ADU-da I Beynəlxalq elmi konfrans keçiriləcək


ADU-da Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş I Beynəlxalq elmi konfrans keçiriləcək. Bu məqsədlə aprelin 6-da Azərbaycan Dillər Universitetində (ADU) mətbuat konfransı keçirilib. Konfransda universitetin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla qeyd edib ki, ADU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək. Rektor onu da deyib ki, elmi konfrans 2018-ci ilin aprel-may aylarında Azərbaycan Dillər Universiteti, Yeni Azərbaycan Partiyası  və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq. 
 
Mətbuat konfransında beynəlxalq elmi konfransın keçirilməsi haqqında əmr imzalandığı və konfransa hazırlıq və onun işinin təşkili məqsədi ilə müvafiq universitetlərin təmsilçilərinin də daxil olduğu təşkilat komitəsinin yaradıldığı da KİV nümayəndələrinə bildirilib. Kamal Abdulla konfransın plenar və yekun iclaslarının Azərbaycan Dillər Universitetində, bölmə iclaslarının isə bu universitetlə yanaşı, Türkiyənin Ərciyəs və Ərzurum universitetləri, Rusiya Federasiyasının I Prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu, Moskva Dövlət Linqvistika Universiteti, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialı, Ukrayna Respublikasının Kiyev Milli Linqvistika Universiteti, Belarus Respublikasının Minsk Dövlət Linqvistik Universiteti, Serbiya Respublikasının Belqrad Universiteti, Gürcüstanın Tbilisi Dövlət Universiteti (Batumi, Kutaisi, Qori, Telavi universitetləri, Gürcüstan EA müvafiq institutları və «Bilik» cəmiyyətinin iştirakı ilə), Çin Xalq Respublikasının Xucjou Universiteti, İtaliya Respublikasının Kassino Cənubi Latsio Universiteti (Sülh və Təhlükəsizlik Fondu, Üçüncü Roma Universiteti, Genuya Universiteti, Link Kampus Universiteti, Nim Universiteti (Fransa), Beynəlxalq Menecment Universitetinin (Moldova) iştirakı ilə), Almaniya Federativ Respublikasının Ausburq Universiteti bazalarında keçiriləcəyini diqqətə çatdırıb.
 
Qeyd edək ki, I Beynəlxalq elmi konfransın açılış mərasimi 9 aprel 2018-ci il tarixində saat 12:00-da Azərbaycan Dillər Universitetinin əsas tədris binasında keçiriləcək. 
 
Niyazi RƏHİMOV