Daha 2 ali təhsil müəssisəsi yüksək standartlara cavab verən şəraitdə

Prezident İlham Əliyev: “Biz qara qızıl kapitalını insan kapitalına qoyuruq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov dövlət başçısına görülən işlərlə bağlı məlumat veriblər. Bildirilib ki, təhsil kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub. Əsas korpusdakı tədris binasında istismara verilən mühazirə zalları və məşğələ otaqları ən müasir avadanlıqla, o cümlədən multimedia vasitələri, internetlə təchiz olunub. Təhsil ocağının kitabxanasında 100 nəfərlik oxu və dövri mətbuat zalı, 40 nəfərlik kompüter zalı, təlim otaqları və elektron kitab verilişi zonası yaradılıb. Tədris laboratoriyalarındakı cihaz və avadanlıq Almaniyanın “Gunt” və “Lukas nulle” şirkətlərinin istehsalıdır. Tələbələr onların vasitəsilə tədris olunan fənlər üzrə tədqiqat işlərini yerinə yetirərək hesabatlar hazırlayırlar.
Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərin bir çoxunun imkanları mütəxəssis hazırlığına cəlb edilib. Belə ki, “ABB” şirkəti kampusda inteqrasiya edilmiş idarəetmə və təhlükəsizlik laboratoriyasını, “Schneider Electric” şirkəti qəza hallarının idarəedilməsi və avtomatlaşdırılması laboratoriyasını, “AVANDSİS group” və “Schneider Electric” şirkətləri birlikdə avtomatik sistemlərin elementlərini və proqram təminatını, “Emerson process management” şirkəti isə nəzarət-ölçmə və idarəetmə laboratoriyasını Bakı Ali Neft Məktəbinə hədiyyə ediblər.
Bundan başqa, neft-qaz mühəndisliyi, kimya və proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedralarının ərazisində laboratoriya işlərinin yerinə yetirilməsi üçün müasir avadanlıqlar, qurğular yerləşdirilib, bərpaolunan enerji mühəndisliyi və elmi-tədqiqat laboratoriyaları istismara verilib.

76 tələbə Prezident təqaüdü alır

Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin Fərmanı ilə 2011-ci ildə SOCAR-ın strukturunda yaradılıb. Bu ali təhsil ocağının yaradılmasında məqsəd fəaliyyətini xaricdə genişləndirən SOCAR-ın, eləcə də ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında təhsil almış ingilisdilli mütəxəssislərə olan ehtiyacını ödəməkdir.
SOCAR-ın dəstəyi hesabına təhsilin ödənişsiz olması və tədris prosesinin istehsalatla sıx əlaqədə həyata keçirilməsi perspektivləri ilk gündən Bakı Ali Neft Məktəbini abituriyentlər və valideynlər üçün cəlbedici edib. 2012-2016-cı illərdə keçirilən qəbul imtahanlarının nəticələrinə görə, yüksək bal toplayan abituriyentlər Bakı Ali Neft Məktəbinin ixtisaslarını seçiblər. Bu illərdə ali məktəbə qəbul olan tələbələrdən 76-sı Prezident təqaüdünə layiq görülüb. Tədrisin birinci ilində tələbələrə ingilis dili və İKT üzrə yüksək biliklər verilir, sonrakı illərdə peşə və ixtisas fənləri öyrədilir.
2012/2013-cü tədris ilindən Bakı Ali Neft Məktəbinə “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə, 2013/2014-cü tədris ilindən başlayaraq isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə tələbə qəbulu aparılır. İlk iki ixtisas üzrə mütəxəssis hazırlığı Böyük Britaniyanın Heriot-Vatt Universiteti tərəfindən təklif olunan tədris proqramları əsasında həyata keçirilir. Bu məqsədlə 2012-ci ildə həmin universitetlə Bakı Ali Neft Məktəbi arasında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, bu təhsil ocağındakı tədris prosesi Heriot-Vatt Universitetindəki proseslə paralel aparılır, yekun imtahanları və cavabların qiymətləndirilməsini həmin universitetin professor-müəllim heyəti keçirir. Son illərdə keçirilən semestr imtahanlarının nəticələrinin müqayisəsi göstərir ki, Bakı Ali Neft Məktəbinin tələbələrinin göstəriciləri Heriot-Vatt Universitetinin, onun Malayziyada və Dubayda fəaliyyət göstərən filiallarının tələbələrinin nailiyyətlərindən yüksəkdir.
“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının tədris proqramı isə Avropa Kredit Transferi Sisteminin proqram paketindən götürülən ən mütərəqqi proqram olaraq tələbələrə bu sahədə müasir bilik və vərdişləri aşılamağa imkan verir.

