Aprelin 16-da qadın sahibkarlar Təhsilin İnkişafı Fondunun qonağı olublar.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Loqos Psixoloji Nitq və İnkişaf Mərkəzinin direktoru Təranə Paşayeva, Bambi Uşaq Bağçasının rəhbəri Pərvanə Mustafayeva, Zəfər kursları üzrə filial rəhbəri Sevinc Purkeştasib, Kreativ İnkişaf Mərkəzinin rəhbəri Natəvan Quliyeva, World karyera, Təhsil və Peşə İnkişaf Mərkəzinin rəhbəri Aygün Məmmədli, “Maestro School”un rəhbəri Leyla Səfərli, “Asterias” tədris və inkişaf mərkəzinin rəhbəri Nərgiz Çalbay, Best Baku Academy, Best Kids Club-un rəhbəri Şəfa Əmirova, “Safavy” onlayn təhsil platformasının təsisçisi Könül Quliyeva, “ADA İnter”in direktoru İradə Ağamirova iştirak ediblər.
 
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq Fondun yaranma tarixi, prioritet sahələri, 2024-cü il üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.
 
Daha sonra Fondun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova hazırda icra olunan, eyni zamanda yaxın gələcəkdə həyata keçiriləcək layihələr haqqında geniş təqdimatla çıxış edib.
 
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva görüşün əsas məqsədinin AQSİA-nın təhsil sektorunda olan sahibkar xanımlarla Təhsilin İnkişaf Fondu ilə tanışlığı, eləcə də təhsil sahəsində birgə layihələrin müzakirəsi üçün bir araya gəlməsi olduğunu bildirib.
 
Masaətrafı müzakirələr zamanı maraqlı fikirlər irəli sürülüb, gələcək əməkdaşlıqla bağlı təkliflər danışılıb. Təhsil sektorunda olan sahibkar xanımların öz layihələrini bərabərləşdirərək Təhsilin İnkişafı Fonduna təqdim edəcəkləri razılaşdırılıb.
 
Yığıncağın sonunda Elnur Nəsibov Fondun özəl sektorla, sahibkarlarla əməkdaşlığa hər zaman açıq olduğu, birgə əhəmiyyətli layihələr görülə biləcəyini və bu görüşlərin ənənəvi olma istəyini bildirib.