Honkonqun Xüsusi İstedadlılarla İş üzrə Təhsil Şurasının yaradıcısı Rex Li “Yeni çağırışlar”da


“Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı Honkonqun Xüsusi İstedadlılarla İş üzrə Təhsil Şurasının yaradıcısı, məşhur psixoloq professor Rex Li olub. Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 7 mart 2024-cü il tarixində yayımlanan bölümündə Rex Li ilə təhsildə istedad mövzusunda danışılıb.

 

“T-Network”ün rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.

 

Gələcək təhsil

 

“Yeni çağırışlar” proqramını görkəmli amerikalı pedaqoq Con Duinin (John Dewey) “Təhsil bir güldanı su ilə doldurmaq deyil, bir çiçəyə öz tərzində böyüməsi üçün dəstək olmaqdır. Çünki təhsil insanı həyata hazırlamalı deyil, həyatın özü olmalıdır” fikri ilə açan aparıcı Cəfər Mənsimi qonağa “Çıxışlarınızda təhsilin əsas məqsədlərindən birinin özü ilə yaşamağı bacaran və özünü dərk edən şəxslərin yetişdirilməsi olduğunu vurğulamısınız. Bəs siz özünüzdə yaşamağın vacibliyini nə vaxtdan və necə mənimsəmisiniz? Özünüzlə yaşamaq prosesində necə bir insanla, yəni necə bir Rex Li ilə qarşılaşırsınız?” sualını ünvanlayıb. Öz həmkarı xanım Kristin Yu ilə birlikdə proqrama qoşulan professor Rex Li 35 il öncə doktorluq işini müdafiə etdiyini və bütün bu illər boyunca həmişə təhsilə can atdığını, təhsil sahəsində bir alim, pedaqoq olaraq formalaşmasını və digərlərindən öyrənmək, öyrəndiyi biliklərini paylaşmaq əzmində olduğunu diqqətə çatdırıb. “Qarşılaşdığım Rex həmişə təhsilə ac olan və paylaşmağa can atan insandır”, - deyib. 

 

Daha sonra Rex Li proqramda “Gələcək təhsil” mövzusunda geniş təqdimatla çıxış edib.

 

Bütün geosiyasi proseslərin, həmçinin də mədəniyyət sahəsində baş verən toqquşmaların, böhranların fonunda sürətli texnoloji inkişafın tətbiqini  vurğulayıb: “Mən bütün bunları 4 yerə bölərdim. Bunlar Sürətli texnoloji inkişaf və onun tətbiqi, Süni zəka, Genetik mühəndislik, Robototexnika və Kvant (Quantum) kompüterləşməsi ilə ifadə olunur ki, bu da artıq təcrübədə konkret fəaliyyətlərlə nümayiş edilir. Əgər süni zəka deyiriksə bu, Chat-Bot və Biq Datadır. Genetik mühəndislik özünü tibbdə, səhiyyədə və kənd təsərrüfatında göstərir. Robototexnika dedikdə 4.0 Sənaye inqilabı, Kvant (Quantum) kompüterləşməsində isə kriptoqrafiya yer alır. Mən təhsili BMT perspektivi, gücü ilə də göstərmək istərdim. Biz “Hamı üçün təhsil” konsepsiyasından başlayaraq minilliyin inkişaf məqsədlərinə, ardınca da Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) keçirik. Burada əsas məqsəd təhsilin hamı üçün əlçatan olmasıdır. Təhsillə bağlı 2030-cu ilədək tədbirlər proqramının çərçivə sənədi vardır və burada vahid qlobal təhsil dəyərləri ilə hərəkət etmiş oluruq. Qlobal təhsil dəyərləri aşağıdakılardır: 1. Dayanıqlı inkişaf və həyat tərzi; 2. İnsan hüquqları; 3. Gender bərabərliyi; 4. Sülh - zorakılığın, şiddətin olmaması; 5. Qlobal vətəndaşlıq; 6. Mədəni müxtəliflik”.

