ADNSU-nun rektoru İsrailin nazirlik rəsmisi ilə görüşüb

Mayın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İsrailin Energetika və Su Ehtiyatları Nazirliyinin mühəndis müfəttişliyi şöbəsinin rəhbəri Viktor Bariudin ilə görüşüb.

 

ADNSU-da son vaxtlar həyata keçirilən islahatlardan danışan rektor, professor Mustafa Babanlı tədris prosesi, beynəlxalq əlaqələr, startap layihələri və s. haqqında məlumat verib. ADNSU-nun beş ixtisasının FİBAA tərəfindən Avropa Standartlarına uyğun sayılaraq beş il müddətinə akkreditasiya olunduğunu deyən rektor M.Babanlı universitetə dəvətli professorların cəlb olunması, mübadilə proqramları istiqamətindəki fəaliyyət, ingilis dilində təhsil, bakalavr, magistratura və doktorantura səviyyələrinə qəbul və s. haqqında qonağa məlumat verib.

 

İsrailin Energetika və Su Ehtiyatları Nazirliyinin mühəndis müfəttişliyi şöbəsinin rəhbəri, eyni zamanda ADNSU-nun məzunu Viktor Bariudin səmimi qəbula görə rektor Mustafa Babanlıya təşəkkür edib. ADNSU-nun böyük ənənələrə malik ali məktəb olduğunu deyən Viktor Bariudin təmsil etdiyi qurumun əməkdaşlarının kvalifikasiyalarını artırmaq üçün ADNSU-ya treninqə göndərilməsini təklif edib. Viktor Bariudin həmçinin Kompüter elmləri üzrə də birgə əməkdaşlığın mümkünlüyünü qeyd edib.

 

Görüşdə müxtəlif istiqamətlərdə əməkdaşlıq oluna biləcək məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



29.05.2018 | 18:54