Olimpiadada fərqlənənlərin fərqləndirilməsi

Respublika Fənn Olimpiadaları qalibləri növbəti dərs ilindən ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək. Bu, “Təhsil haqqında” Qanuna edilən dəyişiklikdən sonra mümkün olacaq. İyunun 12-də Milli Məclisin plenar iclasında qəbul edilən dəyişikliklər paketi Prezidentin təsdiqindən sonra qüvvəyə minəcək. Sözügedən dəyişiklik qanunun 29.0.45.-ci maddəsinə əsasən həyata keçiriləcək. Qanunun həmin maddəsində təhsil sisteminin işçiləri üçün dövlət təltiflərini, fəxri adları müəyyənləşdirmək, elmi, pedaqoji fəaliyyəti və yaradıcılığı ilə seçilən təhsilverənlər və yüksək akademik nailiyyətləri ilə fərqlənən təhsilalanlar, o cümlədən Respublika Fənn Olimpiadalarının qalibləri üçün təltiflər, mükafatlar təsis etmək və digər həvəsləndirici tədbirlər görmək nəzərdə tutulub.

 

Deputatlar nəyə etiraz edir?

 

Qanun layihəsinin müzakirəsi zamanı deputatlar arasında ciddi fikir ayrılığı müşahidə edilib. Hətta sözügedən dəyişiklik deputatların etirazına da səbəb olub. Etiraz edənlər fikrini bu dəyişikliyin ayrı-seçkiliyə səbəb olacağı, şəffaflığın pozulmasına gətirib çıxaracağı, hətta xoşagəlməz hadisələrə meydan açacağı ilə izah ediblər. Məsələn, Milli Məclisin deputatı Qənirə Paşayeva Respublika Fənn Olimpiadaları qaliblərinin tamamilə imtahandankənar ali məktəbə qəbul olunması ilə bağlı müddəaya yenidən baxmağı zəruri sayıb. O, bunu qəbulla bağlı məktəblilər arasında ayrı-seçkilik kimi qiymətləndirib.

 

Qənirə Paşayevaya Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə də dəstək verib: “İmkanlı ailələr övladlarını hər yerdə oxutmağa vəsait tapa bilərlər, amma imkansız ailələrin savadlı uşaqlarının təhsil almasına gedən yol qəbul imtahanlarından keçir”.

 

O qeyd edib ki, olimpiadada qalib gələnlər elə imtahanı da verib universitetə qəbul oluna bilərlər: “Mənə elə gəlir ki, biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq. Ya sistemdə köklü dəyişikliklər etməliyik, ya da buna toxunmamalıyıq. İmkan verməliyik ki, hamı ədalətli prinsiplərlə imtahanları verib, öz biliyi ilə universitetə daxil olsun”.

 

Maraqlıdır, “ədalət prinsipi”nin pozulacağına dair bu narahatlıq hardan və nədən qaynaqlanır?

 

Ümumiyyətlə, narahatlığa əsas varmı? Ən önəmlisi, bu dəyişikliyi zərurətə çevirən nədir? 

 

Təhsil Nazirliyi təşəbbüs göstərib

 

Sözügedən dəyişiklik Təhsil Nazirliyinin təşəbbüsüdür. Qurum beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlayıb.

 

