“Heç kimin imtahanlara müdaxilə imkanı yoxdur”

III söhbət

 

Əvvəli: http://muallim.edu.az/news.php?id=1180

 

Sağlam mühit müasir universitet üçün əsas şərtlərdəndir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova rəhbərlik etdiyi dövrdə buna nail ola bilibmi? Bu istiqamətdə qarşısına çıxan maneələr çoxdurmu?

 

Rektorla söhbətimizin bu hissəsində sağlam mühit, sağlam düşüncə formalaşdırmaq üçün rəhbərlik etdiyi təhsil müəssisəsində həyata keçirdiyi tədbirlərdən danışdıq.

 

- Müasir təhsil sistemində sağlam mühit çox önəmlidir. Azərbaycanda bir neçə ildir ki, təhsildə, xüsusən ali təhsil pilləsində bu amilə xüsusi önəm verilir. Bu istiqamətdə hədəflərinizə çata bilirsinizmi? Üstəlik, orta yaş və yaşlı nəslin nümayəndələrinin üstünlük təşkil etdiyi bir kontingentlə işlədiyinizi nəzərə alsaq, sovet təhsil mühitindən qalan bir çox neqativ amillə mübarizə aparıb müasir təhsil mühiti yaratmaq yəqin elə də asan deyil.

 

- Bu, çox vacib məsələdir. Ölkə universitetlərinin hər biri ilə bağlı cəmiyyətdə müəyyən fikir formalaşıb. Yəni hər universitetin öz reytinqi var. Düşünürəm ki, universitetimizlə bağlı rəyi məndən yaxşı bilərsiniz.

 

Çalışırıq ki, universitetimizin işindən, həyatından neqativ amillər, sağlam mühitə mənfi təsir edəcək məqamlar tamamilə çıxsın. Bunun üçün də çox iş görürük. Universitetə rəhbərlik etdiyim ilk illərdən bu istiqamətdə, sözün əsl mənasında, mübarizə aparıram. Əsas fəaliyyətimiz ona yönəlib ki, müəllim-tələbə münasibətləri yüksək səviyyədə olsun.

 

Tələbə universitetdə özünü rahat hiss etsin, işgüzar mühitdə oxusun və formalaşsın. Bilsin ki, bu universitetdə ancaq öz biliyi, öz bacarığı ilə oxuya bilər. Bir sözlə, uzun illərdir ki, bütün səylərimiz buna yönəlib.

 

Dəqiq qiymətləndirmə kriteriyaları olarsa...

 

- Bu səylər nədən ibarətdir və nəticə veribmi?

 

- İlk növbədə, imtahan prosesini nəzarətə götürmüşük. İmtahan sessiyası iki cür keçir. Tələbələrə test bankı verilir, onlar semestr boyu həmin test bankı üzrə imtahanlara hazırlaşa bilərlər. Amma imtahanlarda əzbərçilikdən qaçmaq üçün testlərə həmin banklarda olmayan açıq suallar da, analoji suallar da salırıq. Buna əminəm ki, hər bir tələbə test imtahanında öz biliyinə uyğun qiymət alır. Tam obyektiv, tam şəffaf imtahanlara nail olmuşuq. Qiymətləndirmə də kompüter tərəfindən aparılır və ora heç bir müdaxilə edilmir. Yəni, nə işçi, nə də müəllimin hər hansı müdaxilə imkanı yoxdur. İmtahanlarımızın ikinci hissəsi yazılı olur. Tələbələrin yazı işi şifrələnərək yoxlanması üçün müəllimlərə təqdim edilir. Çalışırıq ki, qrupların işini müxtəlif müəllimlər yoxlasınlar. Bu işə kafedra müdirlərini də cəlb edirik. Şifrələr yalnız qiymətləndirmə aparıldıqdan sonra açılır və kimin qiymətinin neçə olduğu o zaman bəlli olur. Burada da şəffaflığı təmin etmişik. Ancaq insan olan yerdə subyektivlik də var. Bəzən bir cavaba müəllimlər müxtəlif bal verə bilər. Amma bunun da qarşısını almağa çalışırıq. Dəqiq qiymətləndirmə kriteriyaları olarsa, insan amilinin təsirinin azalacağını düşünürük. Bütün qüvvəmizi ona cəmləşdirmişik ki, tələbə yalnız öz bilik və bacarığı ilə qiymət ala, sadəcə oxuyaraq universiteti bitirə biləcəyinə əmin olsun. Bu məsələdə heç kimin köməyinə arxayın ola bilməz.

