“Rəssamlıq sadəcə əyləncə deyil”

Bu yazıda oxuculara təqdim etdiyim   istedad sahibi də öz yaradıcılıq potensialı ilə  diqqəti cəlb edən bir yeniyetmədir. Erkən yaşlarından sadəcə uşaq marağı ilə  rəsm çəkməyə böyük həvəs göstərən həmsöhbətim   illər ötdükcə  bu sənətin incəliklərinə əzmkarlığı sayəsində dərindən yiyələnib və nəhayət bu müddət ərzində çoxlu sayda müsabiqələrin qalibi olub. Əminəm ki, onu dinləmək mənə necə xoş təsir bağışladısa, sizin üçün də o dərəcədə  maraqlı olacaq.

 

Milli üslub və qrafika

 

2003-cü ildə  Bakı şəhərində anadan  olmuşam. İlk ibtidai təhsilimi  İlyas Əfəndiyev adına Elitar Gimnaziyada almışam. Hazırda paytaxtdakı Fizika- riyaziyyat  və informatika təmayüllü liseyin  IX sinfində təhsil  alıram. Uşaqlıqdan rəsm  çəkməyə  həvəs  göstərmişəm. Bunu nəzərə alaraq valideynlərim  məni Nizami  Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinə yazdırıblar. Dərnək müəllimim   Nərminə Abdullayevanın  diqqət və qayğısı sayəsində isə  bu sənətin  sirlərinə həvəslə  yiyələnmişəm.  Doğrusu,  rəsm çəkməyi əvvəllər  sadəcə bir  əyləncə,  bir hobbi   sayırdım.  Ağac, dağ, çay  rəsmlərini   rahatca çəkib əvvəlcə anama, sonra isə müəllimimə göstərirdim, onlar da baxıb,- çalışsan, daha   yaxşı çəkə bilərsən,- söyləyirdilər. Mən hələ onda dərk edə bilmirdim ki, rəsmin də öz dili, insanları düşündürə biləcək dərin fəlsəfəsi olmalıdır. Sonradan  öyrəndim ki, bunun adına  yaradıcılıq deyirlər. Sən demə əlinə fırça alıb  nəsə bir rəsm çəkəndə onu  fantaziyanın süzgəcindən keçirəsən,   mövzü  üzərində özün kifayət qədər düşünəsən  ki,   tamaşaçını da  düşündürə biləsən. Dərk etdim  ki,  rəssamlıq  sadəcə bir əyləncə deyil, incə, həssas bir sahədir. Rəsmlərimdə  milli üsluba, qrafikaya daha çox üstünlük  verməyə çalışıram.  Bütün arzularımı  çəkdiyim   rəsmlərdə  ifadə etməyə  və rənglərin dili ilə  bunu səssiz-səmirsir göstərməyə  nail oluram.

 

İlk fərdi sərgim

 

4-cü  sinifdə oxuyarkən  “Abşeronun övladları” sənət klubunun üzvü  idim,  ilk fərdi  sərgim də onda keçirildi. Çox həyəcanlı idim,  tamaşaçılar və sərgiyə dəvət olunan qonaqlar tərəfindən necə qarşılanacağını təsəvvür edə bilmirdim. Bu  təbii  hal idi, çünki zövqlər müxtəlif olduğundan rəsmlərim  kimlərinsə  xoşuna gəlməyə də bilərdi. Amma şükürlər olsun ki,  ötəri olan bu  sıxıntılı anlar  sonda  sevinc göz yaşları ilə əvəzləndi, hamı məni təbrik etdi,  hətta bu sənətin biliciləri tərəfindən də müsbət qarşılandı. Sərgidə  29 qrafik rəsmim və 7 tablom nümayiş  olundu. Sonda Abşeron Qalereyasının direktoru, sənətşünas Eldəniz İbrahimov rəsmlərim haqqında xoş sözlər söylədi  və mənə  yeni-yeni yaradıcılıq uğurları arzuladı. Bu, mənə bir stimul, bir  ruh yüksəkliyi bəxş etdi.

 

“Vergilər  uşaqların gözü ilə”

 

Dəfələrlə  həm  respublikadaxili, həm  də  beynəlxalq rəsm müsabiqələrində iştirak edərək  birincilik  qazanmışam.   2008-ci ildə Hüseyn Cavid adına parkda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vergilər Nazirliyinin və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm qalereyasının təşkilatçılığı ilə “Vergilər uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirildi.  Sərgidə  Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə uşaqlar üçün böyük bayram şənliyi də  təşkil olunmuşdu. Rəsm müsabiqəsində 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına aid olan məktəblilər iştirak edirdilər.  Tədris prosesi zamanı vergilər barədə müəllimlərimizdən və valideynlərimizdən aldığımız  bilgilər  sayəsində yaratdığımız rəsmlər nümayiş olundu. Bu müsabiqədə  mənim  fantaziyam yüksək  dəyərləndirildi  və II yerə layiq görüldüm.

