ADU-da Xocalı faciəsi yad edilib

Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar Təşkilatının (THT) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Xocalıda törədilən faciə haqqında ümumi məlumat verilib, həyatını itirən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra TGT-nin nəzdində fəaliyyət göstərən Teatr klubu tərəfindən hazırlanan “Ürəyində arzu tut” adlı tamaşa tələbələrin ifasında nümayiş edilib. Tamaşada Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu, eyni zamanda xalqımızın müharibədə keçdiyi əzab-əziyyətli, məşəqqətli yol,  müharibənin  acı nəticələri əks olunub.  

Tamaşadan sonra tədbirdə “Mən Xocalıyam” adlı video-çarx nümayiş olunub, “Laçın”, “Cənab leytenant”, “Çırpınırdı Qara dəniz”, ingilis dilində “Xocalıya ədalət!” mahnıları və “Qarabağ şikəstəsi” ifa olunub. 

 



27.02.2018 | 09:00