Mövzu “Quşların miqrasiyası və biomüxtəlifliyi” olub


Gənc nəslin müasir bilik və bacarıqlara yiyələnməsində informasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqi mühüm amildir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına,  distant təhsilin tətbiqinə təkan vermişdir.

 

Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi, bu tədris ilindən başlayaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Ekoloji Tərbiyə Mərkəzindən interaktiv məşğələlər keçirilməyə başlanılıb. Məşğələlər zamanı şagirdlərə muxtar respublikanın təbiəti, bitki, heyvanat aləmi barədə slaydlarla maraqlı dərslər keçirilir.

 

Növbəti belə interaktiv dərsi Mərkəzin “Quşlar və ətraf mühit” dərnəyinin rəhbəri Arzu Fərman oğlu Məmmədov tədris edib. O, “Quşların miqrasiyası və biomüxtəlifliyi” mövzusunda tədris etdiyi dərsdə şagirdlərə miqrasiyanın səbəbləri  və istiqaməti, fərqli köç formaları, quşların enerji mənbələri, köç zamanının, quşların gedəcəkləri istiqamətin müəyyənləşdirilməsi, quşların miqrasiya zamanı getdiyi ərazilərin müasir metodlarla təyin olunması (halqalama, peyk telemetriyası, radiolakator təqdiqatları, hesablamalar və vizual müşahidələr), miqrasiyanın müəyyənləşdirməsindəki çətinliklər barədə ətraflı məlumat verib.

 

Bildirilib ki, quşlar təbiətdə balansın saxlanmasında mühüm rol oynayırlar. Misal üçün, yırtıcı quşlar siçanlar və digər  gəmirici heyvanların inkişaf edərək zərər verməsinə mane olurlar. Bir çox quşlar həşəratın həddən artıq çoxalmasının qarşısını alırlar.  Bitkilərlə qidalanan quşlar onların yayılmasına səbəb olurlar. Quşlar ətrafımıza rəngarənglik və gözəllik qatır və sənətçilərə ilham mənbəyi, alimlərə də təbiətin sirlərini açmağa kömək edən canlılar kimi çox faydalıdırlar.

 

Bir dərs saatı müddətində keçirilmiş məşğələni muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsinin şagirdləri izləyib. Dərs şagirdlərin böyük marağına səbəb olub. Təhsil Nazirliyinin təşkilatçılığı ilə bu cür məşğələlərin növbəti aylarda da keçirilməsi davam etdiriləcək.