V.Sadovniçi: “Biz təhsil islahatlarında çoxsaylı səhvlər buraxdıq”


Rusiyanın ən nüfuzlu ali məktəbi olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi Voronejdə  ali məktəb nümayəndələri ilə görüşündə ölkənin təhsil sistemi, Boloniya prosesi barədə fikirlərini  səsləndirib.   “Biz təhsil  islahatlarında çoxsaylı səhvlər buraxdıq.  Sovet İttifaqının  təhsil sistemi unikal idi, o, özünü doğrultmuşdu.  Daha sonra isə biz təhsilimizin fundamentallığını itirdik, onu “səriştələr” əvəz etdi.  Biz hər zaman ona görə güclü idik ki, tələbələrə əzbərçiliyi və hansısa səriştələri yox,  düşünməyi, fikirləşməyi, sübut etməyi, şübhələnməyi,  problemi aradan qaldırmağı öyrədirdik.    Məhz o zaman tələbə alim və ya mütəxəssis olurdu.  Bu  bizə  kosmosda və digər sahələrdə kömək etmişdi. Daha sonra isə biz digər sistemləri “kopyalamağa”  başladıq, sadəcə ona görə ki, onlar dünyada var”.

 

V.Sadovniçi Boloniya prosesində yaxından iştirak etdiyini də xatırladıb. “Boloniya prosesinin  tərəfdarı olmadığımı gizlətmirəm. Həyat  elə  gətirdi ki,  mən əvvəldən Lissabonda Avropa rektorlarının konfransında prosesin müzakirəsində iştirak etdim. Bütün rektorlar deyirdilər ki, heç bir halda Boloniya prosesini  qəbul etmək olmaz.  Çünki hər bir universitet özünəməxsusdur, onların unifikasiyası mümkün deyil.  Daha sonra Boloniyada maliyyə və xarici işlər nazirləri toplaşdılar və bəyan etdilər ki, ölkələri miqrant  axını ilə üzləşib.  Miqrantlar isə özləri ilə elə diplomlar gətirirlər ki,  heç bir mənası yoxdur. Boloniya prosesi əmək miqrasiyası üçün lazım idi.  Bu sistemin tətbiqi  daha çox siyasi mülahizələrə əsaslanırdı. Lakin bu, Avropa  cəmiyyəti idi.  Biz onu  niyə köçürməli idik?”.

 

Ümumi təhsildə mövcud olan meyillərdən danışarkən akademik V.Sadovniçi qeyd edib ki, “bugünkü təhsilin çağırışları müəllimin durumu,  məktəblinin  trayektoriyası və orta peşə təhsilinin vəziyyətidir”.

 

Oruc MUSTAFAYEV