Və yaxud Təhsil Nazirliyi ilə məktublaşan şagird


Ruhiyyə DAŞSALAHLI

 

Şəki şəhərindəki 8 nömrəli beynəlmiləl tam orta məktəbin 10-cu sinif şagirdidir. Əsl riyaziyyat həvəskarıdır. Riyaziyyat üzrə olimpiada iştirakçısıdır. Fevralın 4-də keçiriləcək respublika fənn olimpiadasına qatılacaq riyaziyyatçılardan sadəcə biridir. Riyaziyyata olan həvəsi bu fənni yaxşı mənimsəməklə də qalmır, özü teoremlər qurur. Deyir ki, lazım gələrsə, lap alimlərin, riyaziyyatçı professorların qarşısında öz teoremlərini isbat etməyə hazırdır.

Ərəbcə artıq bilir. Hətta imzasını belə ərəbcə atır. Fransız və ingiliscə öyrənir. Rusca təhsil alır. Ana dilində səlist danışır. Müasir gənclərdən fərqli olaraq, öz fikrini sərbəst ifadə edir. Təşəbbüs göstərməkdən çəkinmir.

Öz söhbəti, fikirləri ilə marağı özünə cəlb edən Azərbaycan məktəblisində müşahidə etdiyimiz keyfiyyətlər bununla bitmir. Ona qarşı maraq özünü təqdim edən kimi yaranır: Səddam Hüseyn.

 

O, riyaziyyatı sevir

 

Səddam Hüseyn Abdullayevin diqqətimizi çəkməsinə səbəb nə onun adı, nə riyaziyyata olan sevgisi deyil, istifadəçisi olduğu dərsliyə qarşı fəal mövqeyi ilə seçilməsidir. Belə ki, Səddam Hüseyn oxuyarkən hər məqama diqqət yetirir. “Tarix”, “Coğrafiya”, “Riyaziyyat” fənlərinə aid cavab tapmadığı sualları Təhsil Nazirliyinə ünvanlayaraq hər birinin izahını tələb edir. Dediyinə görə,  müəllimləri onun çoxsaylı suallarına cavab verməyə çalışır: “Adışirin müəllim suallarımı cavablandırır. Ancaq bəzən bu bilgi mənimçün yetərli olmur. Bu zaman Təhsil Nazirliyinə yazıram. Onlar da mənə maraqlandığım məsələ ilə bağlı ətraflı izahat yazırlar. Çox vaxt səhv hesab etdiyim, başa düşmədiyim üçün Təhsil Nazirliyinə yazıram. Səhv olmasa belə, çətin anlaşıldığını bilsinlər, istəyirəm”.

Səddam Hüseyn Abdullayevin sözlərinə görə, riyaziyyata kiçik yaşlarından həvəsi olub. Məktəbdə Adışirin müəllim onun bu keyfiyyətini bir az da inkişaf etdirib. Odur ki, “Riyaziyyat” fənninə sevgisində müəllimi Adışirin Xəlilovun rolunu xüsusi vurğulayır. Maraqlısı odur ki, riyaziyyatı ona sevdirən Adışirin müəllim belə, suallarını cavablandırmaqda aciz qalır və bu dəfə ona dərslik müəllifləri cavab verməli olur.

 

Vətəninə bağlıdır

 

Azərbaycanın tarixi keçmişinə münasibəti isə riyaziyyata olan marağından geri qalmır. Vaxtını Azərbaycan tarixindən bəhs edən kitablar oxuyaraq dəyərləndirməyə çalışır.

