələnə bilər. Təbii ki, elmin inkişafı tədqiqat aparan alimlər varsa, mümkündür və hər bir sahədə olduğu kimi, insan kapitalı çox vacibdir. Yəqin ki, elm sahəsində kadrların hazırlanmasında başlanğıc mərhələdə dövlətin dəstəyinə daha çox ehtiyac vardır. Xüsusi ilə yeni işə başlamış tədqiqatçının əməkhaqqının kifayət qədər olması şərtdir ki, əlavə pul qazanmaq kimi problemi olmasın və öz elmi tədqiqat işi ilə məşğul olsun. Məlumdur ki, işini bilən tədqiqatçı vaxt keçdikcə qazandığı nəticələrlə yerli və beynəlxalq layihələrə müraciət əsasında əlavə maliyyə cəlb edə bilir.
    

Yeni kadrların hazırlanmasında Xaricdə Təhsil üzrə Dövlət Proqramının önəmi qeyd edilməlidir. Proqramın məqsədi gənclərin dünyanın müxtəlif elm və təhsil ocaqlarında təhsil alması, onların təcrübəsi ilə tanış olması, öyrəndiklərini geri döndükdə ölkənin elm və təhsil sisteminin inkişafında tətbiq etmələridir. Bunları nəzərə alaraq dövlət elm və təhsil müəssisələrində günümüzün problemlərinin həllinə yönəlik yeni müasir mövzuların işlənə bilməsi üçün maddi-texniki bazanın ildən-ilə gücləndirilməsi və yenilənməsi istiqamətində addımlar atır. Beləliklə, müasir avadanlıqlardan istifadə edərək tədqiqat işlərinin aparılması üçün şərait yaranır. Bildirmək istəyirəm ki, bu gün yüksək reytinqli jurnalların əksəriyyəti ancaq müəyyən cihazlarda öyrənilmiş nəticələri qəbul edir, eyni zamanda yerli və beynəlxalq layihələrə müraciət edən zaman hansı avadanlıqlardan istifadə olunacağına diqqət edilir.
   

Hər il Elmin İnkişafı Fondu və Dövlət Neft Şirkətinin Elm Fondunun elan etdiyi qrant müsabiqələri elmin inkişafı üçün dövlətin xüsusi dəstəyidir. Müsabiqələr tədqiqatçılara imkan verir ki, yeni layihələrlə müraciət etsinlər və qazanılan nəticələri təqdim edərək, davamı üçün maliyyə dəstəyi alsınlar. Dövlət idarələri ilə yanaşı, qeyri-dövlət müəssisələrinin ölkədə elm və təhsilin inkişafına yönəlik layihələri mövcuddur. Onların sırasında “British Petroleum Azerbaijan”, “Nobel Energy” və s. qeyd edilə bilər. 
  

Əminliklə deyə bilərəm ki, ölkəmizdə tədqiqatçı kadrların hazırlanması məsələsinə ildən-ilə daha çox diqqət ayrılır və dövlətin elmin inkişafına yönəlmiş düşünülmüş siyasəti, dəstəyi nəticəsində gənc perspektivli kadrların xaricə yönəlməsinə deyli, məhz ölkədə qalıb işləməsinə şərait yaranır.

  

“Bir ölkənin inkişafını təyin edən əsas faktor dünyəvi elmə töhfə verməsidir”

 

Şuay Abdullayev, Corcia Universitetinin Biotibbi və Farmasebtik Elmlər Departamenti və Kompleks Karbohidratlar Araşdırma Mərkəzinin postdoktoral tədqiqatçısı, kimya üzrə fəlsəfə doktoru:

 

- Azərbaycandan kənarda yaşamağıma baxmayaraq, gündəmi daim izləməyə və yeniliklərdən xəbərdar olmağa çalışıram. Ötən əsrin 80-ci illərinin sonlarında və 90-cı illərin əvvəllərində baş vermiş hadisələr, yaşadığımız çətinliklərdən sonra şanlı qələbəmizlə başa çatmış II Qarabağ müharibəsinə qədərki dövrdə ölkəmizin əsas gündəmini torpaqlarımızı işğaldan necə azad edə bilərik- mövzusu zəbt etmişdir. Növbəti, yəni tərəqqi mərhələsinə keçid üçün ölkəmizin süverenliyi, sülhün və əmin-amanlığın bərqərar olması təməl ehtiyacların ən başında gəlirdi.
  

Bir ölkənin inkişaf etmiş və ya etməkdə olmasını təyin edən əsas faktor həmin ölkənin iqtisadiyyatının güclü olması deyil, dünyəvi elmə töhfə verməsidir. Məsələn, Qətər adambaşına düşən ÜDM-ə görə dünyada 6-cı, elm və texnologiyaya aid məqalələrin dərcinin həcminə görə isə 68-ci yerdədir. Bu mənada həm Azərbaycan, həm də Qərb (Fransa, Kanada, ABŞ) universitetlərində təhsil almış və elmi araşdırma ilə məşğul olmuş biri olaraq aradakı fərqi çox aydın şəkildə görə bilirəm, lakin, pessimist deyiləm. Çünki bir problemin aydın şəkildə izah olunması onun həllinin yarısına bərabərdir. Çatışmazlıqlardan sadəcə, birinin adını qeyd edəcəyəm: kitab. Adi söz kimi görünə bilər, amma zənnimcə, bir ölkənin gücü və ya inkişafı onun kitabxanasında olan kitabların sayında, çeşidliliyində və yenilənməsində öz əksini tapır. Kağızın Çində ixtira olunmasına baxmayaraq, keçən əsrə qədər çinlilərin elmdə və təhsildə geri qalmasını orada çap olunan kitab sayına baxdıqda açıq-aydın görmək olur.
  

XIX əsrdən etibarən Yaponiyanın elmdə və texnologiyada sürətli inkişafını əks etdirən nüanslardan biri Qərbdə çap olunmuş kitabların kütləvi şəkildə tərcümə edilməsi olub. Keçən əsrə baxanda, dünyada əhali sayının artması ilə universitetlərin, tələbələrin, alimlərin, elmi araşdırmaların, kitabların və məqalələrin sayı da artıb. Söyləmək istədiyim odur ki, elmi sfera həddindən çox dinamik olub və əgər biz elmdə tərəqqini hədəfləmişiksə, bundan bir an  belə, kənarda qalmamalıyıq.
  

Düşüncəmə görə, Azərbaycanın elmdə və təhsildə tətbiq edə biləcəyi uğurlu tərəqqi modellərindən biri Səudiyyə Ərəbistanının təhsil modeli ola bilər. Son 10 ilin göstəricilərinə nəzər salsaq, görərik ki, 2012-ci ilə qədər dünya universitetlərinin reytinq sıralamasının (Şanxay Reytinq Sıralaması) ilk 800-lüyündə Səudiyyə Ərəbistanın 3 universiteti yer alırdısa, hazırda onların sayı 9-dur. Onu da qeyd edim ki, bu həmin Səudiyyə Ərəbistanıdır ki, yalnız keçən əsrin 60-cı illərində Qərbin təzyiqi ilə köləliyi ləğv edib.
 

 

Oruc MUSTAFAYEV