Yüksək faydalı iş əmsalı, yüksək etibarlılıq və...

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınların konstruksiya edilməsi kafedrasının alimləri bütün sənaye sahələrinin maşın aqreqatlarında istifadə olunacaq yeniliyə imza atıblar. Beləliklə də ixtira etdikləri yeni reduktorla faydalı iş əmsalının 6 faiz artırılmasına, elektrik mühərrikinin gücünün 25 faiz qənaətinə nail olublar.

İxtiranın müəllifləri bu gün keçirdikləri mətbuat konfransında hazırladıqları yeni reduktorun sənayenin ayrı-ayrı sahələrində tətbiqindən danışıblar. Tədbirdə elmi-tədqiqat işlərinin planlaşdırılması və ETI şöbəsinin müdiri İslam İslamov, AzTU-nun nəzdində fəaliyyət göstərən Maşınşünaslıq Elmi-Tədqiqat İnstitutunun direktoru Ayaz Abdullayev, Maşınların konstruksiya edilməsi kafedrasının müdiri Əli Nəcəfov iştirak ediblər. 

AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının müdiri Əli Nəcəfov yeni yaradılan mancanaq dəzgahının üstünlüklərindən danışıb: "Dəzgahın istifadəsi zamanı 25 faizədək enerjiyə qənaət olunacaq, ştanqların effektivliyi azalacaq, faydalı iş əmsalı 6 faizədək artacaq. Yaradılmış mancanaq dəzgahı daha yaxşı dinamiki xassələrə malikdir, çünki dirsək müntəzəm fırlanır və balansirli mancanaq dəzgahlarından fərqli olaraq tarazlaşmamış kütlələr,  dayağa üfüqi istiqamətdə təsir edən və işarəsini dəyişən qüvvələr yoxdur. Eyni zamanda quyunun vadisi ilə daha yaxşı mərkəzlənmə təmin edilir, titrəmələr və dinamiki yüklər xeyli azalır". 

Onun sözlərinə görə, neftçıxarma sənayesində istifadə olunan mexaniki intiqalı kimi müxtəlif ölçülü mancanaq dəzgahları bu günədək dəyişməyib və ştanqlı nasosların keyfiyyətli işləməsini tam təmin etmir: "Balansirli mövcud mancanaq dəzgahlarının bir çox çatışmazlıqları var. Məsələn, quraşdırma və quyunun təmiri zamanı böyük çətinliklər yaradır, kiçik faydalı iş əmsalına malikdir, istifadəsi böyük enerji məsrəfləri hesabına baş verir. Yeni mancanaq dəzgahı isə elektrik enerjisinə 25 faiz qənaət edir. Mancanaq dəzgahının yeni kiçik metal tutumlu qabarit ölçüləri sayəsində metal tutumu 30 faiz azalır. Beləliklə, yeni dəzgahın yüksək faydalı iş əmsalı, yüksək etibarlılığı və maya dəyərinin aşağı olması əsas üstünlüyüdür. Paket reduktorun tətbiqi ilə yaradılmış yeni konstruktiv icralı mancanaq dəzgahı daha yaxşı dinamik xassələrə malikdir. Müəyyən edilib ki, bərabər şərtlər saxlanılmaqla neft quyularının istismarında istifadə olunan mancanaq dəzgahları ilə müqayisədə təklif edilən konstruksiyanın metal tutumu 20-30 faiz azalır və istismar göstəriciləri xeyli yaxşılaşır".

Əli Nəcəfov bildirib ki, qurğu Dövlət Neft Şirkətinin təklifi və dəstəyi ilə Pirallahıda neft mədənlərində 6 ay praktiki olaraq tətbiq olunub.

AzTU-nun nəzdində fəaliyyət göstərən "Maşınşünaslıq" Elmi-Tədqiqat İnstitutunun direktoru Ayaz Abdullayev qeyd edib ki, ixtira olunan reduktorlar mancanaq dəzgahlarında, tanklarda, liftlərin qapı intiqalında, helikopterlərin baş reduktorlarında tətbiq ediləcək: "Bu reduktorlar sənayenin bütün sahələrinin maşın aqreqatlarında istifadə oluna bilər. Üstəlik, onların ötürmə gücünü mövcud ölçü içərisində istənilən qədər artırmaq mümkün olur. Müqayisə üçün deyim ki, mövcud reduktorların ötürmə gücü 40, yeni reduktorun isə 64-dür. Mövcud mancanaq dəzgahlarında ötürmə 40%-i aşmır. Ruslar o vaxt ötürmənin faizini artırmaq üçün bir neçə yola əl atsa da, uğurlu ola bilməmişdi. Bizim təklif etdiyimiz qurğu vasitəsilə istənilən ötürmə nisbətini almaq mümkündür".

 

Ruhiyyə DAŞSALAHLI



27.02.2018 | 18:11