“Eyni zamanda bu diaqnostikanın nəticəsində gördüyümüz odur ki, həm elmi müəssisələrin fəaliyyəti, həm də ali təhsil sahəsində çox ciddi bir pərakəndəlik mövcuddur”.
 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.
 
 
O bildirib ki, bu gün ölkəmizdə 100-dən artıq elmi müəssisə olsa da, onların arasında qarşılıqlı fəaliyyət çox aşağı səviyyədədir.
 
 
“Bu səbəbdən biz 3 istiqamətdə problem yaşayırıq. Birincisi, elmlə ali təhsil bir yerdə olmayanda inkişaf olmur, çünki tələbə də, doktorant da məhz elmi müəssisədə yetişməlidir. İkincisi, biz elm və təhsili çox dar profil üzrə böləndə inkişafdan geri qalırıq. Yəni inşaat mühəndislərimiz müəllimlərimizdən kənar, müəllimlərimiz mühəndislərimizdən ayrı, yaxud tibb sahəsində olan tədqiqat qurumlarının İT sahəsində olan adamlardan fərqli, əlaqəsiz və ya az əlaqəli fəaliyyəti bizə istər beynəlxalq reytinqlər, istərsə də inkişaf baxımından ciddi bir maneədir. Çünki dar çərçivənin bəlli bir böyümə miqyası var və bu zaman həmin miqyasdan artıq böyümək çətin olur. Lakin multidisiplinar, yəni müxtəlif sahələrin inteqrasiyalı şəkildə böyümə imkanı sonsuzdur”.