Oxuduqca da onu düşündürən məqamlara mütləq rast gəlir. Maraqlarından bəhs etdikcə, daha bir keyfiyyəti üzə çıxır. Bu dəfə qarşımızda vətənpərvər Azərbaycan məktəblisi görürük. Bu, ölkəmizin tarixinə  aid hər fakta həssas münasibətindən aydın görünür: “Azərbaycan tarixi mənim üçün hər səhifəsini dönə-dönə oxuduğum kitabdan çox, hər dövrünü qürurla mənimsədiyim vətən tarixidir. Azərbaycan tarixini xüsusən böyük həvəslə oxuyuram. Rastıma çıxan sözlərin izahı ilə maraqlanıram. Tarixi faktların əksini tapdığı mənbələrlə maraqlanıram. Səhv kimi qiymətləndirdiyim həmin faktların, əslində, səhv olmadığını mənə göndərilən cavablardan öyrənmişəm. Öyrəndiklərimi müəllimlərimlə də, sinif yoldaşlarımla da paylaşmışam. Əslində, göndərdiyim məktubların cavablarını mənimlə bərabər bütün sinfimiz gözləyir. Cavabı alan kimi onu birgə müzakirə edirik”.

 

Fransada oxumaq istəyir

 

Cəmiyyətdə, ətrafında baş verənlərə qarşı biganə deyil: “Yaşıdlarım oxumur, vaxtından düzgün istifadə etmir. Bu məni narahat edir”, - deyən məktəbli özünü ədalətli hesab edir. Ona görə hakim olmaq fikrindədir. Ancaq diplomat olmaq həvəsi də var: “Fransız dilini çox sevirəm. Fransada mütləq olmaq istəyirəm. Bu ölkə və onun paytaxtı ilə bağlı öyrəndiklərim onu gözümlə görmək həvəsi yaradıb. Gələcəkdə təhsilimi də Fransada davam etdirmək niyyətindəyəm”.

Başqa istəkləri də var. İstəklərinin hamısı heç də həyatının böyüyəndən sonrakı mərhələsinə aid deyil. Hazırda ən böyük istəyi yaşıdları ilə bağlıdır: “İstərdim ki, hamı fəal olsun. Oxuduqlarına kor-koranə yanaşmasınlar. Nəyin düz, nəyin yanlış olduğuna diqqət yetirsinlər”.

 

Belə davam edərsə...

 

Bu gün onun fəal mövqeyi təhsilinə yönəlib. Cəmiyyətdə, məktəbdən kənarda bir o qədər olmasa da, məktəbdə çox fəaldır. Düşünərək oxuması, oxuduqlarının doğruluğuna əmin olmaq üçün ilk mənbə ilə əlaqə saxlamağa çalışması, bu məqsədlə mütəmadi olaraq Təhsil Nazirliyi ilə məktublaşması, onu düşündürən suallara qətiyyətlə cavab istəməsi elə Təhsil Nazirliyindəki yetkililərin də diqqətini çəkib. Odur ki, məktəblini nazirliyə dəvət ediblər.

Təhsil Nazirliyində Tədris resursları şöbəsinin aparıcı məsləhətçisi Vüsalə Əliyeva Səddam Hüseyn Abdullayevlə görüşüb. Məktəbliyə maraqlandığı məsələlərlə bağlı Təhsil Nazirliyinə müraciət etdiyinə görə təşəkkür edən nazirlik əməkdaşı bunu əsl vətəndaş fəallığı kimi qiymətləndirib: “Şagirdin oxuması və oxuduqlarına dair suallar verməsi bizi çox sevindirir. Hesab edirik ki, bu, məktəblərimizdə həm yaxşı nümunə ola bilər, həm də şagird və müəllimlərimiz arasında fəallığa səbəb olar. Səddamın da nəzərinə çatdırdım ki, bizə suallar ünvanladığı məsələlərlə bağlı cavabları ona dərslik müəllifləri verirlər. Belə fəal davam edərsə, gələcəkdə şagirdimizin müəlliflərlə görüşü təmin edilə bilər”.

