Tələbələr oxuduqları kitabı klub üzvləri ilə müzakirə edəcəklər


Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsində yeni yaradılan “Kitab klubu”nun təqdimatı olub. Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yaradılan “Kitab klubu”nu yüksək qiymətləndirərək qeyd edib ki,  təşəbbüs tələbələrin kitaba olan marağını daha da artırmaq işində mühüm addımdır. Rektor klubun fəaliyyətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il avqustun 28-də imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” sərəncamında qeyd olunan  kitablara xüsusi yer ayrılmasını vurğulayıb.  Qeyd olunub ki,  bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbə rolunu oynayır, uşaq və gənclərin kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hissləri aşılayır. 

 

İqtisad fakültəsinin dekan əvəzi, dosent Əşrəf Ələkbərov vurğulayıb ki, “Kitab klubu”nun yaradılmasında əsas məqsəd tələbələr arasında  kitaba həvəs formalaşdırmaq, nitq vərdişlərini artırmaq, məntiqi təfəkkürü, yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir.

 

“Mühasibat uçotu və audit” ixtisası üzrə I kurs tələbəsi Mahmud Rzayev təşəbbüskarı olduğu “Kitab klubu” haqqında məlumat verib. Qeyd olunub ki, klub ayda iki dəfə olmaqla toplantı keçirəcək. Tələbələr oxuduqları kitabı klub üzvləri  ilə müzakirə edəcəklər.

 

Sonra  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” sərəncamında qeyd olunan “Mister Hemferin xatirələri” (“İngilis casusunun etirafları”) kitabının klub üzvlərinin iştirakı ilə müzakirəsi keçirilib.