Tədrisi səmərəli qurmaq üçün nələr etməliyik?


Müasir dövrdə insanların yiyələnməli olduğu bir çox bacarıqlar vardır. Bu bacarıqlardan biri XXI əsrdə xarici dildə ünsiyyət kompetensiyasıdır. Bu səbəbdən də tədris fənni kimi xarici dilin statusu daha da artır və milli kurikulumda ümumi təhsil məktəbləri üçün müəyyənləşdirilmiş fənlər arasında özünəməxsus yer tutur.

 

XXI əsrin ünsiyyət bacarığı insanlara iş və karyera imkanlarının genişlənməsinə təkan verir. Xarici dilə yiyələnməklə şagirdlərdə başqa xalqların dil və mədəniyyətinə, milli-mənəvi dəyərlərinə hörmət hissi, tolerantlıq formalaşdırılır.

 

Bəs məktəblərdə xarici dilin səmərəli tədrisini qurmaq üçün nələr etməliyik?

 

Bildiyimiz kimi xarici dil ibtidai siniflərdən tədris olunmağa başlayır. Bunun üçün biz müəllimlər öncə xarici dilin tədrisinin səmərəli olmasını təşkil etməliyik.

 

Buna müəllimlər və kiçikyaşlı şagirdlər arasında qarşılıqlı ünsiyyət, əyləncəli təlim mühiti fənlərin bir-birinə inteqrasiyası, uşaqlar arasında yarışlar, rollu oyunlar təşkil etməklə nail ola bilərik. İbtidai sinif fənn kurikulumlarında məzmun xətləri üzrə fransız dilinin daha çox danışıqda, dinləyib - anlamada qazanılması məqsəd kimi qarşıya qoyulur. Xarici dilin fənlərə inteqrasiya edilərək tədris olunması yeni fənn kurikulumlarının tətbiqində əsas yer tutur. İnteqrativ dərslər şagirdlərdə marağı daha da artırır. Mahnı və fiziki hərəkətlərlə öyrədilən yeni sözlər şagirdlər tərəfindən xüsusi maraqla qarşılanır. Xarici dil tədrisi üçün hər bir müəllim müxtəlif metodlardan, müxtəlif vebsaytlardan, dinləmə qurğusundan, əyani vəsaitlərdən istifadə edərək dərsini qurmalıdır.

 

Oyun şəklində təşkil olunan dərslər şagirdlərin idrakı və nitq inkişafına əhəmiyyətli şəkildə təsir edir. Dərslərin oyunlarla tədrisi uşaqlarda yaradıcılıq qabiliyyətinin inkişafına təsir edir. Oyun vasitəsilə təşkil olunan dərslər uşaqlarda özünəinam hissinin güclənməsində əhəmiyyətli rol oynayır.

 

“Sehirli çarx” adlı əyani vəsaitlə şagirdlər arasında öyrənilmiş sözlərin yarışları təşkil olunur. “Meyvə adları”, “Məktəb ləvazimatları”, “Ev əşyaları”, “Ev heyvanları” və “ Vəhşi heyvanlar” və. s kimi adları bildirən sözlərdən ibarət oyunlar təşkil edilir. Bu şagirdlərin lüğət ehtiyatının zənginləşməsinə, təkmilləşməsinə təkan verir.

 

Dinləyib - anlama nitq fəaliyyətinin digər növləri ilə sıx bağlı olub danışmaq üçün zəmin yaradır. Ümumiyyətlə, dinləyib - anlama xarici dilin öyrənilməsində mühüm yer tutur. Nitqin formalaşmasında eşitdiyi nitqi diqqətlə dinləmək, məzmununu müəyyənləşdirmək və əldə etdiyi yeni informasiyanı yadda saxlamaq bacarıqlarının formalaşdırılmasını təmin edir.

 

Verilmiş şəkil üzrə şagirdlərdə müşahidə etmə bacarığı, söz ehtiyatı, cümlə qurmaq bacarığı formalaşır. Şagirdlər gördükləri şəkli müşahidə edib, öz lüğət ehtiyatlarından istifadə edərək fikirlərini bildirirlər. Bununla şagirdlərdə danışma bacarığının formalaşmasına köməklik etmiş və  bəzən verilən şəkil üzrə sualları cavablandıraraq kiçik dialoq yaratmış oluruq.

 

Bəli, biz xarici dil müəllimləri dərslərimizi bizə verilən təlimin məzmunu üzrə təşkil edəriksə inanıram ki, müasir dövrdə xarici dildə insanın yiyələnməli olduğu ünsiyyət kompentesiyasına imza atacaq, şagirdlərimizin də bu kompetensiyanı qazanmasına yardımçı olacağıq.

 

Elnarə ABBASOVA,

Biləsuvar şəhər Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbin İbtidai siniflər üzrə direktor müavini