V.Əliyevanın sözlərinə görə, Səddam Hüseynin və onun kimi şagirdlərin suallarına müəllimlər də cavab verə bilər: “Ancaq bizə ünvanlanan məktublarla biz onların nəyi başa düşməkdə çətinlik çəkdiyini daha düzgün müəyyənləşdirə bilərik. Səddam Hüseynin bu davranışı, fəallığı nəinki yaşıdı olanlara, özündən kiçik və böyük məktəblilərə, hətta müəllimlərə nümunədir. Buna görə Təhsil Nazirliyi Səddam Hüseyn Abdullayevə təşəkkür edir. Çox sevinirik ki, belə şagirdlər var”.

Səddam Hüseyn Abdullayevə riyaziyyata aid kitablar hədiyyə edən Vüsalə Əliyeva onun fəal mövqeyini bundan sonra da və bütün məsələlərdə görməyi arzuladıqlarını vurğulayıb.

V.Əliyeva “Azərbaycan müəllimi”nə açıqlamasında xüsusi vurğulayıb ki, bizə bu cür mövqe nümayiş etdirən nəinki şagirdlər, həm də müəllimlər lazımdır: “Bilirsiniz ki, dərsliklər üzərində iş mütəmadi olaraq təkmilləşdirilir. Burada ən son elmi təsdiqini tapan faktlar yer alır. Müəllimlər yeniliklərdən xəbəri olmayanda, ya da faktı izah edə bilməyəndə, bəzən “texniki səhvdir”, - deyib şagirdlərin suallarından yayınmağa çalışırlar. Səddam Hüseynin ona “texniki səhv” kimi təqdim olunan məsələlərlə bağlı suallarına hər dəfə ətraflı cavab verilib. Arzu edirik ki, bütün məktəblilər məhz onun kimi olsun, oxuduqları, anlamadıqları, onlar üçün qaranlıq qalan məsələlərdə bizə müraciət etsinlər. Dərslik istifadəçilərinin mövqeyi bizim üçün çox maraqlıdır. Təklif və iradlarını, onları maraqlandıran sualları derslik@edu.gov.az elektron ünvanına göndərə bilərlər. Hazırda istifadədə olan dərsliklərin, eləcə də müəllimlər üçün metodik vəsaitlərin hamısı tədris resurslarının idarə olunmasının məlumat sistemi kimi fəaliyyət göstərən trims.edu.az saytına yüklənilib. Hətta həmin sayt vasitəsi ilə də bizə rəy, təklif və iradlar bildirilə bilər. Bunun üçün istifadəçinin müvafiq bölmədə dərsliyi seçib, açılan pəncərədə rəyini yazması kifayətdir”.

 

Təhsilimiz məqsədinə yaxınlaşır

 

Beləliklə, hər fənnə eyni səviyyədə maraq göstərən bir şagird örnəyi təhsilimizin məqsədlərinə nə qədər yaxın olduğunun göstəricisidir. Səddam Hüseynlə söhbətləşdikcə əmin olursan ki, yeni tədris metodikasının tətbiq edildiyi məktəb qarşısına qoyulan məqsədə çatmaq üçün doğru istiqamət götürüb. Kurikulumla təhsil alan şagird özündən əvvəlki nəsildən bir çox keyfiyyəti ilə fərqlənir. Onu fərqləndirən bacarıqları formalaşıb. Bir neçə dil öyrənir, rusca təhsil alır, ancaq ana dilini də yaxşı bilir. Başqa xalqların tarixini də oxuyur, amma öz ölkəsinin keçmişinə önəm verir. Fikrini sərbəst ifadə edir. Həm yazılı, həm də şifahi nitqi yüksəkdir. Mütaliə edir. Oxuduqları üzərində düşünür. Razılaşmadığı məqamlarla bağlı müzakirə açmaqdan, fikrini söyləməkdən çəkinmir.

Təhsilin məqsədi də elə budur: məktəbdə, sözün əsl mənasında, fəal mövqeyi ilə seçilən, tarixinə bağlı, vətənpərvər, əsl şəxsiyyət yetişdirmək.