UFAZ-ın 40 tələbəsi Fransada yay məktəbində iştirak edəcək

İyunun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.

 

Tələbələrə uğurlar arzulayan ADNSU-nun rektoru, professor Mustafa Babanlı onların ölkəmizi və universitetimizi layiqincə təmsil edəcəklərinə inandığını bildirib. Yay məktəbinin tələbələrə verəcəyi üstünlükləri qeyd edən  rektor Mustafa Babanlı bu müddətdə onlara verilən tapşırıqları vaxtında yerinə yetirməyi, həmçinin asudə vaxtlarından səmərəli istifadə etməyi tövsiyə edib.

 

UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov tələbələrlə birlikdə Strasburqa yola düşəcək nümayəndə heyətini təqdim edib, onlar haqqında məlumat verib.

 

Tələbələrin səfər proqramı haqqında məlumat verən UFAZ-ın baş katibi Şarlotta Payen onların 2 həftə müddətində görəcəyi işlər, iştirak edəcəkləri görüşlər və s. haqqında danışıb.

 

Qeyd edək ki, UFAZ-ın 40 tələbəsi iyunun 30-dan iyulun 15-dək Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək. Yay məktəbinin proqramına gündəlik fransız dili kursları və danışıq klubları daxildir. Dil kurslarına başlamazdan əvvəl tələbələr fransız dili səviyyəsinin qiymətləndirmə imtahanında iştirak edəcəklər. Proqramın mədəni hissəsinə məşhur abidələrə, beynəlxalq təşkilatlara ekskursiyalar daxildir. Mədəni ekskursiya çərçivəsində tələbələrin Yuxarı Köniqsburq qalasına, Strasburq şəhərinin Tarix muzeyinə və Avropa Şurası Parlament Assambleyasına səfəri təşkil olunacaq.



27.06.2018 | 17:11