Və yaxud Təhsil İnstitutundan gözləntilər


İnsan kapitalının formalaşdırılmasında təhsilin müstəsna rolu bu sahədə müşahidə olunan problemlərə diqqəti birə-beş artırır. Bəs, həmin problemlərə təhsil sisteminin özündə münasibət necədir? Mövcud vəziyyəti dəyişmək üçün hansı addımlar atıla bilər və bunu kim etməlidir?

Məlumdur ki, təhsilin məzmunu ilə bağlı ortaya çıxan bütün məsələlər, hətta ehtimallar belə təhlil edilməli, yeniliklər tətbiq edilmədən öncə sınaqdan çıxarılmalıdır. Təhsilin konseptual problemləri, təhsil sistemində yeni pedaqoji texnologiyalar, təhsilin məzmunu və onun təhsil islahatlarının tələblərinə uyğun təkmilləşdirilməsi, psixoloji və yaş fiziologiyasının müasir problemləri, inklüziv təhsilin problemləri, təhsilin sosioloji problemləri, təhsil sistemində tərbiyə problemləri, pedaqoji kadrların hazırlanması, ixtisasının artırılması sisteminə yeni texnologiyaların tətbiqi, təhsilin idarə olunması ilə bağlı problemlər araşdırılmalıdır. Araşdırılandan sonra müzakirəyə çıxarılmalı, təhsil ictimaiyyətin iştirakı ilə təhlil olunmalı, birgə çıxış yolları tapılmalıdır.  Ölkədə məhz bu işləri təşkil etmək üçün yaradılan bir qurum var: Təhsil İnstitutu. İnstitut haqqında kim nə qədər məlumatlıdır, deyə bilmərik. Amma təhsil ictimaiyyətinin Təhsil İnstitutunun fəaliyyətindən böyük gözləntiləri var. Bu da təsadüfi deyil. Məsələ burasındadır ki, ölkə təhsili fəal bir dönəmdən keçir. İslahatlar həyata keçirilir, yeniliklər bir-birini əvəz edir. Bu inkişafın fonunda yeni çətinliklərin ortaya çıxması da təbii görünür. Ancaq nəzərə alanda ki, həmin problemlərin böyük bir hissəsi son ayların, son illərin məsələsi deyil, onda nəzərlər təhsilin məzmununa cavabdehlik daşıyan bu qurumda cəmlənir.

 

Ad dəyişikliyi

 

Sözügedən qurum ölkə Prezidentinin fərmanı ilə yaradılıb. Əsas məqsəd də “Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramı”nın tələblərinin yerinə yetirilməsinin təmin edilməsi olub. 2016-cı ildən Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılıb. Adı çoxdan dəyişsə də, hələ də çoxları onu elə Təhsil Problemləri İnstitutu kimi tanıyır. Təhsil eksperti Nadir İsrafilovun fikrincə, işinə, funksiyasına, vəzifələrinə görə Təhsil Problemləri İnstitutu adlandırılması daha uyğun gəlir: “Adın bir daha dəyişməsi isə mahiyyətinin, vəzifələrinin, fəaliyyətində hər hansı dönüşün yaranmasından irəli gəlməyib. İnstitut həmin addan doğan ifadələrlə mətbuatın tənqid hədəfinə çevrildi. Təhsilə problem yaradan institut kimi qələmə verildi. “Problem” sözü, görünür, institut rəhbərliyinin xoşuna gəlmədi. Ona görə də bu sözü çox keçmədən addan ixtisar etdilər.

Əslində, düşünürəm ki, Təhsil Problemləri İnstitutu qurumun funksiyasından, nizamnamə, əsasnamə tələblərindən irəli gələn ad idi. İnstitut təhsilin problemləri ilə məşğul olmalıdır”.

