114 nömrəli məktəbdə 21 Fevral Beynəlxalq Ana Dili Günü nə həsr olunmuş "Dilimizi sevək sevdirək!" adlı tədbir keçirilib. Beynəlxalq Ana Dili Günü dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə təhsil ocaqlarında hər il xüsusi qeyd olunur, şagirdlərə ana dilini dərindən bilməyin vacibliyi, milli kimliyin təməlində doğma dilin önəmli yeri olduğu vurğulanır.

Tədbirdə iştirak edən məktəblilər ana dilinin qorunması, gündəlik danışığımızda kobud səslənən əcnəbi sözlərin işlənməsi ilə bağlı səhnəciklər göstəriblər. Şagirdlər  fikrin düzgün ifadəsinə mane olan yad sözlərin qarşılığını lövhələrdə nümayiş etdiriblər. Bununla da həmyaşıdlarına həmin sözlərin məhz ana dilində istifadəsinin vacibliyini çatdırıblar.

Dövlət bayramları və xüsusi günlərin məktəblərdə təbliğinin əhəmiyyətindən söhbət açan 114 nömrəli məktəbin direktoru Ceyran Novruzova bu cür silsilə tədbirlərin şagirdlərin dünyagörüşünə müsbət təsirinin olduğunu deyib. Direktor bildirib ki, belə gecələrin təşkili şagirdlərə günün mahiyyətini çatdırmaqla yanaşı, onların mövzuya yaradıcı münasibətini, sərbəst düşüncə potensialını üzə çıxarır.

Qeyd edək ki, 21 Fevral Beynəlxalq Ana Dili Günü - UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis olunub və 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə bir çox ölkədə təntənəli keçirilir.