“Azərbaycan universitetləri reytinq cədvəllərində yerini yüksəltməyi bacaracaq”

Azərbaycana yaxşı mühəndislər lazımdır. Müasir memarlıqla qədim mədəniyyəti öz yaradıcılığında birləşdirən, fərqli düşüncə sahibi memarlar da azdır. Bir sözlə, böyük tikinti bumu yaşayan Bakıda inşaatçının yaxşısını əl-əl gəzirlər.

 

İnşaatçının da, memarın da yetişdiyi, Azərbaycanın ən böyük ali təhsil müəssisələrindən olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova “Azərbaycan müəllimi” qəzetinin suallarına cavab verir.

 

- Hələ bir fakültəykən tələbəsi olduğunuz, bitirdiyiniz vaxt institutu yaradılan bir universitetin 20 ilə yaxındır ki, rektorusunuz. Adınız ilk günündən bəri bu təhsil ocağı ilə bağlıdır. Burada komsomol katibi, assistent, baş müəllim, dosent, professor oldunuz. Əməkdar memarsınız. Necə deyərlər, bu universitetlə birlikdə böyümüsünüz… Daha çox “kişi ixtisasları”nın çoxluq təşkil etdiyi, kişilərin üstünlük verdiyi bir sahə üzrə ixtisaslaşıb, bu istiqamət üzrə bir təhsil ocağına rəhbərlik etmək sizin üçün çətin olmayıb ki?

 

- Doğrudur, 1975-ci ildə mən 5-ci kursu bitirəndə təhsil aldığım fakültə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna çevrildi. Bu təhsil müəssisəsinə rektor təyin olunanda adını dəyişmək qərarına gəldik və o vaxtdan, yəni 2000-ci ilin iyul ayında verilən qərarla institut “Memarlıq və İnşaat Universiteti” adlandırıldı. Əlbəttə, heç kim deyə bilməz ki, bu yolu keçmək, assistent, baş müəllim, dosent, professor olmaq, bu vəzifəyə qədər yüksəlmək asan olub. Çünki bu elə bir yoldur ki, həmişə zəhmət çəkməyi, öz üzərində işləməyi tələb edir. 1979-cu ildə assistent keçmişəm. Doktorluq dissertasiyasını müdafiə edəndə artıq 20 il keçirdi. Həmin 20 il ərzində bütün həyatımı ancaq işə həsr etmişəm. Həmin illər ərzində yazdığım 2 dissertasiya üçün çox böyük əziyyət çəkmişəm. Elmi işlərimi kabinetdə oturub yazmamışam. İşimi tamamlamaq üçün Azərbaycan ərazisinin böyük hissəsini gəzmişəm, abidələr üzərində işləmişəm və s. Bu qədər müddət ötəndən sonra həmin 20 il haqqında indi deyə bilərəm ki, çox çətin, ancaq maraqlı yol idi. Həm intellektual cəhətdən zənginləşdiyim, həm də ağır çətinliklərlə dolu, zəhmət tələb edən illər olub. Ancaq gördüyüm işlərdən hər zaman zövq almışam. İstər işi, istərsə də, nəticəsini görəndə. Kişilərin seçdiyi və sayca üstünlük təşkil etdikləri bir sahədə təhsil alıb karyera qurmağıma gəlincə, kollektivin kişi və ya qadın olmasından asılı olmayaraq, rəhbərliyin çox çətin məqamları var. Heç də asan həll olunmayan məsələlər ortaya çıxa bilir. Amma  düşünmürəm ki, yerimdə kişi olsaydı, məndən daha az əziyyət çəkərdi. Uzun sözün qısası, belə bir kollektivdə işləyərkən də, ona rəhbərlik edərkən də özümü narahat hiss etməmişəm.

 

- İndi vəziyyət necədir? Kişilərlə qadınların say nisbətindəki kəskin fərq hələ də qalır?

