ADA Universitetinin tərəfdaşlığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kosmos klubu yaradılıb. Tələbə klubu Təhsil Könüllüləri Tələbə Birliyinin nəzdində, ADA Kosmos klubu və Qalaktika Cəmiyyəti ilə birgə fəaliyyət göstərəcək.

 

ADPU-dan bildirilib ki, Azərbaycanın 10 universiteti, “Azərkosmos” və Şamaxı Astrofizika Rəsədxanası ilə yenicə əməkdaşlıq edən qlobal Qalaktika Cəmiyyəti artıq azərbaycanlı tələbələr, şagirdlər və elm həvəskarları üçün çağırışlar edir. Cəmiyyət ADA Universitetində təcrübə proqramı, “Qalaksi" görüşündə (ABŞ 2026) iştirak şansı, karyera inkişafı, elmi məqalə dərci, beynəlxalq sertifikatlar, konfranslar, yarışlar, olimpiadalarda iştirak və s. kimi 35 xidmət növünü özündə birləşdirir.

 

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Pedaqoji Universitet arasında əməkdaşlıq çərçivəsində ali məktəbin, əsasən “Riyaziyyat müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi” ixtisaslarında təhsil alan, eyni zamanda İKT sahəsinə həvəsi və bacarığı olan  tələbələrin İT üzrə peşəkar inkişafına dəstək olmaq, şəbəkələşmə prosesinə təkan vermək məqsədilə ADPU-da  Kiber klub da  yaradılıb.

 

Qeyd edək ki, klub, həm də digər ali təhsil müəssisələri ilə təcrübə mübadiləsi vasitəsilə gənclər arasında körpü rolunu oynayacaq.

 

Yeni fəaliyyətə başlayan digər klub isə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Mədəniyyət Nazirliyinin birgə layihəsi əsasında ADPU TGT nəzdində yaradılan “CreART” könüllü mədəniyyət klubudur. Klub mütəmadi olaraq tələbələr üçün film nümayişləri və ekskursiya tipli layihələr həyata keçirməklə onlarda estetik təfəkkürün formalaşmasına töhfə verməyi hədəfləyir.