İstedadlı şagirdlərin aşkara çıxarılması və onlarla işin təşkili formaları

Müasir dövrdə ölkənin inkişafı, xalqın tərəqqisi və maddi rifahı texniki tərəqqinin, kompüter və informasiya texnologiyalarının yüksək inkişaf səviyyəsindən asılıdır. Bu baxımdan dövlətimizin iqtisadi və siyasi cəhətdən daha güclü inkişafı üçün düşünən beyinə, istedadlı, zəkalı elm sahiblərinə həmişə ehtiyac var. Bu məqsədlə dövlətimiz xüsusi qabiliyyəti və istedadı olan uşaqların aşkara çıxarılıb onlarla hərtərəfli iş aparılmasını məhz təhsil ocaqları qarşısında aktual məsələ kimi qoymuşdur. Bu işdə məktəbin, müəllimin üzərinə mühüm vəzifələr düşür. Müşahidələr və araşdırmalar göstərir ki, məktəblərdə istedadlı uşaqlar az deyil. Sadəcə onları üzə  çıxarmaq, düzgün istiqamətləndirmək lazımdır. Onların yaradıcılıq qabiliyyətini inkişaf etdirmək vacibdir. Bu sahədə artıq özünü doğrultmuş iş təcrübəmi oxucularla bölüşmək istəyirəm.

 

İş təcrübəmdə qabiliyyətli və istedadlı şagirdlərin aşkara çıxarılmasının aşağıdakı meyarlarını müəyyənləşdirmişəm. Kimyadan qabiliyyətli şagirdlər aşağıdakıları bilməli və bacarmalıdırlar:

 

1.Öz fikirlərini, mülahizələrini sistemli şərh, lazım gəldikdə fakt və dəlillərlə onları müdafiə etməyi, müqayisələr, ümumiləşdirmələr aparmağı, hər bir hadisənin şərhinə yaradıcı yanaşmağı;

2.Məsələni analiz-sintez etmək qabiliyyətinə malik olmalı,  onlara verilmiş məsələnin necə həll edildiyini müstəqil araşdırmağı, mühakimə yürütməyi, nəzəri biliklər əsasında proqramlaşdırılmış, kombinə edilmiş məsələlər qurmağı;

3.Maddələrin  xassələrini, tərkibini, kimyəvi prosesləri müqayisə etməyi, müşahidə edilmiş təcrübələri təhlil etməyi, maddələri və reaksiyaları təsnifatlaşdırmağı, onları atom və molekul təlimi baxımından izah etməyi;

4.Üzvi maddələrin müxtəlifliyinin səbəblərini, maddənin tərkibini, quruluşu və xassələri arasında səbəb-nəticə asılılığını, idrakın hadisədən mahiyyətə doğru inkişafını izah etməyi, mahiyyət və hadisə, imkan və gerçəklik, kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliklərinə keçməsi, hadisələrin dərk olunması kimi anlayışları misallarla şərh etməyi;

5.Nəzəriyyə və praktikanın qarşılıqlı əlaqəsini, kimyanın əsas vəzifələrini, praktikanın tələblərinə uyğun maddələrin əldə edilməsini, cəmiyyətin məhsuldar qüvvəsi kimi elmin rolunu, xalq təsərrüfatının kimyalaşdırılmasının əsas istiqamətlərini;

6.Deduktiv əqli nəticələrə gəlməyi, fərziyyələr irəli sürməyi, onu elmi cəhətdən əsaslandırmağı;

7.Analiz-sintez və müqayisədən istifadə etməyi, üzvi kimya tədrisi proqramında materialların üzərində sistemləşdirmə və ümumiləşdirmə aparmağı, üzvi birləşmələrin xassələri, onların quruluşu haqqında və əksinə mühakimə etməyi;

8.Təbiət qanunlarına istinad edib kimyəvi anlayışları, fakt və hadisələri aydınlaşdırmaq bacarığına malik olmalıdırlar.

9.Fizika, riyaziyyat və biologiya üçün olan qanunauyğunluqları dərk etdiyini açıqlayan şagirdləri qabiliyyətli hesab etmək olar.