 

- Zəmanə çox dəyişib və elə bir sahə yoxdur ki, qızlar ona maraq göstərməsin. Sovet dövründə universitetimizdə qızların sayı cəmi 15 faiz idisə, indi 30 faiz, bəzi fakültələrdə hətta 50 faizədək yüksəlib. Ona görə deyə bilərəm ki, artıq ixtisaslarımızı “kişi ixtisasları” hesab etmək doğru deyil. Bəli,70-80-ci illərdə təhsil müəssisəsində əsasən kişi kollektivi idi. Tələbələrin də, müəllimlərin də böyük əksəriyyəti kişiləriydi. Artıq bu nöqteyi-nəzərdən Memarlıq və İnşaat Universitetinin hər hansı fərqli xüsusiyyətləri gözə çarpmır və hətta adi universitetlərdən biridir.

 

- Tələbələrin tərkibində qızların faiz göstəricisinin artması hər hansı dəyişikliyə səbəb olubmu? Məsələn, indi idarəetmə daha asandır, ya daha çətindir? Yaxud, təhsilin keyfiyyəti indi yüksəlib, yoxsa əksinə?

 

- Qızların sayının artması universitetin xeyrinə ab-havanı dəyişib. Hətta bir qrupda qızların olması belə, oradakı mühitə təsirsiz ötüşməyib. Müşahidələrimiz və uzun illərin təcrübəsi göstərir ki, qızların təmsil olunduğu qrupda oğlanlar özünə qarşı daha diqqətli olur. Belə qruplarda oğlanlar daha tərbiyəli, daha nəzakətlidirlər.Universitetdə dərs deyən hər müəllim bunu təsdiq edə bilər. Qızların sayının artmağı hər cəhətdən müsbət prosesdir. Bu, sadəcə ab-havanın dəyişməsinə deyil, həm də təhsilin keyfiyyətinə təsir edir. Təsirin iki tərəfini vurğulamaq istərdim. İlk növbədə qızlar oğlanlara nisbətən daha çox oxuyur, daha səliqəli, daha məsuliyyətlidirlər, təhsilə daha həvəslidirlər. Bu da ilk növbədə universitetdə verilən təhsilin keyfiyyətində özünü göstərir. İkinci bir tərəfdən, bayaq qeyd etdiyim kimi, qızlarla birgə təhsil alan oğlanlar onlara özünü daha yaxşı təqdim etməyə, daha ağıllı göstərməyə çalışdığından dərslərinə qarşı daha məsuliyyətli olurlar. Nəticədə onların da təhsil göstəriciləri yaxşılaşır və bu, təhsilin keyfiyyətində də özünü büruzə verir.

 

- Elmi Şuranın tərkibində sizinlə birlikdə 12 xanım təmsil olunur. 61 nəfərdən ibarət Elmi Şurada qadınlar rektor, bir prorektor, 3 dekan, 1 şöbə müdiri, 6 kafedra müdiri ilə təmsil olunur. Bu, inşaat sahəsində qadınların sayının az olması ilə əlaqədardır, yoxsa 21-ci əsrdə hələ də önə çəkiləcək qadınların sayı azdı? Bəlkə bilmədiyimiz başqa səbəb var?

 

- 40-50 illik inkişafa nəzər salsaq, həm müəllimlərin, həm də tələbələrin içərisində qadınların sayının artmasına baxmayaraq, hələ də kişilər daha böyük faiz təşkil edir. Bunu nəzərə alsaq, rəhbərlikdə təmsil olunan qadınların sayını normaya yaxın hesab etmək olar. Sizə deyim ki, rektorluqda 2 qadının təmsil olunması, şöbələrin bir çoxunun  qadın olması, kafedra müdirləri arasında qadınların sayının artması qadınların idarəetməyə cəlb edilməsi baxımından vacib faktlardır. Üstəlik, rəhbər vəzifə daşıyan qadınların sayı bununla da məhdudlaşmır. Elə şöbələr var ki, müdiri qadındır. Ancaq həmin şöbə Elmi Şuraya düşməyib. Beləliklə, universitetdə dekan səlahiyyətlərində olan 10 rəhbər şəxsdən 4 nəfəri qadındır. Məncə, bu, yaxşı rəqəmdir. Qeyd edim ki, rəhbər vəzifələrdə təmsil olunan qadınların sayı son illər artıb. Universitetin yarandığı illərdən bu yana baxsaq, artım dinamikasını daha aydın görmək olar. İlk illərdə universitetin Elmi Şurasında cəmi bir neçə nəfər qadın ola bilərdi. İndi isə bu rəqəm daha böyükdür və getdikcə də artır. Məncə bu, yəni rəhbərlikdə təmsil olunan qadınların sayının artması müsbət tendensiyadır. Təcrübə göstərir ki, qadınların rəhbərlikdə təmsil olunduğu qurumlar daha yaxşı işləyir. Burada nizam-intizam daha yaxşı, məsuliyyət hissi daha çox, yeniləşmə isə sürətli olur.