 

Təhsildə istedad

 

XXI əsrdə sülhə böyük ehtiyac duyulduğunu vurğulayan Rex Li sülh naminə təhsili, eyni zamanda şagirdlərdə müxtəlif istedad və bacarıqların mövcudluğundan irəli gələrək çoxtərəfli, çoxnövlü zəkanı təhsildə təbliğ etdiyi əsas ideya olaraq diqqətə çatdırıb. 

 

Qonaq bildirib ki, istedad təbiətən olmur və sonradan aşılanır, inkişaf etdirilir, formalaşdırılır. Təhsil işçilərinin vəzifəsi pedaqoq olaraq düzgün müşahidə aparıb istedadları həvəsləndirmək və istiqamətləndirməkdir. Məktəbdə fiziki və psixoloji mühitin çox önəmli olduğuna diqqət çəkən professor deyib: “Müəllimlər açıq şüurlu, həvəsləndirici olmalıdırlar, daim şagirdləri, tələbələri araşdırmalarında dəstəkləməlidirlər. Uşaqlarda istedadların formalaşmasına gəldikdə kiçik siniflərdə tədrisin təmin olunması daha məqsədəuyğun olar. Əks təqdirdə fərdi yanaşma planında əks olunan fəaliyyətləri icra etmək mümkün olmayacaq. Eyni zamanda süni zəkadan istifadə etmək də məqsədəuyğun olardı. Süni zəka hər bir uşağın göstərdiyi nəticələri, onun fəaliyyətini, davamiyyətini izləmək imkanı verəcək”.

 

4 sütun

 

Professor Rex Li özündə bir sıra məsələləri ehtiva edən təhsilin 4 sütunu olaraq 1.Bilmək üçün öyrənmə, 2.Etmək üçün öyrənmə, 3.Yaşamaq üçün öyrənmə, 4.Var olmaq üçün öyrənmə anlayışlarını səsləndirib. Bildirib ki, Bilmək üçün öyrənmədən danışdıqda dünyanı tanımaq, dərk etmək, xüsusilə digər insanların fikirlərini anlayışla qarşılamaq, digər fikirlərə hörmət, onları başa düşmək nəzərdə tutulur. Etmək üçün öyrənmədə isə başlıca prinsip digər mədəniyyətlərə, ənənələrə, həyat tərzlərinə, ölkələrə hörmət etmək, ehtiram göstərməkdir. Yaşamaq üçün öyrənmədə əsas prinsip dinclik və digər insanlarla sülh şəraitində birlikdə yaşayıb yaratmaqdır. Nəhayət, Var olmaq üçün öyrənmə şəxsi inkişaf, eyni zamanda paylaşılan, hamının sahib çıxdığı bir humanizmdir. İnsan fərd olaraq inkişaf etməyə can atır. Mütləq olaraq hamını birləşdirən bir humanizm olmalıdır -Var olmaq üçün öyrənmənin əsas təməl prinsipi budur.

 

Məktəb yaradıcısı

 

Honkonqda bir sıra mükəmməl məktəblərin əsasını qoymuş Rex Li vurğulayıb: “Məktəb cəmiyyətdə bir vasitəçi olduğuna görə burada şagirdlərə məsuliyyət hissi təməldən aşılanmalıdır. Yəni uşaqlarda müəyyən bir sahiblənmə hissi olmalıdır. Misal olaraq, uşaqlara kitabxananın səliqəliliyini, təmizliyini tapşırmaq, yeməkxananın qayğısına qalmaq, nahar məsələsi, ictimai bina, sinif otaqları kimi tapşırıqları vermək ki, onlarda sahiblənmə hissi formalaşsın. Tədricən bu hissi şagirdlərlə icmalara da sirayət etdirmək olar ki, icmalarda da şagirdlərə müəyyən işlər tapşırılsın, onlar tədricən bu dəyərlərə və məsuliyyətə sahib çıxsınlar. Bu şəkildə uşaqlara məsuliyyətli olmağı aşılamaq olar”.