Təhsil eksperti Kamran Əsədov da hesab edir ki, institutun adı dəyişdiriləndə adla yanaşı, təhsilə, problemlərə yanaşma tərzinin dəyişəcəyi də gözlənilsə də, təəssüf ki, konseptual problemlərin həllində indiyədək hər hansı addım atılmayıb.

 

Müəllimlər onu tədqiqatçı kimi tanıyır

 

Addan keçək mahiyyətə. Ad çox şey ifadə etsə də, göstərilən hədəflər və bu istiqamətdə həyata keçirilən fəaliyyət daha önəmlidir. Təhsil İnstitutunun da təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirakçı bir qurum olaraq fəaliyyəti adından daha əhəmiyyətlidir. Çünki Təhsil İnstitutu fasiləsiz fundamental və tətbiqi tədqiqatlar həyata keçirməyə, təhsilin bütün pillələri üçün məzmun hazırlamağa, təhsil sistemində tədris-metodiki ehtiyacların müəyyənləşdirilməsi və ödənilməsi sahəsini, təhsil innovasiyalarının tədqiqi, yaradılması və tətbiqi ilə bağlı nəzəri, praktiki məsələləri araşdırmağa məsul bir elmi-tədqiqat müəssisəsidir. Təhsilin hər bir vətəndaşın gündəlik həyatının bir hissəsinə çevrilməsinə nail olmağa çalışır. 

Nail ola bilirmi? Əvvəlcə, müəllimlərdən soruşduq. Adını eşidən çoxdur. Hazırda hansı işlərə imza atdığını bilməsələr də, tədqiqat aparan qurum olduğundan xəbərdardırlar. Sadəcə tanımaqla kifayətlənməyib, yolunu tez-tez burdan salanlar da çoxdur.

Nərmin Qaragözova həmin fəallardan biridir. Artıq 11 ildir ki, Təhsil İnstitutu ilə yaxından əməkdaşlıq edir. O, hesab edir ki, istənilən müəllim müraciət edə və Təhsil İnstitutundan dəstək, istiqamət ala bilər: “Elə mənim əməkdaşlığım da marağımla başladı. Burada bir çox çətinliklə bağlı doğru istiqamət ala bilirik. Hətta deyim ki, rus bölməsinin müəllimi olsam da, Təhsil İnstitutu ilə əməkdaşlığım dövründə Azərbaycan dilində danışığımı səlistləşdirdim. Burada Ənvər Abbasov, Xanım müəllim kimi, sözün əsl mənasında, peşəkarlar var. Onların köməyinə, məsləhətinə ehtiyacı olan bütün müəllimlərə qarşı kifayət qədər dözümlü rəftar edirlər”.

N.Qaragözovanın Təhsil İnstitutundan gözləntilərinə gəlincə: “Uzun müddətdir tətbiqinə baxmayaraq, hələ də yeni təhsil proqramını müəllimlərin özünün belə mənimsəməsində problemlər var. Məncə, hər məktəbdə bir “ocaq” olmalı, bunu da Təhsil İnstitutu yaratmalıdır. Həmin ocaqlarda müəllimlər olmalı, ehtiyacı olanlara istiqamət verməlidir”.

 

Təhsil İnstitutu həm tədqiqat aparır, həm də...

 

Sorğuda iştirak edən müəllimlər qurumun, sadəcə, bir istiqamət üzrə fəaliyyətindən xəbərdardır. Əslində isə Təhsil İnstitutu öz işini bir çox istiqamət üzrə tənzimləyir:

Təhsilin nəzəri və təcrübi məsələləri ilə bağlı, o cümlədən, təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsi və strateji planlaşdırma istiqamətləri üzrə tədqiqatlar aparılır;

Təhsil müəssisələrində keyfiyyət göstəricilərinin artırılması, o cümlədən, təhsil imkanlarının genişləndirilməsi və təhsilalanlar üçün bərabər imkanların yaradılması məqsədilə tədqiqat aparılır;