 

Gəncləri müəllimlik fəaliyyətinə cəlb etməyə çalışırıq

 

- Müəllimləriniz və universitet rəhbərliyinin tərkibini təhlil etsək, gənclərin nisbəti necədir?

 

- Kollektivimizin cavan olduğunu deyə bilmərəm. Daha çox orta və yaşlı nəslin nümayəndələri ilə çalışırıq. Yaşlı nəslin nümayəndələri sayca cavanları üstələyir. Amma yaşı çox olanlar da təcrübəli, nüfuzlu professorlardır. Professor-müəllim heyətinin aparıcı qüvvəsi məhz onlardır. Ancaq son illər kollektivimizdə cavanların da sayını artırmağa çalışırıq. Bu, zamanın tələbidir. Ona görə ki, elə sahələr var ki, cavanlar özlərini daha mükəmməl hiss edir, daha yaxşı çalışır, daha səmərəli nəticələr qazanırlar. Bildiyiniz kimi, müasir təhsildə innovativ istiqamətlər var. Kadrlardan xarici dildə danışmaq bacarığı tələb olunur. Bu və müasir dövrün əsas tələbinə çevrilən digər keyfiyyətləri isə cavan nəslin nümayəndələrində tapmaq olur. Xarici ölkələrdə nüfuzlu universitetləri bitirən kifayət qədər böyük gənclər ordusu var. Onların da universitetlərə cəlb edilməsi çox vacib məsələdir. Çalışırıq ki, bu istiqamətdə də fəaliyyətimiz olsun. Eyni zamanda, öz universitetimizi bitirən, magistratura, doktorantura pilləsində təhsil almış gəncləri müəllimlik fəaliyyətinə cəlb etməyə çalışırıq.

 

- Nəticə necədir? Məqsədinizə nail ola bilirsinizmi?

 

- Düzdür, bu istiqamətdə sürətimiz elə də çox deyil. Düşünürəm ki, heç ola da bilməz. Bu məsələlər tədricən həll edilməlidir. Əsas odur ki, tendensiya artıq var.

 

AzMİU-ya tələbə qəbulu: bu il yerlərimiz 100 faiz dolacaq

 

- Qəbul imtahanlarına start verilib. Universitetinizin keçid ballarında hər hansı dəyişiklik ola bilərmi? İxtisasların keçid ballarında yenilik gözlənilirmi?

 

- Bir neçə ixtisasımızın keçid balı digər universitetlərdə eyni ixtisas üzrə tələb edilən keçid balından yüksəkdir. Bundan əlavə, abituriyentlərin test imtahanı vermədən, sadəcə buraxılış imtahanı və qabiliyyət imtahanı ilə qəbulun aparıldığı dizayn ixtisasında balları elə müəyyənləşdirmişik ki, həmin ixtisasa, sözün əsl mənasında, bacarıqlı uşaqlar gəlsin. Tutaq ki, dizayn qabiliyyət tələb edən ixtisasdır. Ancaq onların da ümumi  təhsil səviyyəsi kifayət qədər yüksək olmalıdır. Çünki universitetimizi bitirən mühəndislərdən, ixtisasından asılı olmayaraq, müəyyən səviyyədə biliklər də tələb edilir.

 

- Yerləriniz dolurmu?

 

- Ötən il yerlərimizin 95 faizi doldu. Qalan 5 faiz isə rus bölməsinə ayrılan və qiyabi şöbədə təhsil üzrə nəzərdə tutulan yerlər idi. Bunu nəzərə alsaq, plan yerlərimizin tamamilə tutulduğunu deyə bilərik. Keçən ilin nəticələrini bu ilin qəbul planını verəndə nəzərə almışıq. Ümid edirik ki, bu il yerlərimiz 100 faiz dolacaq.