Təhsil naziri Ceyhun Bayramov nazirliyin qərarını belə izah edib: “Mövcud qanunvericiliyə əsasən, beynəlxalq fənn olimpiadalarının qalibləri Azərbaycan ali təhsil müəssisələrinə öz ixtisaslarına uyğun qəbul olunmaq imkanı əldə edirlər. Halbuki beynəlxalq fənn olimpiadalarında qalib olmaq çox yüksək göstəricidir. Ona görə də bu nailiyyəti göstərən gəncə istənilən universiteti və ixtisası seçməkdə məhdudiyyət qoymağı ədalətli hesab etmədik. Bununla həm də istedadlı gənclərin olimpiadalara olan marağını artıracağımızı düşündük. İkinci bir məsələ, “Təhsil haqqında” qanunda Respublika Fənn Olimpiadaları ilə bağlı norma nəzərdə  tutulmurdu. Bu dəyişiklik də uzun təhlillərə əsaslanır. Belə ki, 2015, 2016 və 2017-ci illərin olimpiada qaliblərinin ali təhsil müəssisələrinə qəbul zamanı göstərdikləri statistik rəqəmləri araşdırdıq. Gördük ki, 8 fəndən minimum orta bal coğrafiya olimpiadasında qalib yer tutanların nəticəsində özünü göstərib. 2017-ci ildə onların orta balı 648 bal, riyaziyyat üzrə yer tutanların isə 676 bal olub. Olimpiada qaliblərinin orta göstəriciləri 656 bal civarındadır. Bu da ona dəlalət edir ki, Respublika Fənn Olimpiadalarında təsadüfi şagird yer tutmayıb. Bu, çox ciddi yarışdır və ancaq yaxşıların yaxşısı seçilir”.

 

C.Bayramov olimpiadaların təşkilində həyata keçirilən islahatlardan da danışıb: “2014-cü ildən başlayaraq, beynəlxalq formata uyğun kifayət qədər əsaslı dəyişikliklər etdik. Qeyd edim ki, bizdə fənlərin sayı daha genişdir, nəinki Azərbaycanın da iştirak etdiyi dünya fənn olimpiadalarında”.

 

Təhsil naziri bu təşəbbüsdə nazirliyin məqsədini açıqlayaraq deyib: “Ancaq biz də onları motivasiya etməliyik. Çünki bir çox halda belə faktların da şahidi oluruq ki, IX sinifdə olimpiadada iştirak edənlər yuxarı siniflərdə bilik yarışlarına qatılmaqda maraqlı olmurlar. Ali təhsil müəssisələrinə hazırlığa üstünlük verirlər. Ancaq olimpiadada qazandıqları uğurların da nəzərə alınacağından əmin olsalar, qatılmaqda tərəddüd etməzlər. Bunu nəzərə alaraq Respublika Fənn Olimpiadalarının qaliblərinə də ali təhsil sisteminə müsabiqədənkənar qəbul olunmaq şansı verməyi qərara aldıq. Ancaq Respublika Fənn Olimpiadalarının mükafatçıları dünya fənn olimpiadaları qaliblərindən fərqli olaraq, qalib olduqları fənnə uyğun ixtisas seçə biləcəklər. Ölkə başçısı təsdiq etdikdən və qanun qüvvəyə mindikdən sonra qaydalar hazırlanacaq. Həmin qaydalarda hər xırda ayrıntı müəyyən ediləcək. Məsələn, fizikadan Respublika Fənn Olimpiadası qaliblərinin hansı ixtisaslara imtahansız qəbul oluna biləcəyi dəqiq göstəriləcək. Həmin ixtisaslardan heç biri olimpiada qalibinin istəyinə uyğun deyilsə, imtahanlara qatılaraq arzuladığı ixtisas uğrunda mübarizəyə qatıla biləcək”.

 

DİM də dəstəkləyib

 

Təhsil Nazirliyinin qanun layihəsində əksini tapan həmin dəyişikliyini Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də dəstəkləyib. O bildirib ki, DİM Təhsil Nazirliyinin olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbuluna dair qanunvericiliyə dəyişiklik təklifinə müsbət rəy verib: “Olimpiadaların qalibləri qəbul imtahanlarında yüksək nəticə göstərirlər. Bunu nəzərə alaraq qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərə müsbət yanaşırıq”.