 

İş təcrübəmdə qabiliyyətli və istedadlı şagirdlərin aşkar edilməsi və onlarla işin təşkilinin aşağıdakı formalarını müəyyənləşdirmişəm:

 

a) kiçikyaşlı məktəblilərin psixoloji cəhətdən araşdırılması;

b) dərsdə problem-situasiyanın yaradılması;

c) məsələ nümunələrinin tərtibi və həll etdirilməsi;

q) həlli çətinləşdirilmiş, məntiqli məsələlər üzərində yaradıcı iş;

d) olimpiada yarışlarına hazırlıq və olimpiadalarda şagirdlərin iştirakı, nəticələrin təhlili;

e) təbii materialların toplanması, kolleksiyaların hazırlanması;

f) referat, albom, cədvəl, sxem, diaqram tərtib etmək, kimyadan imla, inşa xarakterli mətnlər yazdırmaq, onlar üzərində mühakimələr aparmaq, əqli nəticələr çıxarmaq;

g) dərslikdən, elmi ədəbiyyatdan, soraq kitablarından, qrafik testlərdən, lüqətdən istifadə etmək;

h) müxtəlif variantlardan olan “Test toplularını” şagirdlərə işlətmək;

i) məntiq, düşüncə, xüsusi yaradıcılıq tələb edən testlər həll etdirmək;

j) “kimya gecələri”ndə, viktorina yarışlarında, intellekt oyunlarında, fənn üzrə keçirilən sınaq imtahanlarında şagirdlərin iştirakını təmin etmək.

 

Qabiliyyətli və istedadlı şagirdləri araşdırarkən işimi iki istiqamətdə qururam:

 

* kimya fənnini öyrənməyən kiçikyaşlılar arasında qabiliyyətli və istedadlı uşaqların aşkar edilməsi  və düzgün istiqamətləndirilməsi;

* kimya fənninin tədrisi prosesində qabiliyyətli və istedadlı uşaqların aşkar edilməsi və onların inkişaf etdirilməsi.

 

Kiçikyaşlı məktəblilər arasında qabiliyyətli və istedadlı uşaqların aşkar edilməsində tətbiq etdiyim üsullardan biri onların psixoloji cəhətdən araşdırılmasıdır. Çünki qabiliyyətli və istedadlı uşağı məhz azyaşlı olarkən aşkarlamaq və inkişaf etdirmək lazımdır. Uşağın təfəkkür tərzi, yaradıcılıq imkanları araşdırılıb müəyyənləşdirildikdən sonra onları düzgün istiqamətləndirmək, gələcəkdə həmin adamların düzgün formalaşmasına və inkişaf etdirilməsinə müsbət təsir göstərir.

 

Məlumdur ki, uşaq psixologiyası olduqca mürəkkəbdir. Onu tez bir zamanda öyrənmək çətindir. Ona görə də tez-tez uşaqlar arasında olur, onlarla söhbət edir, onları düşündürməyə sövq edən suallar verir, bu zaman yaranan emosiyaları, dərketmə və düşünmə tərzlərini, yaradıcı cavablarını, özlərinə məxsus təfəkkür mexanizmlərini, fikirlərini və s. izləyir, müşahidələr aparıram.

 

Bunun üçün psixoloji sınaqlar, yaradıcılıq tələb edən suallar, tapmacalar, krossvordlar (xüsusən kimya krossvordları), uşaqların psixoloji xüsusiyyətlərini (qavrama, rəngseçmə, oxşar fiqurları bir-birindən ayırmaq, fərqləndirmək) aşkar etməyə kömək edən tədbirlər görürəm. Çalışıram ki, uşaqların hansı temperamentə, xarakterə malik olması, iradə möhkəmliyini, riyazi təfəkkürünü və psixoloji hazırlığını, təxəyyülünü, elmə, bədii ədəbiyyata, bədii yaradıcılığa marağını düzgün araşdırım. Çünki onlar istedadın düzgün istiqamətləndirilməsi üçün vacib şərtlərdəndir. Təcrübə göstərir ki, qabiliyyyətli və istedadlı uşaqlar özünü tez büruzə verir. III, IV, V, VI sinif şagirdləru arasında kimya fənninə meyilli uşaqları aşkar etmək məqsədilə  onlarla bir neçə  söhbətdən sonra ayrı-ayrı siniflərdən seçilmiş uşaqlara belə bir tapşırıq nümayiş etdirirəm: “Uşaqlar, gördüyünüz bu nəlbəkidə şam yapışdırılıb. Nəlbəkiyə yarıya qədər su tökürəm. Şamı yandırıram. Boş stəkanı şamın üzərinə çevirirəm, şam bir az yandıqdan sonra sönür. Stəkanda suyun səviyyəsi qalxır. Burada gedən proseslərin təsvir etməyə səbəblərini aydınlaşdırmağı uşaqlara tapşırıram. Onlara başa salıram ki, cavablarını yazılı etsinlər.

