“Apardığımız tədqiqatlar çox perspektivli sahələri əhatə edir”

Qloballaşan dünyanın tələbləri cəmiyyətin inkişafının mühüm hərəkətverici qüvvələrindən hesab olunan insan kapitalının hərtərəfli inkişafını şərtləndirir.   Müasir düşüncəli, innovasiyalar mühitində rəqabət qabiliyyəti ilə seçilən, yüksək tədqiqatçılıq əzminə malik gənc alimlərin yetişdirilməsi ölkəmiz qarşısında duran mühüm vəzifələrdən biridir. Ölkəmizdə gənclərin elmi potensialının artırılması, onların fundamental elmi tədqiqat işlərinin səmərəli aparılması, yaradıcı qabiliyyətlərinin artırılması istiqamətində çox mühüm addımlar atılır. Hazırda bu  proses Azərbaycan elminin gəncləşməsi ilə müşayiət olunur. Budəfəki həmsöhbətimiz Azərbaycanın  kimya elmi sahəsində ən gənc elmlər doktoru olan    İsmayıl İsmayılovdur.

 

Tanıtım. 1984-cü il avqustun 6-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Qubadlıdandır.  Orta məktəbi 2001-ci ildə fərqlənmə attestatı ilə bitirib. 2001-ci ildə Moskvada keçirilən Beynəlxalq Mendeleyev Kimya olimpiadasının qalibi kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunub. 2005-ci ildə universitetin 4-cü kursunda oxuyan zaman 9-11-ci siniflər arasında keçirilən Respublika kimya olimpiadasının suallarının tərtib olunmasında fəal iştirak edib. 2006-cı ildə MDU-nun kimya fakültəsinin “Neft kimyası və üzvi kataliz” kafedrasında diplom işini müvəffəqiyyətlə müdafiə edib, universiteti kimyaçı mütəxəssis olaraq bitirib. Moskvada təhsilini dövlət xətti ilə aspirantura pilləsində davam etdirərək, 2011-ci ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Daha sonra dövlət xətti ilə yenə də Moskvada MDU-da kimya fakültəsində və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) yerinə yetirdiyi  dissertasiya işini 2017-ci ildə 32 yaşında müdafiə edərək, kimya üzrə elmlər doktoru elmi dərəcəsini alıb.

 

O, ümumilikdə 87 elmi əsərin, o cümlədən 1 patentin və 1 monoqrafiyanın müəllifidir. Elmi əsərlərinin 40-dan çoxu dünyanın nüfuzlu elmi jurnallarında çap olunub.  Hazırda AMEA NKPİ-də Baş texnoloq vəzifəsində işləyir. 

 

- Orta məktəbdə daha çox hansı fənlərə maraq göstərirdiniz? Sizdə elmə, tədqiqatçılığa nə vaxtdan maraq yaranıb?

 

- Orta məktəbdə riyaziyyat, kimya, fizika, həndəsə kimi dəqiq fənlərə marağım daha çox olub. Çətin məsələləri həll etməyi çox xoşlayırdım və elə bu səbəbdən məktəbin kimya üzrə olimpiada komandasının üzvü idim. Məhz beynəlxalq olimpiadaya hazırlaşarkən akademik Vaqif Abbasovun elmə, tədqiqatçılığa marağımın oyanmasında təsiri böyük olub və illər sonra elmlər doktorluğu üzrə dissertasiya işimdə elmi məsləhətçim oldu. Eyni zamanda, ailədə atam özü də elm adamıdır və bu yolu seçməyimdə onun rolu böyükdür. Moskva Dövlət Universitetində oxuyarkən bu həvəs məndə daha da artdı. Bunun üçün mənə heç bir zaman öz dəstəyini əsirgəməyən MDU-nun kimya fakultəsinin dekanı, akademik  V.V.Luninə və doktorluq işim üzrə elmi məsləhətçim olmuş professor E.N.Efremenkoya, fəlsəfə doktorluğu üzrə elmi rəhbərlərim olmuş professor V.F.Tretyakova və professor V.A.Matışaka öz minnətdarlığımı bildirirəm.

 

Qeyd edim ki, olimpiadaya hazırlaşarkən professorlar Namiq Şıxəliyev, İqrar Nəzərov, Mütəllim Abbasov, Nasim Abışovun da üzərimdə əməyi böyükdür.

 

- Necə bilirsiniz, şagirdləri elmi tədqiqatçılığa yönləndirmək üçün məktəblərdə hansı işlər görülməlidir?

 

- Yəqin ki, məktəblərdə keçilən dərslərin, eyni zamanda, təcrübələrin laboratoriyalarda müəllimlərin nəzarəti ilə şagirdlərin özləri tərəfindən aparılması, fərqli elmi müsabiqələrə cəlb olunmaları onların bu sahəyə həvəslənməsində mühüm rol oynaya bilər. Bu baxımdan,  ölkəmizdə keçirilən “Sabahın alimləri” Respublika müsabiqəsi buna çox gözəl nümunə və imkandır.  Mən artıq son üç ildir ki, bu müsabiqədə elmi rəhbər kimi iştirak edirəm və hər il şagirdlərin daha da həvəslə iştirak etdiklərini müşahidə etmişəm. “Baku British School”,  Bakı Avropa Liseyi və 6 nömrəli məktəb-liseydən olan şagirdlərin elmi rəhbəri olmuşam. Layihələrimiz 3-cü, 2-ci, 1-ci yerlərə layiq görülüb. Qeyd edim ki, hətta bu həvəsləndirmə məktəbdən öncə və ya aşağı siniflərdə də ola bilər. Bakıda bu sahədə fəaliyyət göstərən “Uşaqlar üçün mühəndislik” adlanan bir mərkəzlə tanış oldum və onların gördükləri işlər çox xoşuma gəldi. Uşaqların düşündürücü, yaradıcılıq qabiliyyətlərini üzə çıxaracaq və inkişaf etdirəcək fərqli oyunlar təşkil edir, robotların və konstruksiyaların qurulmasında bacarıqlarını artırırlar. İnanıram ki,  bu, uşaqlarda yaradıcılıq sahəsinə çox böyük həvəs oyadır. Elm özü isə bir yaradıcılıqdır. Bu uşaqlardan gələcəyin güclü tədqiqatçıları və mühəndisləri yetişə bilər.

 

- Hazırda hansı elmi istiqamətdə çalışırsınız?

 

- Bu günə kimi apardığım tədqiqat işləri çox fərqli istiqamətlərdədir. Ancaq onu da qeyd etmək lazımdır ki, aspirantura və doktorantura dissertasiya işlərim günümüzdə xüsusi önəm verilən ekoloji problemlərin həllinə yönəlmiş mövzulardır. Bu gün artıq bir elmlər doktorunun və üç fəlsəfə doktorunun dissertasiya işi üzrə rəhbəriyəm. Apardığımız tədqiqatlar Azərbaycan üçün çox perspektivli sahələri əhatə edir. Bunlar ekoloji əlverişli və iqtisadi cəhətdən sərfəli olan xammallar əsasında neft-kimya sənayesində istifadə üçün çoxfunksiyalı reagentlərin alınması, Azərbaycan neftinin yağ distillatlarının təmizlənməsi və müxtəlif bitkilərdən ekstraksiya üsulu ilə alınmış efir yağlarının əlavəsi ilə kosmetik, tibbi preparatlar kimi istifadə oluna biləcək kompozisiyaların hazırlanması, kənd təsərrüfatında istifadə üçün boy stimullaşdırıcı maddələrin və yeni gübrələrin sintezidir.

 

- Bir gənc alim kimi son zamanlar Azərbaycanda elmin inkişafı istiqamətində görülən işləri necə qiymətləndirirsiniz? Ölkəmizdə elmin inkişaf səviyyəsi sizi qane edirmi?