Elmi-pedaqoji tədqiqatlar və elmi-pedaqoji kadr hazırlığı həyata keçirilir;

Müxtəlif təhsil pillələri üzrə təhsilin məzmun və qiymətləndirmə standartlarını, nümunəvi (variativ) kurikulumların və təhsilin keyfiyyət standartlarını hazırlayır;

Müxtəlif təhsil müəssisələrində təhsilin inklüzivliyi, psixoloji xidmətin təşkil edilməsi, istedadlı uşaqlarla işin düzgün qurulması (o cümlədən, olimpiadalara hazırlıq) və tədris resurslarından istifadə sahəsində metodik tövsiyələr hazırlanır;

Elektron təhsilin inkişafı və elektron məzmun hazırlanır;

Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları həyata keçirilir;

Təhsilin normativ-hüquqi bazasına aid sənədlər hazırlanır;

Təhsilin bütün pillə və səviyyələri ilə bağlı pedaqoji savadlılığı həyata keçirmək məqsədilə nəşriyyat, çap (metodik vəsait, metodik tövsiyə və s.) və maarifləndirmə (konfrans, seminar, “dəyirmi masa”, müzakirə, təlim kursları və s.) işləri aparılır.

Bu istiqamətlər üzrə hansı işlər görülüb? Hansı tamamlanıb, hansı yarımçıqdır?

“Azərbaycan müəllimi” bu suallara cavab axtarıb. Araşdırmaya çoxunun onu tanıdığı, xarakterizə etdiyi, elə qurum rəhbərinin (hazırda əvəz edən şəxs - R.D.) özünün belə qürurla ifadə etdiyi tədqiqat yönündən başlayıb. Beləliklə... 

 

Tədqiqatlar ötən əsrdən başlanıb

 

Özünün yaşı az olsa da, tədqiqat təcrübəsi ötən əsrə dayanır. Axı, Təhsil İnstitutu iki - Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu və Respublika Elmi-Metodiki Mərkəzin bazasında təşkil edilib. Yəni, sələflərindən biri - Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu (ETPEİ) 1930-cu ildən elmi tədqiqat institutu kimi fəaliyyət göstərib. Əvvəlcə, daha çox metodik vəsaitlərin hazırlanıb çap edilməsi ilə məşğul olub. Təhsil sahəsində Elmi-Tədqiqat Pedalogiya İnstitutu, sonradan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu kimi fəaliyyət göstərib. 

Ancaq “Fəaliyyətimizdə əsas məqsəd təhsilin müxtəlif sahələrində elmi-pedaqoji tədqiqatlar aparmaqla təhsilin inkişafını nəzəri və praktiki cəhətdən təmin etməkdir”, - iddiası ilə çıxış edən Təhsil İnstitutu illər keçdikcə, bu hədəfindən uzaqlaşıb. Təhsil üzrə ekspert N.İsrafilovun fikrincə, ETPEİ-nin adı dəyişəndən sonra əvvəlki işgüzarlığı itməyə başlayıb: “İnstitutda bir neçə dəfə kadr dəyişikliyi aparıldı, yenə özünü doğrulda bilmədi”.

N.İsrafilov Təhsil İnstitutunun fəaliyyətini sələflərindən biri - ETPEİ ilə müqayisə də edib: “Təhsil sistemində bütün proqramlar, dərsliklər, tədris planları, tədris metodikaları bu institutda hazırlanırdı. İnstitutun əməkdaşlarının əksəriyyəti dərslik müəllifləri idi. Metodik tövsiyələr hazırlanırdı. Ölkənin bütün rayonlarında ezamiyyətlərdə olurdular, qabaqcıl təcrübəni öyrənib kollegiyanın müzakirəsinə çıxarırdılar. Elmi-tədqiqat institutunda illik tədqiqatlar aparılır, nəticələri müzakirə olunurdu, baza məktəbləri vardı, ayrı-ayrı məsələlər eksperimentə qoyulur, fərziyyələr irəli sürülür, nəticələr müzakirə olunurdu. Məhz həmin müzakirələrin nəticəsi ilə bağlı Təhsil Nazirliyində qərarlar qəbul olunurdu”.

