Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin IV kurs tələbələri 20 qurumda istehsalat təcrübəsi keçirlər.  

 

Biofizika İnstitutunda keçirilən istehsalat təcrübəsində “Biologiya” ixtisası üzrə təhsil alan tələbələr rekombinant bakteriya kulturalarının əkilməsi, bakteriya klonlarının əldə olunması, membranlarının dağıdılması və bakteriyaların plasmidlərinin izolyasiyası metodlarını tədqiq edirlər. Onlara kmyəvi lüminessensiya metodu vasitəsilə müxtəlif qatılıqlarda olan ZnCl2 məhlullarında inkubasiya edilmiş eritrositlərdə baş verən biokimyəvi dəyişikliklərin analizinin aparılması metodları izah edilir. Təcrübə müddətində tələbələrə institutda bioinformatika sahəsində geniş istifadə olunan təməl kompüter proqramları da öyrədilir.

 

“Biologiya” ixtisasi üzrə təhsil alan bir qrup tələbə Fetal Mərkəz NS Genetik Klinikasında toxuma nümunələrindən DNT izolyasiyası, vaxtından əvvəl doğulmuşların və 13 həftəlik dölün abortiv materialından analizlər aparılmasında iştirak edib, Genetik Ehtiyatlar İnstitutunun laboratoriyalarda aparılan tədqiqat işlərinə cəlb olunublar.

 

“Biotexnologiya” ixtisasi üzrə təhsil alan tələbələr isə istehsalat təcrübələrini “Azərmaya” ASC-də keçirlər. Təcrübə zamanı mayanın satış hissəsinin pH-ı, duzluluğu və qalxma reaksiyası ilə bağlı yoxlanış keçirilib. Bu ixtisas üzrə təhsil alan bir qrup tələbə isə “AZZA” QSC, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsindədir.