AzTU ilə Rusiyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir

12-17 iyul 2018-ci il tarixlərində Rusiyanın Ulyanovsk şəhərində keçirilən “Gələcəyin Mühəndisləri – 2018” beynəlxalq forumu çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov və “Maşınqayırma texnologiyaları” kafedrasının müdiri, professor Nizami Yusubov bir sıra universitet, istehsalat müəssisələrinin rəhbərləri və siyasi-ictimai xadimlərlə səmərəli görüşlər  keçiriblər.

 

Rusiya Federasiyasında, eləcə də dünyada texniki ali təhsil sahəsində önəmli mövqeyə malik olan Ulyanovsk Dövlət Universitetinin prezidenti, professor Yuriy Polyanskov və Beynəlxalq Əlaqələr üzrə prorektoru Tatyana Kirilova ilə görüşən AzTU nümayəndələri bu universitetin maddi-texniki bazası və laboratoriyaları ilə yaxından tanış olub, mütərəqqi elmi-texnoloji yenilikləri müzakirə ediblər. Görüşlərin davamı olaraq professor Sübhan Namazov və professor Nizami Yusubov Ulyanovsk Dövlət Universitetinin  “AviaStar” İstehsalat Mərkəzinin nəzdində fəaliyyət göstərən kafedranın rəqəmsal texnologiyalarla təchiz olunan laboratoriyası ilə tanış olublar.

 

Görüşlərin və müzakirələrin nəticəsi olaraq AzTU ilə Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə iki ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətləri nəzərdə tutulub ki, bu da gələcəkdə birgə konfransların təşkili, tələbə-müəllim mübadiləsi, qarşılıqlı təcrübə mübadiləsi ilə yanaşı iki ölkənin sənayesinin və iqtisadiyyatının inkişafına töhfə verə biləcək birgə layihələrin icrasına zəmin yaradır. 

 

AzTU nümayəndələri forum çərçivəsində, həmçinin Ulyanovsk Dövlət Texniki Universitetinin rektoru Aleksandr Pinkov ilə də görüşüblər. Görüşdə iki universitet arasında perspektiv əlaqələr barəsində geniş müzakirələr aparılıb və əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Bundan əlavə, Ulyanovsk vilayətinin Azərbaycan Diasporunun sədri İslam Hüseynov və Diasporluğun digər üzvləri ilə görüş keçirilib. Görüşdə gələcəkdə vilayətdə fəaliyyət göstərən təhsil və istehsalat müəssisələri ilə elmi-texniki, eləcə də mədəni-ictimai sahələrdə əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

 



19.07.2018 | 16:27