Bəs, indi?

N.İsrafilovun qənaətinə görə, indi vəziyyət pisliyə doğru dəyişib: “Adı dəyişdiriləndən institut Təhsil Nazirliyinin qoşması kimi fəaliyyət göstərir. Hazırda bu institutun işi, tədqiqatı, araşdırması yoxdur. Təşəbbüskarlığını görmürəm”.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev isə qurumun fəaliyyətsizliyi ilə bağlı deyilənlərlə razılaşmır. Bir neçə vəzifə daşımasının çətinliyinə, fəaliyyət göstərdiyi iki korpusdan birində təmir getməsinə baxmayaraq, “Təhsil İnstitutunun tarixən indiki qədər fəaliyyəti olmayıb”, - deyir.  Sözügedən fəaliyyətin nədən ibarət olduğuna, bu sahədə nə iş görüldüyünə baxaq.

Tədqiqatlar bu institutun əsas işi, nəticəyə aparan başlıca vəzifəsidir. E.Əmrullayevin sözlərinə əsaslansaq, institut əməkdaşlarının böyük bir hissəsi məhz elmi tədqiqatlarla məşğul olur. Kollektivin böyük bir hissəsinin məşğul olduğu tədqiqatlar siyahısında isə ictimaiyyətə açıqlanan cəmi 2 tədqiqat var.

Təhsil Nazirliyinin ötən tədris ilinə dair hesabat tədbirində təqdim olunan və çox maraqla qarşılanan “Məktəbəhazırlığın I siniflərdə şagird nailiyyətinə təsiri” ilə bağlı həyata keçirilən tədqiqat, sözün əsl mənasında, dəyərlidir. Sözügedən tədqiqat analitik hesabat şəklində çap etdirilib. 89 pilot məktəbdə hazırlıq qruplarında təhsil alan ümumilikdə 2398 uşaq arasında aparılıb. Tədqiqatda pilot, digər müəssisələr və hazırlıqsız qruplar arasındakı ümumi fərqlər, qız və oğlanların fənlər üzrə orta balları, məzmun xətləri üzrə pilot, digər müəssisələr və hazırlıqsız qrupların göstəriciləri arasındakı fərqləri təhlil olunub. Bu tədqiqatı bir çox istiqamət üzrə fəaliyyətsiz görünən ARTİ-nin yeganə maraqlı işi saymaq olar.

Qurumda həyata keçirilən daha bir tədqiqat isə valideynlərin və şagirdlərin məktəbdənkənar fəaliyyət növü seçimləri ilə bağlıdır.

Vəssalam.

 

Təhsil sistemində verilən hər qərarın arxasında böyük tədqiqat durmalıdır

 

Təhsil sahəsində tədqiqata ən böyük ehtiyac dərsliklərlə bağlıdır. Baxmayaraq ki, Təhsil İnstitutunun yetkililəri dərsliklərin tezliklə istifadədən çıxacağına inanırlar, amma bu sahədə tədqiqatları da zəruri sayırlar. Məsələn, Təhsil İnstitutunda direktor müavini Ənvər Abbasov hesab edir ki, dərsliklərin şagirdin səviyyəsinə uyğun olub-olmadığını tədqiqat aparmadan demək mümkün deyil. Odur ki, dərsliklərlə bağlı tədqiqat aparılsa yaxşıdır: “Əslində, dərslik təhsilin məzmununun bir komponenti kimi tədqiq olunmağa ehtiyac duyulan bir məsələdir. Ümumiyyətlə, təhsil sistemində verilən hər qərarın arxasında bir araşdırma, böyük tədqiqat durmalıdır. Obyektiv fikir olmalıdır”.

