“Yaşıl dünya naminə həmrəylik ili” və “Yaşıl UNEC” çərçivəsində UNEC Kitabxana İnformasiya Mərkəzinin 24/7 Kitabxanası “Yaşıl kitabxana” - layihəsinə start verib.

 

“Azərbaycan müəllimi” universitetə istinadən xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili”ndə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasına, eləcə də vətənimizə olan böyük marağın, inamın yüksək göstəricisinə bir işarədir. Hər kəsin bu istiqamətdə görüləcək işlərə dəstək verməsi olduqca vacibdir.

 

“Yaşıl kitabxana” layihəsinin ərsəyə gəlməsi də məhz bu məqsədi daşıyır. 24/7 kitabxanasının komandası mütəmadi olaraq dünyanın ən aparıcı, müasir, ekoloji təmiz və dayanıqlı kitabxanaları haqqında araşdırmalar apararaq, həm universitet əməkdaşlarına, həm də bu sahələrə maraq göstərən mütəxəssislərə, eləcə də ictimaiyyətə geniş məlumatlandırma təqdim edəcək.

 

Layihənin ilk buraxılışında Varşava Universitet Kitabxanası “BUW” araşdırılıb. Sonuncu araşdırma isə Türkiyənin məşhur “Rami” Kitabxana Kompleksi barədə olub. Bütün buraxılışlarda “yaşıl kitabxana” konsepsiyasının kitabxana-informasiya məkanında yeni bir istiqamət olduğu, “yaşıl kitabxana hərəkatları”, ümumiyyətlə, “yaşıl kitabxana” anlayışına düzgün yanaşma təhlil edilib.

 

Araşdırmalarda “Yaşıl kitabxana” statusu daşıyan dünyanın müxtəlif növ kitabxanalarının, xüsusilə də, akademik kitabxanaların əsas missiyası, infrastrukturu, arxitekturası və funksiyalarının müasir elmmetrik səviyyədə yer alması, brendləşdirilməsi və sertifikasiyası məsələləri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən onlara göstərilən dəstək diqqətə çatdırılır.