 

Olimpiada hərəkatında artan dinamika

 

Respublika Fənn Olimpiadaları sadəcə statistik nəticələri ilə dövlət qurumları arasında etimad qazanmayıb. Ölkəmizdə böyük olimpiada təcrübəsi olub. Ancaq son bir neçə ildə olimpiada hərəkatında ildən-ilə artan dinamika müşahidə edilir. Bu isə güclənən etimad və böyüyən maraqla izah oluna bilər. Bəs, bu etimadı yaradan səbəb nədir? Təbii ki, olimpiadaların təşkilində təhsil naziri C.Bayramovun da vurğuladığı dəyişiklik və ədalət prinsipinin pozulmaması. 3 ildir fərqli qaydalarla müxtəlif formatda Respublika Fənn Olimpiadaları şəffaf və ədalətli keçirildiyi üçün, sözün əsl mənasında, böyük hərəkata çevrilib. İldən-ilə nüfuzu artdıqca da iştirakçılarının sayı çoxalır. Nəticədə artan iştirakçı sayı gərgin müsabiqə şəraiti yaradır və kifayət qədər böyük rəqabət mühiti formalaşır. Beləliklə, müxtəlif yaş qruplarında olan məktəblilər hər növbəti mərhələyə daha çox hazırlaşır və olimpiadada iştiraka kifayət qədər məsuliyyətlə yanaşırlar. Artım dinamikasının ayrı-ayrı fənlər üzrə də müşahidə olunması olimpiadanın məqsədinə çatdığını göstərir. Demək, şagirdlər arasında ayrı-ayrı fənlərə olan sevgi artır.

 

Dəyişiklik təhsilimizə nə verəcək?

 

Beləliklə, dəyişikliklərin əksini tapdığı qanun qüvvəyə mindikdən sonra olimpiadaların təşkili daha da canlanacaq. Bu dəyişiklik ayrı-seçkiliyə deyil, əksinə, güclü rəqabət mühitinin formalaşmasına səbəb olacaq. Hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradacağı barədə narahatlığa, ümumiyyətlə, əsas yoxdur. Bunu indiyədək aparılan müşahidələr də təsdiq edir.

 

Olimpiada qaliblərinin öz nəticələrini ali təhsil müəssisələrinə qəbul imtahanlarında da doğrultması hər hansı ədalətsiz qərar ehtimalını aradan qaldırır.

 

“Təhsil haqqında” qanunda edilən dəyişikliyin olimpiadalara marağı artıracağı şagirdlər arasında da şübhə doğurmur. Olimpiada qalibi, Təhsil Nazirliyinin tabeliyindəki fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Şəmistan Lətifov deyir: “Qanunda edilən dəyişiklik olimpiadalarda “partlayış” yaradacaq. Bir neçə il əvvəl 22 min nəfərə qədər şagird olimpiadada iştirak etmişdi. Bu il 33 min nəfər qatıldı. Qanunda edilən bu dəyişiklikdən sonra olimpiadalarda iştirak faizi sürətlə yüksələcək”.

 

Təhsildə keyfiyyət artacaq

 

Həvəslənib olimpiada hərəkatına qoşulan şagirdlərin sayının çoxalması təhsildə keyfiyyətin artmasında mühüm rol oynayacaq. Axı, olimpiadalar, sadəcə fənlərə sevgi yaratmır. Şagirdlərdə dərs prosesində, ya da qəbul imtahanlarına hazırlaşarkən formalaşmayan bəzi vərdişlər formalaşdırır. Elə götürək test üsuluna münasibətdə irəli sürülən iddiaları. İndiyə qədər ali təhsil müəssisələrinin rəhbərləri, müəllimləri müsahibələrində bir məqamı xüsusi vurğulayırlar ki, ali məktəbə qəbul olunanlar fikrini ifadə etməkdə çətinlik çəkir, yazılı və şifahi cavablar verərkən axsayırlar. Test üsulu ilə qəbul imtahanları onları əzbərçiliyə alışdırır və fənni mənimsəmək yerinə suallara cavabları əzbərləməklə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanırlar. Tələbə adını ən yüksək bal toplayaraq qazananların çox olmasına baxmayaraq, indiyədək  magistraturaya qəbulda yüksək göstərici müşahidə edilməməsini də abituriyentlərin əzbərçiliyinin təsdiqi kimi qiymətləndirənlər çoxdur. Tələbələrin semestr imtahanlarını belə test üsulu ilə verməkdə israrlı olmaları da məhz bununla izah edilir ki, onlar qəbula hazırlaşarkən fənləri mənimsəmir, sadəcə, sualların cavablarını əzbərləyirlər. Bütün bu iddialar təhsil ictimaiyyətinin tez-tez müzakirəyə çıxardığı fikirlərdir.