 

- Bəli, əminliklə deyə bilərəm ki, Azərbaycanda bu gün elmin inkişafı istiqamətində çox böyük işlər görülür. Son illər gənclərin elmə gəlməsini xüsusi təşviq edən AMEA-nın prezidenti, akademik Akif Əlizadənin dəstəyini xüsusi qeyd etmək istərdim. AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın 2013-cü ildən Oksford Universitetində fəaliyyətə başlamış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Universitetin tərkibində daimi mövcudluğu haqqında kontraktı elmin inkişafı və dünya arenasında tanınması istiqamətində atılmış mühüm addımlardandır. Bu yaxınlarda Gənc Alimlərim I Qurultayı keçirildi və mən orada çıxış etdim. Çıxışım zamanı da qeyd etdiyim kimi,  “gənc yaşlarımda əldə etdiyim nailiyyətlərin qürurunu mənə yaşatmış ulu öndər Heydər Əliyevin ruhu qarşısında baş əyirəm. Çox hörmətli Prezidentimiz İlham Əliyev cənablarına, gəncliyin böyük himayəçisi olan Birinci vitse-prezident xanım Mehriban Əliyevaya sonsuz minnətdarlığımı bildirirəm. Mənə mayak olmuş müəllimlərimə, elmi rəhbərlərimə və mənə gözəl həyat dərsi vermiş valideynlərimə minnətdaram”.

 

- Gənc alim və mütəxəssislərimizin dünya arenasında təmsil olunması üçün hansı stimullaşdırıcı tədbirləri vacib hesab edirsiniz?

 

- Stimullaşdırıcı tədbirlər birinci növbədə maddi məsələlərdə köməklik göstərilməsi ola bilər. Gənc alim və mütəxəssislərin dünya arenasında təmsil olunması daha çox onların özlərindən, apardıqları tədqiqatların günümüzdə perspektivli olub-olmamasından asılıdır. Əgər aparılan tədqiqatlardan əldə olunan nəticə bir yenilikdirsə və günümüzdə buna tələbat varsa, çox asanlıqla maddi dəstək də tapılacaq.

 

- Gənc alimlərimiz qarşısında duran hansı çətinlikləri qeyd edə bilərsiniz? Elmin inkişafına müsbət təsir göstərə bilən hansı mühüm addımları vacib hesab edirsiniz?

 

- Çətinliklər hər bir sahədə mövcuddur. Gənc alimlər ilk növbədə bilməlidirlər ki, onların getdikləri yol çox şərəfli və hər kəsin gedə biləcəyi asan bir yol deyil. Yəqin ki, çətinliklərdən xüsusən sosial məsələlərin yaxşılaşdırılması qeyd edilə bilər ki, bu sahədə AMEA-da artıq çox böyük işlər görülür. Buna nümunə olaraq hazırda tikilən “Science City” şəhərciyidir ki, orada AMEA-nın əməkdaşlarına xüsusi güzəştli şərtlərlə evlər təklif olunur.

 

Elmin inkişafına müsbət təsir göstərə biləcək addımlardan biri kimi elmin kommersiyalaşdırılmasını qeyd edərdim. Yenə də qeyd edim ki, bu sahədə də AMEA-da işlər görülür və AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) buna nümunədir. Alimlər əldə etdikləri mühüm nəticələri burada tətbiqetmə imkanına sahibdirlər ki, bununla da maddi gəlirləri ola bilər.

 

- Elm və təhsilin inteqrasiyasını necə görürsünüz?

 

- Təkcə elm və təhsilin deyil, təhsil, elm və sənayenin inteqrasiyasını vacib sayardım. Çünki bu halda təhsillə başlanan yol tətbiqlə nəticəsini əldə etmiş olacaq. AMEA-da magistratura təhsilinin başlanması, AMEA YTP-nin yaradılması ilə təhsil-elm-sənaye mühiti AMEA-da uğurla qurulub. Magistrantların tədris müddətində təhsillə yanaşı, nüfuzlu alimlərlə birgə elmi təcrübələrdə iştirak etmələri və tədqiqatlar aparmaları onlarda elmə həvəsi gücləndirir və həyatda iş sahəsində bu istiqamətdə seçim etmələrinə təsir edir. Eyni zamanda, bu magistrantlar oxuduqları müddətdə AMEA-nın institutlarında işlə təmin olunurlar və AMEA YTP-də real sənaye şəraiti ilə tanış olurlar.

 

Oruc MUSTAFAYEV

 

 



27.07.2018 | 13:29