Xalq Təhsili Muzeyində anım mərasimi

“Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 fevral 2018-ci il tarixli əmrinə əsasən Xalq Təhsili Muzeyində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Bakının Pirşağı qəsəbəsində yerləşən  Xocalı şəhər 2 nömrəli tam orta məktəbin  şagird və müəllimləri, Nəsimi rayon 5 nömrəli  Uşaq-Gənclər İnkişaf  Mərkəzinin  direktoru, dərnək rəhbərləri  və dərnək üzvləri iştirak ediblər. Anım mərasimini giriş sözü ilə muzeyin direktoru L.Bayramova açaraq, Xocalı soyqırımının bəşər tarixində baş vermiş ən faciəvi hadisələrdən biri olduğunu deyib və erməni silahlı qüvvələrinin törətdiyi bu vandalizm aktını qətiyyətlə pisləyib. Soyqırım qurbanlarının xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Xalq Təhsili Muzeyinin Elmi-kütləvi iş  şöbəsinin kiçik elmi işçisi Z.Orucova  “Tarixin qan yaddaşı” mövzusunda məruzə edib. Çıxış edənlərdən  Xocalı şəhər 2 nömrəli tam orta məktəbin müəllimi, faciənin canlı şahidi Səidə Cəfərova o qanlı gecə barədə xatirələrini ürək ağrısı ilə danışıb, valideyn  Xalidə Aslanova belə tədbirlərin  keçirilməsinin gənc nəslin vətənpərvərlik  ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nəsimi rayon 5 nömrəli  UGİM-nin  direktoru  Könül Mustafayeva isə Xocalı faciəsi zamanı mənfur düşmənin əliyalın dinc sakinlərə qarşı törətdiyi  insanlığa sığmayan qəddarlığı qətiyyətlə pisləyıb.

Xocalı şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında  söylənilən  şeirlər, Nəsimi rayon 5 nömrəli UGİM-in “Bədii qiraət” və  “Məktəbli  teatrı” dərnəklərinin üzvlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş “Vətən ağrılıdır, bu matəm günü” adlı ədəbi-bədii kompozisiya, musiqinin müşayiəti ilə göstərilən videoçarx tədbir iştirakçılarını duyğulandırıb və onlarda mənfur düşmənə nifrət  və vətənə məhəbbət hissini bir daha alovlandırıb .   

Tədbirin sonunda iştirakçılar Xalq Təhsili Muzeyi fondunun sənəd və materiallarından, Nəsimi rayon 5  və Nizami rayon 3 nömrəli UGİM -nin dərnək üzvlərinin rəsm işlərindən ibarət “Xocalı soyqırımı” adlı  sərgi ilə tanış olublar.



23.02.2018 | 11:30