Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla Türkiyənin Mərmərə Universitetinin professoru seçilib. Bu barədə qərar Mərmərə Universitetinin Senatı (Elmi Şurası) tərəfindən verilib.

 

Eyni zamanda K.Abdullanın təşəbbüsü ilə bu universitetdə Dədə Qorqud Mərkəzinin açılması planlaşdırılır. Mərkəzin açılışı ilə bağlı ilkin işlərə başlanılıb. Yaxın vaxtlarda mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulub.

 

K.Abdulla bildirib ki, Mərmərə Universitetinin Dədə Qorqud Mərkəzində vaxtaşırı olaraq müxtəlif beynəlxalq konfranslar keçiriləcək:

 

“Mərkəzin açılmasında əsas məqsəd odur ki, “Kitabi-Dədə Qorqud”la maraqlanan dünya alimləri bu ideyanın, Dədə Qorqud işığının ətrafında birləşsinlər. Vaxtaşırı beynəlxalq konfranslar, dəyirmi masalar, simpoziumlar təşkil olunacaq. Mövzu haqqında yazan görkəmli alimlərin dəvət olunmasını Mərmərə Universiteti öz üzərinə götürüb. Ümid edirəm ki, yeni yaradılmış bu elmi qurum dünyada “Kitabi-Dədə Qorqud” eposu ilə bağlı aparılan tədqiqatların mərkəzinə çevriləcək. Bu mənada bizim əsas işimiz dastanla bağlı tədqiqat aparan Avropa və Amerika alimlərində türk tarixinə, mədəniyyətinə və ədəbiyyatına olan marağı sevgiyə çevirməkdir”.