May ayının 1-dən etibarən Sağlamlıq haqqında arayış və Sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Elektron tibbi arayışı” xidmətinin təqdimat mərasimində deyib.
 
Onun sözlərinə görə, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, Bakı şəhərindəki 14 tibb müəssisəsində və 56 rayon mərkəzi xəstəxanasında elektron arayışları almaq üçün zəruri infrastruktur yaradılıb, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlərə cəlb olunub, prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb və vətəndaşların xidmətinə təqdim olunub.
 
"Qeyd edim ki, İcbari tibbi sığorta sosial yönümlü layihə olduğundan 18 yaşa qədər uşaqların, hərbi xidmətə çağırılanların, xüsusi müəssisələrdə (məntəqə tipli cəzaçəkmə müəssisələrində) yaşayan şəxslərin sağlamlığı haqqında arayışlar, habelə övladlığa götürmə və himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan arayışlar icbari tibbi sığorta təminatına daxil edilməklə vətəndaşlara ödənişsiz əsaslarla təqdim edilir. Habelə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi hissə və orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin birinci dərəcəli ailə üzvləri üçün bütün tibbi arayışlar ödənişsiz əsaslarla təmin edilir. Sağlamlıq haqqında arayışların verilməsi üçün bir çox ixtisaslı həkim müayinələrindən, laborator-instrumental müayinə və analizlərdən keçmək vacibdir. Bu baxımdan da arayışlar üçün tariflər müəyyən olunarkən tibbi xidmətlərin maya dəyəri, ixtisaslı həkim baxışı, instrumental-laborator müayinələrin həcmi nəzərə alınıb. 
 
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq, sağlamlıq haqqında arayışın rüsumu şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması tədbirləri çərçivəsində ödəniş terminalları vasitəsilə həyata keçirilir.
 
Qeyd edim ki, hər bir tibb müəssisəsində ödəniş terminalları quraşdırılıb, ödənişlər terminallar vasitəsilə rahat formada həyata keçirilir.
 
"Vətəndaşlarımızın xidmət almasını daha da əlçatan etmək üçün ən çox tələbat olan arayış növlərini elektronlaşdırdıq" - deyə Vüqar Bayramov qeyd edib.
 
TƏBİB-in icraçı direktoru onu da bildirib ki, Elm və Təhsil Nazirliyi ilə inteqrasiya olunmuş qaydada elektron arayışların verilməsinə başlanılacaq. Layihənin təqdimatında qeyd olunub ki, ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlərə sağlamlıq arayışları elektron formada veriləcək.
 
Oruc MUSTAFAYEV