12 yaşında tələbə oldu

Meksikadan olan istedadlı  uşaq, 12 yaşı təzəcə tamam olmuş Karlos Antonio Santamariyu tarixdə ilk dəfə olaraq  Meksikanın ən böyük Milli Muxtar Universitetinin tələbəsi olmaq hüququ qazanıb.  Universitetin məlumatında bildirilir ki, Karlosu  adıçəkilən ali məktəbdə  doqquz yaşından tanıyırlar,  o, hələ 3 il əvvəl   analitik kimya, biokimya və molekulyar biologiya üzrə kursları bitirərək dərəcə  alıb.  Sonrakı təhsil üçün o, biotibbi  fizikanı seçib.  Karlos bu ixtisas üzrə avqustun 6-dan dərslərə başlayıb.   "O,  universitetin auditoriyalarına  valideynlərinin  əllərindən tutaraq daxil olacaq ilk tələbə olacaq",- deyə ali məktəbin məlumatında  bildirilir.    Ali təhsil müəssisəsinə daxil olmaq imkanını qazanmaq üçün, yeniyetməyə orta məktəbdə kamal attestat imtahanları vermək lazım olub.  "Mən sadəcə oxumaq istəyirəm: əgər bunun üçün  qapıları mənə bağlayacaqlarsa, mən pəncərədən  universitetə girəcəyəm", -azyaşlı tələbə deyib.  ABŞ-ın Meksikadakı səfirliyi də  istedadlı uşağın   ünvanına təbrik məktubu göndərib. Diplomatlar onu  meksikalı  azyaşlı istedad və dahi adlandırıblar.

 

 

Oruc MUSTAFAYEV

 



07.08.2018 | 10:23