Ə.Abbasovun bu fikri əsassız deyil. Dərsliyin məzmunundan tutmuş dizaynına qədər bütün keyfiyyət göstəriciləri ilə bağlı ciddi iradlar səsləndirilir. Bəs, bu problemlər necə çözüləcək? Bu məsələdə Təhsil İnstitutunun rolu nədən ibarət ola bilər?

E.Əmrullayevin “Biz sadəcə olaraq pilot qaydada dərsliklərin keyfiyyətinin yaxşılaşması istiqamətində ayrı-ayrı eksperimentlər, elmi-tədqiqat işləri, elmi araşdırmalar aparan qurumuq”, - fikri əsas verir ki, dərsliklərlə bağlı bəhsi açılan tədqiqat, eksperiment, araşdırmaların olduğunu düşünək. Odur ki, soruşuruq: Təhsil İnstitutu dərsliklərlə bağlı nəyi araşdırıb? Cavab yoxdur.

Tədqiqata ehtiyac olduğu qəbul edilirsə, bəs, niyə bu tələb ödənilmir?

Təhsil İnstitutunda direktor müavini Ə.Abbasovun sözlərinə görə, institutun tədqiqatları metodiki mövzulara həsr edilib. Həmin metodiki araşdırmaların içərisində məzmuna dair təkliflər olsa da, onlar ayrıca tədqiqata çevrilməyib: “İndi belə tədqiqatlara xüsusi ehtiyac var. Ancaq buna da institutun gücü olmalıdır”.

Halbuki Təhsil İnstitutu böyük qurumdur. İşçilərinin sayı isə nazirliyin heyətindən çoxdur.

 

İslahatlar: nəticələr təhlil edilirmi?

 

Yuxarıda da vurğuladığımız kimi, son 4 ildə təhsil sahəsində böyük islahatlar həyata keçirilir. Böyük yenilik və rezonansla müşayiət olunan həmin islahatlar istər başlamadan öncə, istərsə də sonuçlandıqdan sonra təhlillər aparılır. Gözümüz həmin islahatlardan gözləntiləri, nəticələrinin hesablanmasını əhatə edən hər hansı tədqiqatı axtarır. E.Əmrullayev isə deyir: “İctimaiyyətin təhsil sahəsində islahat kimi gördüyü bir çox iş bizim işimizdir”.

Təhsil eksperti K.Əsədov deyir ki, islahatlar başlayanda konkret problemlərin həll ediləcəyinə ümid edib: “Təhsildə qiymətləndirmənin məzmunu, qiymətləndirmə maddələri, təhsildə monitorinq, nəticələrin təhlili kimi problemlərimiz var. Aparılan monitorinqlər bir yana dursun, Azərbaycanda son 4 il ərzində həyata keçirilən islahatlar var. Proses başlayanda müəyyən öncəgörmələr verilmişdi. Bu da təbiidir. Hər hansı islahatın arxasında mütləq öncəgörmə var. Təhsil İnstitutu həmin  gözləntilərin nə dərəcədə reallaşıb-reallaşmadığını təhlil edib nəticələri geniş ictimaiyyətə təqdim etməlidir. 2015-ci ildən müəllimlərin işə qəbulu həyata keçirilir. Seçilən müəllimlərin monitorinqi aparılmalıdır. “Doğru seçim edilibmi?”, “Seçilənlərin təhsilin inkişafında xidmətləri olubmu?”, “Onların gəlişi ilə nə dəyişib?”, - suallarına cavab axtarılmalıdır. Təhsil İnstitutu məhz bu yöndə fəaliyyət göstərməlidir”.