 

- Elə isə maraqlıdır, bəs, xahişlərlə necə mübarizə aparırsınız? Zəng edib tələbələrinizdən birinə özünüzün kömək etməyinizi istəyən dost-tanışa nə deyirsiniz?

 

- Mən mübarizə aparmıram. Həmin şəxslərə izah etməyə çalışıram ki, yaxınının yaxşı mütəxəssis olmasını istəyirsə, onunla daha ciddi olmağımızı xahiş etməlidir, oxumamasına göz yummağımızı yox.

 

- Nədənsə, izahınızın az təsir etdiyinə daha çox inanıram.

 

- Mənimlə razılaşanlar da olur, razılaşmayanlar da. Hətta küsürlər də. Ancaq nə etmək olar? Bəzi hədəflərə nail olmaq üçün doğru bildiklərimizdə israrlı olmalıyıq.

 

Plagiat inkişafın, yeniliyin düşmənidir

 

- Təhsildə keyfiyyətdən danışanda ilk ağla gələn amillərdən biri plagiat olur. Xüsusən, internet əsrində bu istiqamətdə vəziyyət pisləşib. İstənilən materialda plagiat çıxır, ya tamamilə, ya da qismən. Plagiatla mübarizə apara bilirsiniz?

 

- Plagiatla mübarizə aparırıq. Hətta bir plagiat şirkəti ilə müqavilə bağlamışıq. Bütün dissertasiyalarımızı, məqalələrimizi plagiat yoxlamasından keçiririk. Keçən ildən başlayaraq, magistr dissertasiyalarımızı da həmin proqramdan keçirib sonra müdafiəyə buraxırıq. Plagiat inkişafın, yeniliyin düşmənidir. Onunla mübarizəyə çox ciddi yanaşmaq lazımdır. Plagiata son qoymaq üçün elmi jurnallarımızda da xüsusi tələblər qoymuşuq. Universitetimizin 5 elmi jurnalı var. Onların qarşısında məsələ qəti qoyulub: çap olunanlar arasında plagiat olmamalıdır!

 

- “Plagiat.pl” şirkətinin direktoru Əli Təhməzov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində universitetlərin öz tələbələrinə elmi işi plagiatdan tam təmizlənənə qədər yoxlamadan keçirməyə şərait yaradıldığını demişdi...

 

- Plagiat şirkəti ilə bağladığımız müqaviləyə əsasən, tələbəyə bir dəfə bu şans verilir. Magistr işini bir dəfə yoxlamadan keçirir, plagiat çıxırsa, işi tələbəyə qaytarırıq ki, yazısını plagiatdan təmizləsin. Bunu etməmək mümkün də deyil. Yəni təklif edirsiniz ki, plagiat tapılan bütün tələbə və magistrlərimizi universitetdən qovaq? Plagiat sistemi pulsuz bir şans verir. Amma həmin sistemdən ödənişli olaraq ikinci, üçüncü dəfə də istifadə etmək olar.