 

- Hazırda universitetlərə tələbəsini özünün seçməsi kimi üstünlüyün verilməsi müzakirə olunur. AzMİU belə bir səlahiyyət əldə edərsə, hansı abituriyentlərə üstünlük verəcək: keçid balını yüksək səviyyədə toplayanlara, yoxsa qabiliyyəti ilə seçilənlərə?

 

- Bizdə qabiliyyət yalnız 2 ixtisasdadır: memarlıq və dizayn. Yəni bir fakültədədir. 7 fakültəmizin 6-nın tələbələri test imtahanının, yəni qəbul imtahanlarının nəticələrinə görə müəyyən edilir. Əlbəttə ki, test imtahanında ən yüksək nəticə göstərənlərin universitetimizə gəlməyində maraqlıyıq. Nə vaxtsa universitet özü qərar verməli olsa, ən yüksək bal toplayanlara üstünlük veriləcək. Memarlıq və dizayn ixtisası üzrə isə hər ikisi nəzərə alınmalıdır. Həm buraxılış imtahanının nəticələri yaxşı olmalı, həm də qabiliyyətli olmalıdırlar. Bu, həm də ona görədir ki, biliyi olmayanlar universitetimizdə çox çətinlik çəkərlər.

 

- Ümumtəhsil müəssisələrində kampaniyanız aparılır. Şagirdlər arasında heç bir fərq qoymadan, onların AzMİU-nu seçməsini təmin etməyə çalışırsınız?

 

- Biz maraqlıyıq ki, universiteti daha çox abituriyent seçsin. Nə qədər çox seçsələr, bizə o qədər xeyirdir. Bilik səviyyələrini isə biz müəyyənləşdirmirik. Ancaq sayı çox olarsa, onların arasından ən yaxşıları seçmək imkanımızı artırmağa çalışırıq. Təbliğat işləri aparır, ölkənin və Bakı şəhərinin rayonlarını dolaşırıq. Hətta xarici ölkələrə də təmsilçilərimizi göndəririk. Hazırlıq fakültəsinin dekanı öz həmkarları ilə birgə Türkiyənin, şimal-şərqi Anadolunun bir çox orta və kiçik şəhərlərini gəzib, türkiyəli gəncləri universitetimizə dəvət edirlər. Bu da o deməkdir ki, məlumat artdıqca təhsil müəssisəsinə maraq yaranır. Odur ki, görüşlər keçiririk. Belə görüşlərdə universitetimizin başqalarından fərqini izah etməyə, üstünlüyünü göstərməyə çalışırıq. Hansı ixtisası bitirən mühəndisin harada işləyəcəyini, hansı iş yerlərinin olduğunu diqqətinə çatdırırıq. Bu görüşlər abituriyentləri sadəcə məlumatlandırmır, həm də seçimlərini dəqiqləşdirməkdə kömək edir.

 

- Kampaniyaların təsirini hiss edirsinizmi?

 

- Təbii ki. Suallarla saytımıza müraciət edirlər və təbii ki, onların arasından universitetə gəlmək istəyənlər də çıxır. Bir məsələni də deyim. Xaricdə təşkil edilən təhsil sərgilərinə də çox böyük diqqət ayırırıq. Xüsusən, tələbə cəlb etmək şansımız olan ölkələrə diqqət yetiririk. Türkiyə, Rusiya, MDB məkanına daxil olan bəzi ölkələrdən tələbələrimiz var. Bu yaxınlarda nümayəndələrimiz Hindistanda keçirilən təhsil sərgisinə qatılacaqlar. Çalışacağıq ki, universitetimizə həmin ölkədən də tələbə cəlb edək. İnanın ki, belə kampaniyaların çox böyük faydası var. Çünki bəzən kənd məktəblərinin məzunlarının ixtisaslarla bağlı məlumatsız olduqlarını müşahidə edirik.