N.İsrafilov da təhsil sahəsində yüksək fəallığın müşahidə olunduğu bir zaman kəsiyində Təhsil İnstitutunun fəaliyyətini qənaətbəxş saymır: “Təhsilin inkişafına dair Dövlət Strategiyası qəbul olunub. Sənəddə təhsilin inkişafı üzrə yeni prioritetlər, yeni yanaşmalar müəyyən olunub. Bu müddəaların daşıyıcısı Təhsil İnstitutudur.  Çünki Təhsil İnstitutu Təhsil Nazirliyinin elmi potensialı, düşünən beynidir. Ancaq bu beyindən bir səs çıxmır. Artıq bir neçə ildir ki, təhsildə ən fəal dövr yaşanır. Təhsilin keyfiyyətinə yeni yanaşma tələb edilir, təhsildə keyfiyyət ili elan olunub, yeni qiymətləndirmə modelinin qızğın müzakirələri gedir. Bu məsələlərlə bağlı hamı fikrini deyir, hamı maraqlanır. Heç kimin biganə qala bilmədiyi həmin problemlərlə bağlı Təhsil İnstitutunun hansı əməkdaşı fikrini deyib? Hansı məsələyə münasibətlərini bildiriblər. Halbuki əsas fəallıq Təhsil İnstitutundan gəlməlidir”.

 

Fəaliyyətə qiymət

 

Araşdırmalar dünya təcrübəsində artıq universitetlər səviyyəsində də həyata keçirilir. Hər bir ali təhsil müəssisəsinin nəzdində təhsil araşdırmaları bölümü fəaliyyət göstərir. Ancaq Azərbaycanda ayrıca elmi-tədqiqat təhsil araşdırmaları ilə məşğul olan yoxdur. K.Əsədovun sözlərinə görə, pedaqoji kadr hazırlığı ilə məşğul olan Azərbaycan Dövlət Pedaqoji Universitetindəki kafedraların vəzifəsi sadəcə, pedaqoji fəaliyyətin yerinə yetirilməsidir. Halbuki pedaqoji tədqiqatlar, dissertasiya işi olmayan, qrant layihəsi əsasında araşdırmanın auditoriyada tətbiqi həyata keçirilməlidir. Bizim universitetlərin heç birində belə bir mərkəz yoxdur, metodkabinetlər yox dərəcəsindədir. Halbuki Türkiyədə universitetlərin əksəriyyətinin Təhsil Araşdırmaları mərkəzləri fəaliyyət göstərir. Odur ki, bu funksiyanı Azərbaycanda məhz Təhsil İnstitutu yerinə yetirməlidir”.

N.İsrafilov isə Rusiya ilə müqayisə aparır: “Azərbaycan Təhsil İnstitutunun fəaliyyəti Rusiya Xüsusi Pedaqoji Elmlər Akademiyasının  bir institutunun fəaliyyəti ilə belə müqayisə olunmayacaq dərəcədə zəifdir. Hesab edirəm ki, Təhsil İnstitutunun fəaliyyəti və ya fəaliyyətsizliyi elə təəssürat formalaşdırır ki, sanki belə bir qurum ümumiyyətlə, mövcud deyil, ya da onun təhsilə heç bir aidiyyəti yoxdur”.

Ekspertin fikrincə, metodik vəsaitlər və təhsilin idarə olunmasına lazım olan vəsaitlərin verilməsində ciddi problemlər var. İstər məktəbəqədər təhsil müəssisələrində, istər orta, istərsə də ali məktəblərdə ümumi mərkəzdən təhsil materiallarının idarə olunması, aparılan elmi-tədqiqat işləri ilə bağlı ciddi qüsurlar var.

Bir sözlə, tədqiqatlardan danışırıq, amma o tədqiqatların nə adı var, nə də sanı. Buna rəğmən, E.Əmrullayev bildirir ki, Təhsil İnstitutunun gördüyü bu qədər iş Təhsil Nazirliyinin fəaliyyəti kimi başa düşülür.

Yəni, Təhsil İnstitutu işləyir, Təhsil Nazirliyi qazanır.

 

Ruhiyyə DAŞSALAHLI

Bölmənin digər xəbərləri