 

Vaxt başa çatdıqdan sonra vərəqləri yığır və hər bir şagirdin yazısını nəzərdən keçirirəm. Prosesi hər bir şagird təsvir etməyə çalışır. Bir qismi məqsədə yaxınlaşmış olur, bir qismi isə fikrini əsaslandırmağa çalışır. Onların arasında təcrübəni düzgün, yaradıcı yazan şagirdlər də olur. Onlardan biri prosesi belə şərh edir:

 

“Nəlbəkiyə şam əridilib yapşıdırılır, şam parafindir. Parafin istinin təsirindən əriyir və nəlbəkiyə yapışır. Şam yananda havadakı oksigen onun yanmasına kömək edir. Sonra nəlbəkiyə su töküldü. Boş stəkanı şamın üzərinə çevirdilər. Şam tədricən söndü və su stəkanda yuxarı qalxdı. Şamın sönməsinin səbəbi orada oksigenin sərf olunub qurtarmasıdır. Axı yanma oksigenin hesabına gedir. Şam yanmaq üçün özünə oksigen çəkmək istəyir. Nəlbəkidəki su kənardan ora havanın daxil olmasına imkan vermir. Bu müddətdə sərf olunmuş oksigenin yerinə su qalxır”. Mən bu uşaqlar haqqında öz müşahidə dəftərimdə qeydlər aparıram. Sonra həmin uşaqları düşünməyə sövq etdirən suallar hazırlayır və kimya elminə olan meyillərini dəqiqləşdirirəm. Nümunə üçün bir neçə sual verirəm:

 

1.Limon, turşəng, alma - bunlar turş dada malikdir. Bunun səbəbi nədir?

2.Meyvələrin müxtəlif rəngdə olmasının səbəbi nədir?

3.Havanın tərkibində hansı qazlar vardır?

4. Nə üçün su bərk, qaz və maye halında olur?

5.Əşya şüşəsi üzərindəki su buxarlandırıldıqdan sonra qalan ağ ləkə nə deməkdir?

6.Çaydanın dibində qalan ərp nə deməkdir? Onu necə həll etmək olar?

7.Yağış, qar təbiətdə necə əmələ gəlir?

8.Nə üçün maddələr təbiətdə tükənmir?

9.Bitkilər torpaqdan hansı maddələri mənimsəyir?

10.Yağ süddən alınır. Süd isə maye halındadır. Deməli, yağ da südün tərkibində maye halındadır? Bunun səbəbini necə izah etmək olar?

11. Su 100oC-də qaynayır. Əgər suya xörək  duzu qarışdırsaq bunun onun qaynama temperaturuna təsiri olacaqmı?

12.Su, buz,  buxar verilmişdir. Bircinsli maddələri necə hazırlamaq olur?

 

Dəfələrlə aparılan araşdırmalardan sonra kimya fənninə marağı olan qabiliyyətli və istedadlı uşaqları müəyyənləşdirib onları kimya məşğələsinə, kimya dərslərinə cəlb edirəm. Həmin şagirdlərdən birinə yeddinci sinif şagirdləri ilə birlikdə tapşırıq verdim. O da, şagirdlər də tapşırığı düzgün icra etdilər. Mən bilərəkdən onlara psixi təsir göstərdim. Dedim ki, tapşırığı səhv icra etmisiniz, təzədən işləməlisiniz. Şagirdlər yenidən işləməyə başladılar. Lakin həmin uşaq ani fikirləşib sonra dedi: “Müəllim, mən məsələni düzgün həll  etmişəm”. 

