Son dövrlərdə dünyanın qabaqcıl təhsil sistemləri keçmişdə dərin kök salmış təhsil idarəçiliyi modelindən gələcəyə yönəlmiş strateji idarəetmə modelinə doğru uzun bir transformasiya prosesindən keçib. Tarix boyu aparılan tədqiqatlar sübut edib ki, istər məktəb, istər kollec və ya universitet olsun, hər bir təhsil müəssisəsinin, istərsə də müəllim heyətinin idarəetmənin planlaşdırılmasında ehtiyac və maraqlarının nəzərə alınmaması təlim-tədris prosesinin inkişafına mənfi təsir göstərib.

 

Bu uğursuzluqlar əsnasında, innovasiyaya yanaşma tərzində yeni bir baxış bucağı formalaşmağa başlayıb. Təhsil müəssisəsi ilə cəmiyyət arasında dialoqun indi hər bir müəssisə daxilində innovasiyalar üçün yerli kontekst nəzərə alınmaqla və cəmiyyətin iştirakı, əməkdaşlığı ilə demokratik şəkildə aparılmalı olduğu qəbul edilməyə başlanılıb. Başqa sözlə, artıq müasir dünyada əsas diqqət təhsil müəssisəsinin lokal xüsusiyyətlərinə və ehtiyaclarına yönəldilir.

 

Bu baxımdan, həm Azərbaycanda, həm də beynəlxalq miqyasda təhsildə davamlı təkmilləşdirməyə nail olmaq üçün məktəblərdə strateji idarəetmə və səmərəli təhsil liderliyi mühüm rola malikdir. Məktəblərdə tədrisin keyfiyyəti, xüsusilə də müəllim motivasiyası birbaşa bu amillərdən asılıdır. Müəllim motivasiyası tədrisin keyfiyyətində ən əhəmiyyətli amillərdən biridir. Belə ki, müəllimlər tədris prosesinin effektivliyini artırmaq və şagirdləri daha yaxşı hazırlamaq üçün motivasiyaya ehtiyac duyurlar.

 

Bakı şəhərinin 74 ümumi təhsil müəssisəsinin 5-11-ci siniflərində tədris aparan, ümumilikdə 376 müəllimin iştirak etdiyi tədqiqatın nəticələri ilə tanış olaq.

 

Respondentlərə görə, onlar üçün ən çox motivasiya mənbəyi şagirdlərin sevgisi və onların nailiyyətləri olub. Bundan başqa, çalışdığı məktəbin səmərəli strateji idarəetməsini qiymətləndirənlər üçün motivasiya tədris prosesinə daxil olmaqda böyük rol oynayır. Bu, pedaqoji heyətin günlük işinə motivasiya ilə yanaşmasını təsdiqləyir. Belə ki, çalışdığı məktəbin idarəetmə sistemini yüksək qiymətləndirən müəllimlərin əksər hissəsi hər gün işə motivasiya ilə daxil olduğunu qeyd edib.

 

Bu tədqiqatın nəticəsində müəllimlərin tədris motivasiyası və effektiv strateji idarəetmə ilə bağlı dəyərli məlumatlar əldə olunub. Sorğuda iştirak edən respondentlərin cinsiyyət və təhsil səviyyəsi kimi demoqrafik məlumatları, tədris etdikləri fənlər və motivasiya səbəbləri kimi mühüm faktorlar məqalənin nəticə hissəsini formalaşdırmağa kömək edir. Respondentlərə görə, onlar üçün ən çox motivasiya mənbəyi şagirdlərin sevgisi və onların nailiyyətləri olub.  

 

Bundan başqa, çalışdığı məktəbin səmərəli strateji idarəetməsini qiymətləndirənlər üçün motivasiya, tədris prosesinə daxil olmaqda böyük rol oynayır. Bu, pedaqoji heyətin günlük işinə motivasiya ilə yanaşmasını təsdiqləyir. Belə ki, çalışdığı məktəbin idarəetmə sistemini yüksək qiymətləndirən müəllimlərin əksər hissəsi hər gün işə motivasiya ilə daxil olduğunu qeyd edib.

 

Bu onu deməyə əsas verir ki, məktəbin idarə olunmasında, xüsusilə qərarların qəbul edilməsində müəllimlərin rolunun artırılması müəllimlərin tədris motivasiyasının artmasına təsir göstərir. Bunun üçün məktəblərdə aşağıdakıları həyata keçirmək vacibdir:

 

1. Pedaqoji Şuraların işinin təkmilləşdirilməsi;

2. Müəllimlər arasında məktəbin işinin təşkili ilə bağlı mütəmadi anonim sorğuların hazırlanması;

3. Müəllimlərin irad və təkliflərinin toplanılması üçün məktəbdaxili mexanizmin formalaşdırılması;

4. Müəllimlərin məktəbin işinin təşkilinə cəlb olunması üçün həvəsləndirilməsi;

5. Müxtəlif fənn müəllimləri ilə həftəlik, aylıq, rüblük və illik görüşlərin təşkil olunması;

6. Məktəbdaxili kommunikasiyanın təkmilləşdirilməsi;

7. Məktəbdə mövcud olan müxtəlif metodbirləşmələrin işinin təkmilləşdirilməsi;

8. Müəllimlərin davamlı peşəkar inkişafının təmin olunması üçün işlərin həyata keçirilməsi;

9. Müəllimlərarası əməkdaşlığın artırılması üçün onların birgə müxtəlif layihələrə cəlb olunması;

10. Müəllimlərin maraqlarının müdafiəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi;

11. Müxtəlif istiqamətli müəllim assosiasiyalarının təkmilləşdirilməsi və sayının artırılması.

 

Tədqiqatın tam versiyası:  https://shorturl.at/crGN9

 

Vaqif FƏTULLAYEV