Sınaq mərhələsi üzrə qiymətləndirmənin 15 mart tarixində tamamlanması planlaşdırılır


Azərbaycanda ilk dəfə aparılan  IELS tədqiqatı Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

 

Təhsil İnstitutundan bildirilib ki, 8 fevral tarixində başlayan sınaq mərhələsinə bu günə qədər 40 müəssisə üzrə 511 uşaq cəlb edilib. Tədqiqatın sorğu mərhələsində isə 163 müəllim iştirak edib.

 

Qeyd olunub ki, tədqiqatın sınaq mərhələsində Bakı və Sumqayıt şəhərləri üzrə ümumilikdə 40 məktəb və məktəbəqədər təhsil müəssisəsindən 600-ə yaxın 5 yaşlı uşaqların iştirakı nəzərdə tutulub.

 

Məlumat üçün bildirək ki, IELS 5 yaşlı uşaqların ilkin savadlılıq, özünütənzimləmə, özünüidarə, sosial, emosional və ilkin riyazi bacarıqlarını ölçən oyun əsaslı qiymətləndirmədir. Bundan əlavə, tədqiqatda ev və erkən uşaqlıq təhsil mühitinin xüsusiyyətlərini araşdırmaq məqsədilə seçilmiş uşaqların müəllimləri, valideynləri onlayn və ya kağız əsaslı sorğuda iştiraka cəlb edilir.

 

Sınaq mərhələsi üzrə qiymətləndirmənin 15 mart tarixində tamamlanması planlaşdırılır. Müəssisələrdə qiymətləndirmə sessiyaları ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsi tərəfindən müsahibə əsasında seçilmiş məktəbəqədər təhsil sahəsində təcrübəli şəxslər tərəfindən həyata keçirilir.

 

IELS tədqiqatının əsas mərhələsi 2025-ci ildə olacaq.