 

Buradan belə bir nəticəyə gəlmək olar ki, şagird məsələni mexaniki həll etməyib və özünə inam güclüdür. Deməli, o, hər hansı psixoloji təsirə qarşı davamlıdır. Bu isə qabiliyyətli, istedadlı uşaqda çox yaxşı keyfiyyətdir. Şagirdlərdə praktiki işlərə olan qabiliyyəti yoxlamaq məqsədi ilə məşğələlərin birində aşağı siniflərdən seçilmiş 11 şagirdə evdə işləmək məqsədilə belə bir tapşırıq verdim: “Ağac kəpəyi, soda və mis tozundan ibarət qarışıq verilmişdir. Bu maddələri bir-birindən ayırmağın üsullarını göstərin”. Burada qarşıya qoyduğum məqsəd şagirdlərin tapşırığı praktik yolla həll etmələrini müşahidə etmək idi. Həm də bu barədə heç bir söz deməmiş və istiqamət verməmişdim. Növbəti məşğələdə həmin məsələnin necə yerinə yetirilməsini yoxladım. Hər bir şagirdin cavabını araşdırdım. Şagirdlərin hamısı, demək olar ki, suallara nəzəri cavab yazmışdı. Lakin onlardan birinin cavabı diqqətimi cəlb etdi. O, məsələni belə şərh etmişdi: “Əvvəlcə qarışıq hazırladım. Bu məqsədlə əvvəlcə ağacı  mişarladım və kəpək hazırladım. Dəmir və mis məftili əyə ilə sürtərək dəmir və mis tozu əldə etdim, əlavə olaraq soda götürdüm. Alınan qarışığı içərisində su olan stəkana tökdüm. Ağac kəpəyi yüngül olduğu üçün suyun üzərində  qaldı. Metal qaşıq götürüb ağac kəpəyini su üzərindən yığdım. Və qurutdum. Sonra süzmə üsulu ilə mis və dəmir tozunu ayırdım, qurudub maqniti qaşığa yaxınlaşdırdım. Maqnit dəmiri özünə çəkdi. Yerdə mis tozu qaldı. Süzülmüş soda olan suyu təmiz qaba töküb isti peç üzərinə qızmağa qoydum. Su buxarlandı. Qabın dibində ağ duz qaldı. Beləliklə, qarışıq halında olan ağac kəpəyi, soda, dəmir və mis tozunu bir-birindən fiziki üsullarla ayırdım. Cavabdan məlum oldu ki, şagird məsələni praktiki yolla həll edib. Mən müşahidələrimin düzgünlüyünü sübut etmək üçün həmin şagirdin valideyni ilə söhbət etdim.  Mən həmin şagirdi dəfələrlə pedaqoji və psixoloji sınaqlardan çıxardım. Başqalarından fərqli xüsusiyyətlərini qeyd etdim. Onunla fərqli yolla işlədim. Nəticə yüksək səmərə verdi. Kimya fənnini yüksək səviyyədə öyrəndi, əlavə ədəbiyyatlardan səmərəli və yaradıcı istifadə etdi. O, IX sinif şagirdləri ilə olimpiada yarışının rayon turunda birinci yer tutdu. Zona yarışında iştirak etdi. Şagirddə iti təfəkkür, dərin müşahidə aparmaq, gördüklərini qələmə almaq kimi müsbət keyfiyyətlər özünü büruzə verirdi. Qabiliyyətli və istedadlı uşaqları iradi keyfiyyətlərə görə də araşdırıram. Bu məqsədlə onlara həlli çətinləşdirilmiş məsələlər verir, işləmələrini yoxlayır, məsuliyyətli tapşırıqlar verib icrasına nəzarət qoyur və uşaqları bir-biri ilə müqayisə, çətinliyə, sözə qarşı onların cavab reaksiyalarını və mimikalarında baş verən dəyişikliyi müşahidə edirəm. Hər bir şagirdin uşaq vaxtlarında psixoloji xüsusiyyətlərini öyrənmək işin sonrakı proseslərinə köməklik göstərir.

 

Heybət QƏDİROV,

Yardımlı rayonunun Ə.Y.Xurşudov adına Alçabulaq kənd tam orta məktəbinin kimya müəllimi, Əməkdar müəllim

 

 



22.06.2018 | 12:29