 

Diplomla mükafatlandırıldım

 

2010-cu ildə uşaqlar arasında keçirilən “Təmiz şəhərim” adlı rəsm sərgi müsabiqəsində  qazandığım uğur da məni çox sevindirdi və II yerin sahibi  oldum.  2012- ci ildəsə   “Dədə Qorqud” Fondu və “Azərbaycan dünyası” beynəlxalq  jurnalı tərəfindən keçirilən  “Dədə Qorqud uşaqların gözü ilə” sərgisində nümayiş olunan  rəsmlərimə görə   diplomla mükafatlandırıldım. 

 

Polşadan gümüş medalla

 

Eşidəndə ki, 2015-ci ildə  Polşada  XVIII beynəlxalq uşaq rəsm müsabiqəsi keçiriləcək, çox sevindim və  mən də  yarışa   qatıldım, amma  yenə də  çox həyəcanlı  idim. Bilirdim ki,  beynəlxalq müsabiqələrə olduqca sanballı mütəxəssislər tərəfindən  yüksək qiymətləndirilən əsərlər təqdim olunur. Bu məsuliyyəti dərindən dərk etdiyimə görə  bəlkə  həvəsləndirici mükafatla da qane olardım. Amma sonda həyəcanıma heç bir əsasın  olmadığının şahidi oldum və  gümüş medala layiq görüldüm. Sanki, onda mənə bir dünya sevinc bəxş edildi. Qazandığım uğurlar məni ruhlandırır, daha məhsuldar çalışmağıma təkan verir. Bunun bəhrəsidir ki,  növbəti il bir-birinin ardınca Polşada tanınmış rəssam Van Qoqa həsr olunmuş beynəlxalq uşaq rəsm sərgisində, Sloveniyada keçirilən XXII beynəlxalq uşaq və Xətai İncəsənət  Mərkəzində keçirilən “Mənim düşüncəm” adlı rəsm müsabiqələrində  rəsm əsərlərim I yerləri qazandı.

 

“Mənim  düşüncələrim”

 

2017-ci il  mənə daha bol sevinc hissləri yaşatdı.   Yunanıstanda keçirilən “Musiqi yollarında” adlı VII beynəlxalq rəsm müsabiqəsində  I yerin sahibi oldum. Həmin ilin 24 mayında  “Mənim rəngli düşüncələrim” adlı ikinci fərdi  sərgim  keçirildi. Sərgidə 50-dan  çox rəsm əsərim  nümayiş olundu. Burada həm sulu, həm də yağlı boya ilə işlənmiş rəsm əsərlərim  təqdim olunurdu. Sərgidə  çoxlu qonaqlar, müəllimlər və məktəb şagirdləri iştirak edirdilər. Üzlərdəki təbəssüm hisslərindən   razılıq ifadələri oxunurdu. Müəllimlərim, sinif yoldaşlarım, dostlarım  da sevinclərini  gizlədə bilmirdilər. Bu, mənim üçün olduqca xoş idi, çünki bu xoş əhvali-ruhiyyəni onlara yaşadan mənim əsərlərim, rənglərin dili ilə möcüzələr yaradan firçam idi. 

 

Qran-pri mükafatı

 

Ümumiyyətlə,  2017-ci il mənim üçün  çox uğurlu  olub. 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunları Respublika  təsviri sənət müsabiqəsinin Qran-pri mükafatını qazanmışam. Bolqarıstanın Nova Zagora şəhərində keçirilən XIX beynəlxalq rəsm müsabiqəsində diplomla, Finlandiyada keçirilən “Birlikdə” adlı XVI beynəlxalq  və ölkəmizdə keçirilən  “Dostluğun sehri”  adlı II  beynəlxalq uşaq rəsm müsabiqələrində II yerlərin qalibi olmuşam.  Hindistanda keçirilən IX  uşaq və gənclərin beynəlxalq rəsm müsabiqəsində isə  münsiflər heyətinin xüsusi diplomuna layiq görülmüşəm.

...Məktəbdə  də nümunəvi şagirdlərdən biriyəm. Riyaziyyat fənninəsə daha çox  maraq göstərirəm. Mən həm də  I dərəcəli şahmatçıyam. Gələcəkdə   beynəlxalq yarışlarda  bu idman növünün də  şərəfini qorumağı qarşıma məqsəd qoymuşam.

 

Sifai  SƏFƏROVA



26.02.2018 | 11:00