Sumqayıt Dövlət Universitetində (SDU) ötən illərin məzunları ilə görüş keçirilib.

 

Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin rektoru dosent Rüfət Əzizov, SDU-nun rəhbər heyəti və keçmiş məzunları iştirak ediblər.

 

Görüşü universitetin rektoru dosent Rüfət Əzizov açaraq qonaqları salamlayıb, görüşdə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib. Rektor deyib ki, SDU-da təhsil alan tələbələrin qazandıqları bilik və təcrübə sayəsində mütəxəssis kimi formalaşmalarında və karyeralarının inkişafında məzunların dəstəyinə ehtiyac yaranıb:”Bu gün bir çox sənaye müəssisələrinin öz kadr potensialını Sumqayıt Dövlət Universitetinin məzunları ilə yeniləməsi üçün tədrisin keyfiyyətinin artırılması, yeni məzmunun gətirilməsi prioritet məsələlərdəndir. Bu istiqamətdə universitetdə aparılan islahatlar və şəffaf təhsil mühitinin formalaşması tələbələrə geniş imkanlar yaradır”.

 

Sonra SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova məzunlara mərkəzin fəaliyyəti barədə məlumat verib. O, SDU-da “Məzun Assosiasiyası”nın yaradılmasından, bu istiqamətdə məzunların üzərinə düşən öhdəliklərdən bəhs edib.  SDU-da görülən işlərdən, yeni layihələrdən söz açaraq qeyd edib ki, elmi sahədə əldə olunan yeniliklər, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələr, dövlət və özəl müəssisələri ilə əməkdaşlıq bundan sonra daha geniş platformada davam etdiriləcək.

 

Görüşdə SDU ilə məzunlar arasında əlaqələrin gücləndirilməsi və sıx əməkdaşlığın qurulması sahəsində təkliflər irəli sürülüb.

 

Sonda SDU-nun məzunları çıxış edərək xoş xatirələrini bölüşüblər.