 

- İndiyədək universitetə qəbul aşağı balla olub. Ekspertlərin fikrincə, aşağı balla daxil olan tələbələrə universitet daha çox vaxt sərf edir. Əsasən, AzMİU-nun ixtisaslarının daxil olduğu I ixtisas qrupunda keçid balı aşağıdır. Üstəlik, qəbul prosesində daha da aşağı salındığı vaxtlar olub. Vəziyyəti dəyişmək mümkündürmü? Dəyişmək üçün universitet  olaraq nə edə bilərsiniz?

 

- Doğrudur, 600-700 bal, adətən, humanitar ixtisaslar üzrə olan qruplarda qeydə alınır. Ancaq I qrupu oxuya bilməyənlərin seçdiyi fikriylə də razılaşa bilmərəm. Riyaziyyat, fizika, kimya kimi fənlərin daxil olduğu bir ixtisas qrupunu oxuya bilməyənlər seçsə belə, onların uğurlu nəticə əldə edə bilməsi inandırıcı görünmür. Çünki bu qrup üzrə imtahanlarda riyaziyyatı yaxşı bilənlər, ağıllı uşaqlar bal toplaya bilərlər. Etiraf etməliyəm ki, 2000-ci illərin əvvəllərində, doğrudan da, çox aşağı balla qəbul həyata keçirilirdi. Get-gedə vəziyyət dəyişdi. Statistikanı izləsəniz, görəcəksiniz ki, I qrupa sənəd verən abituriyentlərin sayı ildən-ilə artır, topladıqları bal isə yüksəlir. Başqa bir tərəfdən, I qrupa sənəd verənlərin yüksək bal toplaya bilməməsinin səbəblərindən biri bu ixtisas qrupuna aid fənlərin çətinliyi ilə də əlaqələndirilə bilər.

 

- Hazırda ixtisas seçimi mərhələsində olan builki abituriyentləri universitetinizə cəlb etmək üçün onlara nə deyərdiniz?

 

- Qeyd etməliyəm ki, abituriyentlər də, elə valideynlər də mühəndis ixtisasına böyük önəm verirlər. Bir vaxtlar humanitar ixtisaslara daha çox meyil yaranmışdısa, artıq mühəndislik ixtisasına olan marağın qayıtdığı müşahidə edilməkdədir. İqtisadiyyatın inkişafı göstərir ki, ölkəyə yaxşı mühəndislər lazımdır. Bu ixtisasların üstünlüyü həm də ondadır ki, universiteti bitirdikdən sonra mühəndislər özlərinə başqaları ilə müqayisədə daha tez iş tapa bilirlər. Əmək bazarında mühəndisə kifayət qədər tələbat var. Hazırlıqlı mühəndislərə hər zaman ehtiyac olduğundan bu, ixtisas seçiminə mütləq təsir göstərir.

 

Təhsil haqqı: 4 illik təhsilini 6 ilə uzatmaq tələbəyə lazımdırmı?

 

- Universitetinizi müraciət etdiyiniz həmin abituriyentlər üçün əlçatan edən amillərdən biri də təhsil haqqıdır. Təhsil haqqının dəyişmə ehtimalı varmı?

 

- Təhsil haqqı dəyişməyib. Qərara gəldik ki, qüvvədə olan təhsil haqqı bütövlükdə əhalinin iqtisadi vəziyyətinə uyğundur və artırılmasına hələlik ehtiyac yoxdur. Daha doğrusu, universitetin ehtiyacı var. Amma zərurət yoxdur. Bu səbəbdən təhsil haqqını əvəlki qaydada saxlamışıq.

 

- Bəs, ödəmə şərtləri? Birinci kursa qəbul olunanlardan bəri başdan və birdəfəlik ödəmə tələb olunur. Bu şərtdə dəyişiklik mümkündürmü?

 

- Niyə dəyişiklik edilməlidir ki?

 

- Belə bir qayda var ki, tələbə birinci semestrdə götürdüyü kreditin pulunu ödəməlidir. Hətta ona təklif edilən tutaq ki, 6 fəndən 4-nün pulunu ödəyib qalanını saxlaya bilər.

 

- Bunlar fikir yayındıran söhbətlərdir. Tələbə birinci kursa oxumağa gələndə fənn seçir? Ona hüquq verilir, ancaq heç vaxt birinci kurs tələbəsi bu seçimi aparmır.