 

Respublika Fənn və Beynəlxalq olimpiadaların iştirakçısı və qalibi olan, fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Mehdi Ağacanov da deyilənlərlə razıdır: “Müəllim məsələ verdi. Məsələni dərhal həll etdim. Ancaq sinifdəki başqa uşaqlardan heç kim həll edə bilmədi. Nəticədə müəllim onlara düstur verdi və həmin düsturu əzbərləmələrini tapşırdı”.

 

M.Ağacanov olimpiadalara hazırlığın qəbul imtahanlarına hazırlıqdan fərqləndiyini deyir: “Bu ikisi tamamilə fərqlidir. Qəbul imtahanı olimpiadadan fərqləndiyi kimi, hazırlıq da fərqlənir. Hətta müəllimlər də iki qrupa bölünür. DİM-in proqramı əsasında ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşdıran müəllimlər və fənni mənimsədən müəllimlər ayrılır. Fənni öyrədən müəllimlərin yanına heç kim getmir. İndiki vəziyyətdə qəbul imtahanlarına hazırlaşdıran müəllimlər daha çox şöhrət qazanıblar. Məsələn, fizika üzrə şagird hazırlayan müəllimin yanına heç kim getmir. Çünki o, fizikanı öyrədir, məsələlər həll etdirir”.

 

Dəfələrlə olimpiada qalibi Ağacan Mehdiyev fərqi belə izah edir: “Qəbul imtahanında əsas məsələ cavab kartında səhv etməməkdir. Bir də yaxşı əzbərləmək lazımdır. Olimpiadaya hazırlaşmaq isə həll yolları öyrənməkdir. Bəzən olimpiadada qarşına elə məsələlər çıxır ki, bildiyin, sınaqdan çıxardığın yollar işə yaramır. Onda o məsələnin həlli yolunu özün tapmalı olursan. Ona görə də, həmin çətinliklə qarşılaşana qədər çoxlu məsələ həll etməlisən. Məsələ həll etməyin yollarını mənimsəməlisən”.

 

Olimpiadalarda qərar verməyi bacaran nəsil yetişəcək

 

Beləliklə, olimpiadalara hazırlıq şagirdlərin sadəcə fənlərə olan marağını artırmayacaq, məktəblilər fənni daha yaxşı mənimsəyəcək, ayrı-ayrı mövzular üzərində çalışmağı, tədqiqat aparmağı, ən çətin vəziyyətlərdən çıxmağı öyrənəcəklər. Bunları olimpiadaya hazırlaşan hər şagirdin öyrənməsi təhsildə keyfiyyətə xidmət edəcək. Ayrı-ayrı ixtisas sahələri üzrə məntiqli, dünyagörüşlü, çətin vəziyyətlərdən çıxmağı bacaran şagirdlər ortaya çıxacaq. Yəni, təhsil məqsədinə, müasir təhsil proqramı hədəfinə çatacaq. Məktəblərimizdə bacarıqlı, nəzəriyyəni təcrübədən keçirmiş, məsələlər üzərində düşünməyi, qərar verməyi, hətta risk etməyi bacaran idarəedici şagirdlər yetişəcək.

 

İstədiyimiz də bu deyilmi?

 

Ruhiyyə DAŞSALAHLI

 

 

 



22.06.2018 | 11:15