 

Yaratdığı məktəbin Davamlı İnkişafa sadiq güclü idarəetməyə malik olduğunu qeyd edən qonaq bunun üçün əməkdaşlığın vacib rol oynamasını diqqətə çatdırıb. Professor bildirib ki, tədris prinsiplərindən biri məmnuniyyət və mükəmməllikdir: “Məmnuniyyət hissi nailiyyətlərlə gəlir. Şagirdlərin müxtəlif layihələri həyata keçirdiyi zaman əldə etdikləri nailiyyətlər həmin o məmnuniyyət hissini formalaşdırmış olur. Bizim məktəbdə həm şagirdlər, həm də müəllim heyəti mükəmməlliyə can atırlar. Şagirdlər daim təkmilləşməkdə olduqları üçün onların maraq dairəsi, sualları çox genişdir. Müəllimlər bu baxımdam şagirdlərlə ayaqlaşmalı, inkişaf etməli, təkmilləşməlidirlər. Bizdə bu proses həm məktəb çərçivəsində, həm də ki, beynəlxalq səviyyədə baş verir”.

 

Akademik təhsil proqramlarının daha çox imtahan nəticəsinə uyğun olduğunu söyləyən qonaq bundan uzaqlaşmağa, çoxnövlü intellekti formalaşdırmağa, məkan, liderlik bacarıqlarının, musiqi istedadlarının aşılanmasına, uşaqların daha xoşbəxt olmasına, mükəmməlliyə can atmasına dəstək göstərməyə çağırıb. Bu məqsədlə məktəbinin cümə günü idmanları ilə seçildiyini diqqətə çatdıran professor belə bir planlaşdırmanın öyrənmə prosesinə yüksək təkan verdiyini deyib.

 

Süni zəkanın yaratdıqları

 

Məşhur psixoloq Rex Linin fikrincə, süni zəka və yüksək texnologiyalar təhsildə keyfiyyət baxımından dəyişiklik yaratmağa imkan verəcək, süni zəka və Chat-Botlar səmərəli öyrənmədə, tədqiqatda şagirdlərə fərdi yanaşmanı təmin edəcək, müştərək iş və daha təkmilləşdirilmiş öyrənmə prosesi formalaşdıracaqdır.

 

Honkonqun PISA-dakı uğur təcrübəsinin hansı məsələlərə diqqəti artırmağı tələb etməsi ilə bağlı sualı cavablandıran Rex Li riyaziyyat və müxtəlif elm sahələrində göstəricilərin son illər ərzində kifayət qədər yüksək olmasına baxmayaraq  Honkonq şəhərinin mərkəzləri və ətrafları, elit təbəqəsi ilə digər təbəqələr arasında təhsilə çıxışda fərqin olduğunu, göstəricilərin dəyişdiyini diqqətə çatdırıb.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, daha təhsilli gələcək üçün onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında professor Rex Li aşağıdakı çağırışları səsləndirib: “1.Təhsilin məqsədləri. 2.Sülh naminə təhsil. 3.Ortaq humanizm dəyərləri. 4.Ədalətlilik. 5.Çoxnövlü intellekt. 6.İstedadlar təhsili. 7.Yüksək texnologiyalar. 8.Ətraf mühit və yaxud ekoloji təhsil”.

 

Görüşün sonunda Honkonqun Xüsusi İstedadlılarla İş üzrə Təhsil Şurasının yaradıcısı Rex Li deyib: “Əgər Con Dui XX əsrdə təhsili həyat hesab edirdisə, mən XXI əsrdə təhsili digərləri ilə bir yerdə yaşam hesab edirəm. Yəni müasir təhsil digər mədəniyyətlərə, rəylərə, fikirlərə hörmət, ehtiramla yaşam deməkdir”.

 

Lamiyə ƏLİMƏRDANOVA