 

- Birinci kursa qəbul olunan tələbədən söhbət gedirsə, bu, məlumatsızlıqdan ola bilər. Böyük ehtimaldır ki, tələbə olanlar onlara belə bir hüquq verildiyindən xəbərsizdir.

 

- Hesab edirsiniz ki, bu, tələbənin xeyrinədir? Tələbə bu il keçmədiyi, saxladığı fənni nə vaxtsa keçib ondan imtahan verməlidir. Əks halda, diplomunu ala bilməyəcək.

 

- Amma təhsil haqqını birinci kursda birdəfəlik və dərhal ödəmək imkanı yoxdursa, ümumiyyətlə, təhsildən kənarda qalır.

 

- Birinci kursun proqramını iki yerə bölmək, təhsil müddətini artırmaq deməkdir. Buna qaydalar imkan verir. Tələbə istəsə, təklif etdiyimiz proqramla 4 il oxuya bilər, istəsə, daha uzun müddətə təhsilini tamamlayar. Bəli, bu mümkündür. Ancaq nə dərəcədə məqsədəuyğundur? 4 illik təhsilini 6 ilə uzatmaq ona lazımdırmı? Tutaq ki, 4 il sonra onu həqiqi hərbi xidmətə çağıracaqlar. Bu da o deməkdir ki, təhsilini hərbi xidmətdən qayıtdıqdan sonra davam etməlidir. Tələbəyə bunun bir xeyrini görmürəm. Birinci kurs tələbəsi tədrisə tam cəlb edilməsin, “fulltaym” oxumasın, “parttaym” oxusun və 5 kredit alıb təhsil müddətini artırsın. Prinsipcə bu, mümkündür. Ancaq nə qədər məqsədəuyğundur?

 

AzMİU verdiyi təhsillə də, tələbəsi ilə də öyünə bilər

 

- “Round University Ranking" Beynəlxalq reytinqinin (RUR-2018) nəticələrinə görə, Memarlıq və İnşaat Universiteti 762-ci yerdədir. Bu mövqeyinizdən məmnunsunuzmu? Reytinq cədvəllərindəki yeriniz sizi qane edirmi?

 

- Reytinq cədvəllərində yer tutmaq universitetlər üçün çox önəmlidir. Ölkədəki ali məktəblər reytinq cədvəllərində yer almaq üçün tələb olunan sənədləri, göstəriciləri artıq bir neçə ildir ki, təqdim edirlər. Hesab edirəm ki, yaxın illərdə Azərbaycan universitetləri reytinq cədvəllərində yerini yüksəltməyi bacaracaq, mövqeyini möhkəmləndirəcək. Soruşacaqsınız ki, bu əminliyi bizə nə verir? Əvvəla, ölkə universitetləri çox böyük sürətlə inkişaf edir. İkincisi isə artıq həmin reytinq cədvəllərinin tələblərini daha yaxşı öyrənirik və işimizi onlara uyğun qururuq. 5-6 il əvvəl bunu bacarmırdıq. Artıq nəticələrimiz də yüksəkdir, informasiyamız da kifayət qədərdir. Düşünürəm ki, bundan sonra reytinq siyahısında adı əksini tapan universitetlərin sayı da artacaq, mövqeyi də yaxşılaşacaq.

 

- Nəinki reytinq siyahılarına, AzMİU-nun adı Ginnesin rekordlar kitabına da salına bilər...

 

- Bəli, memarlıq ixtisası üzrə SABAH qruplarının məzunları Yaqub Mehdiyev və Nəriman Abdinli Moskva şəhərinin məşhur “Zaryadye” parkının ərazisində inşa edilən “Üzən körpü” unikal piyada estakadasının layihəsində iştirak ediblər. “Üzən körpü” estakadasının unikallığı onun konsolunun 70 metr uzunluğunda olmasıdır. Estakada Ginnesin Rekordlar kitabına daxil olmağa namizəddir. Layihənin baş mühəndisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qruplarının müəllimi Qulam Əliyevdir.

 

(ardı var)

 

Davamı: http://www.muallim.edu.az/news.php?id=1180

 

Ruhiyyə DAŞSALAHLI

 

 

 

 



18.05.2018 | 12:52