Bakı Ali Neft Məktəbinin (BANM) 40 tələbə və məzunu SOCAR-ın “Gənc İstedadlar Proqramı” və “Çalışan Tələbə Proqramı”na seçilib.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, ali məktəbdə proqram iştirakçıları ilə görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov iştirakçılara uğurlar arzulayıb, onları SOCAR rəhbərliyinin yaratdığı bu imkandan faydalanmağa, müəssisələrdə Bakı Ali Neft Məktəbini uğurla təmsil etməyə çağırıb.

 

Görüşdə çıxış edən SOCAR-ın İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini Sadiq Sadıqov bildirib ki, BANM tələbə və məzunlarının proqramda iştirak etməsi və karyeralarına SOCAR-da başlaması sevindirici haldır.

 

SOCAR-ın İnsan resursları şöbəsinin müdir müavini Həmid İsrafilov və insan resursları üzrə aparıcı mütəxəssis Aygün Qəniyeva isə iştirakçıların proqramın üstünlüklərindən yararlanacaqlarına əminliklərini bildiriblər.