 

Gənclərimizdə idmana həvəs yoxdur

 

- Məktəblilərin idman nailiyyətləri daha yaxşıdır, nəinki tələbələrin. Təhsil Nazirliyində idmanda böyük nailiyyətləri olan gənclərin ali məktəblərə qəbulunun asanlaşması və uğurlarının universitetlərdə  də davam etməsi üçün tədbirlər düşünülür. Universitetinizdə Xalq artisti Roza Cəlilovanın rəhbərliyi ilə “Buta” rəqs ansamblı, Şən və hazırcavablar qrupu, Aydın Ağamalıyevin rəhbərliyi ilə Xalq çalğı alətləri ansamblı, Debat intellektual gənclər klubu - (breyn - rinq) fəaliyyət göstərir, hətta beynəlxalq tədbirlərdə universitetinizi təmsil edirlər. İdman sahəsində də uğurlarınız varmı?Ali məktəb olaraq AzMİU idmançı tələbələrinə dəstək verə bilirmi?

 

 

- Əlbəttə, idmanla məşğul olan tələbələrimiz də var, onların idman etmələri üçün ayrıca idman korpusumuz da. Həmin korpusda tennis, mini-futbolla məşğul olmaq üçün hər cür şərait yaradılıb, trenajorlar qurulub. Elə bu şəraitin olması onların həvəslənməsi, universitetin dəstəyini hiss etmələri üçün böyük amildir. Amma başqa yolları da sınaqdan çıxarırıq. Bu məqsədlə mütəmadi təbliğat aparırıq. Hər il universitetə qəbul olunan tələbələrlə görüşlərimdə onlara ilk tövsiyəm məhz bununla bağlı olur. Onlara mütləq idmanla məşğul olmalarını məsləhət görürəm. İdmanın müsbət cəhətlərindən danışıram. İdmanın onlara verə biləcəyi üstünlükləri sadalayıram. İdman gənclərin insan kimi formalaşmasında çox böyük əhəmiyyətə malikdir. Bu baxımdan bu amilə bizim universitetdə xüsusi diqqət var. Amma idmanı kütləvi şəkildə hamıya sevdirməyə, düzü, nail ola bilmirik. Təəssüf edirəm ki, gənclərimizdə idmana həvəs, demək olar ki, yoxdur. Yəni idmanı ali təhsil müəssisələrində, konkret desəm, bizim universitetimizdə kütləviləşdirmək o qədər də asan deyil.

 

- Bəs, gənclər nəyə daha həvəslidirlər?

 

- Təəssüf ki, indi gənclər hardasa oturmağa, kompüter və ya telefonla məşğul olmağa daha çox vaxt ayırırlar. Ancaq bu o demək deyil ki, idman sahəsində heç bir uğurumuz yoxdur. Universitetin fəal yığma komandaları mütəmadi olaraq yarışlara qatılır. Güləşin müxtəlif növlərində özünü sınayan və uğur qazanan gənclərimiz çoxdur. Qeyd edim ki, güləşlə həvəslə məşğul olurlar. Güləşin iki növü üzrə, o cümlədən mini-futbol üzrə komandalarmız fəaliyyət göstərir. Həmin komandalar Bakıda keçirilən yarışlarda kifayət qədər fəal iştirak edir, yüksək yerlər tuturlar. Elə bu ay Türkmənistanın Azərbaycandakı səfirliyi ölkəmizin ali məktəb tələbələri arasında futbol yarışı təşkil etmişdi. AzMİU komandası bu yarışda uğurla iştirak etdi. Komandamız futzalda B qrupunda ADNSU və BANM-ı udaraq finala çıxdı. Amma finalda 5-4 hesabı ilə Bakı Mühəndislik Universitetinə uduzaraq bu turniri 2-ci yerdə başa vurdu. Oyunlar universitetimizin meydançalarında keçirildi. Çox istərdim ki, hər tələbəmiz idmanla məşğul olsun. Onlardan böyük gözləntilərimiz də yoxdur. Bizim üçün vacib deyil ki, çətin tapşırıqlar yerinə yetirsinlər, böyük yarışlara çıxıb ciddi nailiyyətlər qazansınlar. Sadəcə, bədən tərbiyəsi ilə də məşğul olsalar, hər tələbəmiz idmanı gündəlik həyatına daxil etsə, bunu özümüzün uğurumuz sayarıq. Tələbələrimizin həvəsini artırmaq, idmanı onların həyatının ayrılmaz hissəsinə çevirmək üçün əlimizdən gələni etsək də, bu məsələdə passivdirlər və bu da məni qane etmir.

