“Zubrları təbiətimizə qaytaraq!” yay düşərgəsi uğurla başa çatıb

“Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı ilə “Zubrları təbiətimizə qaytaraq!” adlı növbəti ekoloji yay düşərgəsi 4-6 iyul 2018-ci il tarixlərində İsmayıllı rayonunda keçirilib. Düşərgədə İsmayıllı rayonunun Talıstan, Tircan, Keyvəndi, Cülyan, Topçu və digər kənd məktəblərindən IX-XI sinif şagirdləri iştirak edib.

 

“Zubrları təbiətimizə qaytaraq!” yay düşərgəsinin əsas məqsədi təbiətimizə qaytarılması nəzərdə tutulan zubrların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, ətraf mühitin qorunması sahəsində onlarda xüsusi bilik və bacarıqların, təbiətə qayğıkeş və məsuliyyətli  münasibətin formalaşdırılmasıdır.

 

Düşərgədə məktəblilər seminarlarda zubrların həyat tərzi, reintroduksiya olunacağı ərazilər, təbiətdəki rolu, ekosistem xidmətləri haqqında geniş məlumatlar əldə edib, müxtəlif ekoloji tədqiqatlarda və müsabiqələrdə iştirak ediblər.

 

İştirakçılar İsmayıllı rayonunun Topçu kəndində yerləşən Azərbaycanın bioloji təbiət abidələrindən biri olan 800 yaşlı qocaman palıd ağacını ziyarət ediblər. Şahdağ Milli Parkına ekskursiya zamanı zəngin biomüxtəlifliklə, zubrların təbiətimizə uyğunlaşması üçün inşa edilən komplekslə tanış olublar. Cülyan şəlaləsinə ekskursiyada uşaqlar təmizlik aksiyası keçirərək tullantıları toplayıblar.

Düşərgənin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

 

Zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyunca məskunlaşıb və ötən əsrin əvvəllərində Qafqaz dağlarının ətəklərində son fərdlərə rast gəlinib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan tərəfindən zubrların reintroduksiyası ilə bağlı birgə layihəyə başlanıb. Layihə çərçivəsində Şahdağ Milli Parkının ərazisində zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilməkdədir. Layihənin əsas istiqamətlərindən biri ictimaiyyət arasında maarifləndirmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün təşkil edilən yay düşərgələri mühüm əhəmiyyət kəsb edir.

 



09.07.2018 | 17:27