AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Orxan-Yenisey yazılı abidələrində feilin təsriflənməyən formaları” və dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” adlı monoqrafiyalarının təqdimatı olub.

 

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq yeni nəşrlərin elmi dəyərindən bəhs edib. Bildirib ki, Azərbaycan dilçilik elminin inkişafında xüsusi xidmətləri olan AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev qədim türk yazılı abidələrinin ölkəmizdə əsas tədqiqatçılarından biridir. Onun orta əsrlərdəki türk dilləri və abidələri, eyni zamanda Naxçıvan dialekt və şivələrinin tədqiqinə dair onlarla sanballı elmi əsəri, o cümlədən yeni monoqrafiyası dilçilik elmimizin dəyərli nümunələridir.

 

Daha sonra akademik “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” monoqrafiyasının əhəmiyyətindən, müasir dövr üçün aktuallığından söz açaraq yeni nəşri  alimin son illərdə apardığı məhsuldar tədqiqatların uğurlu nəticəsi kimi dəyərləndirib.

 

İsmayıl Hacıyev hər iki müəllifə gələcək  fəaliyyətlərində uğurlar arzulayıb.

 

Mərasimdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Orxan-Yenisey abidələrində feilin təsriflənməyən formalarının tədqiqi məsələləri” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, rus dilində Almaniyada işıq üzü görən nəşrdə qədim türk yazılı abidələrindəki feilin təsriflənməyən formalarının beynəlxalq miqyasda tədqiqi tarixindən, abidələrdəki feili sifət şəkilçiləri, onların etimologiya, atributiv, predikativ və substantiv funksiyada işlənmə xüsusiyyətlərindən əhatəli bəhs olunur.

 

Daha sonra “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” monoqrafiyası haqqında AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev məruzə edib. Məruzəçi Azərbaycan dilinin dialektologiyası fonunda Naxçıvan bölgəsinə həsr olunan yeni nəşrdə Naxçıvanın dialekt və şivələrinin zəngin dil faktları əsasında ətraflı araşdırıldığını diqqətə çatdırıb. Dilçi alim bildirib ki, tədqiqat əsəri Azərbaycan dilinin dialektologiyası, ədəbi dilimizin tarixi, lüğətçilik, şifahi söz sənəti üçün xüsusilə faydalıdır.