 

- Tələbələrinizdən başqa nə gözləntiləriniz var? Görüşlərinizdə onlara əsas tövsiyəniz, tələbələrinizdən istəyiniz nə olur?

 

- İstər qəbul olunan kimi birinci kurs tələbələri ilə, istərsə də fakültələrdə təşkil edilən ayrı-ayrı görüşlərdə onlara hüquqlarını bilmələrini, tələb etmələrini söyləyirəm. Bizim onlardan ən böyük gözləntimiz məhz budur. Həmişə vurğulayıram ki, kompüter və dil biliklərini inkişaf etdirsinlər. Bu, onların inkişafı baxımından lazımdır. İdmanla məşğul olmalıdırlar, bu da onların sağlamlığı üçün önəmli şərtdir.

 

Əsas məqsədimiz odur ki, onları unutmayaq, unutdurmayaq

 

- Şəhid tələbələriniz arasında həm azadlıq mübarizəsinin qəhrəmanları, həm də torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olanlar var. Təhsilin məqsədinin vətənpərvər, dövlətinə və millətinə bağlı şəxsiyyət yetişdirmək olduğunu nəzərə alsaq, bu məsələyə diqqət yetirməmək mümkün deyil. Bu istiqamətdə nə edə bilmisiniz, nə etməyi düşünürsünüz?

 

 

- Memarlıq və İnşaat Universitetində tərbiyəvi işin əsasında məhz bu istiqamət dayanır. Universitetimizdə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən çoxsaylı şəhidimiz var. Əsas məqsədimiz odur ki, onları unutmayaq, unutdurmayaq. Müstəqilliyimizin də, ərazi bütövlüyümüzün də kimlərin çiyinləri üzərində dayandığını və onları hər zaman qiymətləndirəcəyimizi hamı bilməlidir. Universitetin binasında şəhidlər guşəsi yaratmışıq. Burada milli qəhrəmanlarımızla, həm 20 Yanvar faciəsində, həm də Qarabağ uğrunda savaşlarda şəhid olanlarla bağlı məlumatlar yerləşdirilib. Milli qəhrəman və qəhrəmanlıq göstərərək şəhid olan tələbələrimizin xatirəsini mütəmadi anırıq. Onlarla bağlı filmlər göstərilir. Ayrı-ayrı fakültələrdə də şəhidlərimizin xatirəsi anılır. Bəzi fakültələrimizdə şəhid tələbələrimizə həsr olunan guşə yaradılıb. Məsələn, memarlıq fakültəsinin tələbəsi ikən Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Fuad Əsədovun həmin fakültədə barelyefi var. Nəqliyyat fakültəsində, o cümlədən başqa fakültələrdə də həmin fakültədə təhsil alan, təhsili yarımçıq qalan, yaxud məzun olan şəhid tələbələrimizin büstü qoyulub. Bu cür tədbirlərlə universitetimizə daxil olan gənclərə onlardan əvvəl bu təhsil müəssisəsində oxuyan və ərazi bütövlüyümüz, azadlığımız uğrunda canından keçənləri tanıtdırdığımızı düşünürük. Bununla çalışırıq ki, tələbələrimizdə milli dəyərləri, torpağa bağlılığı, xalqa sevgi hissini inkişaf etdirək. Mart soyqırımı ilə əlaqədar tələbələrimiz qrup şəklində Qubaya getdilər. Orada soyqırım qurbanlarını ziyarət etdilər. Həmin qrupların içərisində əcnəbi tələbələrimiz də vardı. Bu istiqaməti vacibliyinə görə ilk sıraya qoymuşuq və hesab edirəm ki, hələ görüləcək işlərimiz çoxdur.

 

Ruhiyyə DAŞSALAHLI

 



01.06.2018 | 13:43