“Ali məktəblərimizdə tədris prosesi təkmilləşir”

Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin tələbə-müəllim heyəti ilə görüşdə bildirib ki, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür: “Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışını qeyd edirik. Bu şəhərcik ən yüksək standartlara cavab verir. Bakı Ali Neft Məktəbi artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Bu illər ərzində məktəb Azərbaycanın təhsil məkanında artıq öz layiqli yerini tuta bilibdir. Bu gün məktəb yeni şəhərciyə, yeni binaya köçür. Burada oxumaq, biliklərə yiyələnmək üçün bütün şərait yaradılıb, ən müasir texnologiyalar tətbiq olunur. Bütün binalar çox gözəl, zövqlə tikilib, burada ən müasir laboratoriyalar fəaliyyət göstərir və bu gün mənə təqdimat da edildi. Burada təhsilin səviyyəsi ən yüksək standartlara cavab verəcək”.
Dövlət başçısı qeyd edib ki, ali məktəbdə müəllim kimi işləyən gənc mütəxəssislər öz dövlətinə, Vətəninə sədaqət nümayiş etdirirlər: “Vaxtilə biz onları dövlət xətti ilə xaricdə oxumaq üçün dünyanın aparıcı ali məktəblərinə ezam etmişdik. Onlar oxuyub, yaxşı mütəxəssis olub, Vətənə qayıdıb və bu gün öz biliklərini tələbələrlə bölüşürlər”.
Prezident bildirib ki, insan kapitalının əsas mənbəyi təhsildir. “Son illər ərzində Azərbaycanda 3 mindən çox məktəb təmir olundu, tikildi. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bundan yuxarı nəticə ola bilməz. Bizim ali məktəblərimizdə tədris prosesi təkmilləşir. Biz vaxtilə gənclərimizi xaricə göndərirdik. Mənim təşəbbüsümlə minlərlə gənc Dövlət Neft Fondunun xətti ilə xaricə göndərildi. Həmçinin SOCAR da bu layihəyə qoşularaq gəncləri xaricə göndərdi. Biz bu məqsədlər üçün bəlkə də 100 milyonlarla dollar vəsait xərclədik. Yəni, bu, insan kapitalına qoyulan vəsaitdir. Biz qara qızıl kapitalını insan kapitalına qoyuruq. Mən dedim ki, əlbəttə, bu proses davam etdirilməlidir. Eyni zamanda, biz Azərbaycanda müasir təhsil kompleksləri yaradaraq elə etməliyik ki, gənclər burada qalsınlar. Bax, bu gün biz bunu görürük. Bu məktəbdə həm Azərbaycan gəncləri oxuyur və yüksək biliklərə nail olur, eyni zamanda, tam əminəm ki, yaxın gələcəkdə xaricdən də buraya çox böyük axın başlayacaq. Çünki burada yaradılmış şərait inanmıram ki, hər hansı bir başqa yerdə olsun”.



Birinci vitse-prezident Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində

Mayın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva açılışda iştirak edib.
AZƏRTAC xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov və universitetin rektoru, professor Fərəh Əliyeva əsaslı təmirdən sonra tədris korpusunda yaradılan şərait barədə xanım Mehriban Əliyevaya məlumat veriblər.
Bildirilib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti əsasını 1923-cü ildə yaradılan Bakı Teatr Məktəbindən götürüb. Universitet dördmərtəbəli binaya 1997-ci ildə köçüb. İndiyədək burada heç vaxt əsaslı təmir işləri aparılmayıb. Bu ali məktəbin tədris korpusu əsaslı təmirdən sonra müəllimləri və tələbələri qəbul etməyə hazırdır. Ali təhsil ocağında təmir işlərinə düz bir il əvvəl - 2016-cı ilin mayında başlanılıb. Universitetdə 2 mindən çox tələbə təhsil alır, 300-ə yaxın pedaqoq çalışır. Ali təhsil ocağının beş - rəssamlıq, kulturologiya, musiqi sənəti, kino və televiziya, teatr fakültəsi var. Bu korpusda isə üç fakültə fəaliyyət göstərir.
Xanım Mehriban Əliyeva korpusun foyesində quraşdırılan “Rəşadətli Azərbaycan Ordusu” adlı stendə baxıb. Birinci vitse-prezident tədris korpusundakı “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə yaradılan şəraitlə də maraqlanıb. Bu Məktəbdə nümayiş olunan ekspozisiyalar və məlumatlar üzrə foto, video və çap materiallarının toplanması, sistemləşdirilməsi və müvafiq bölmələrdə yerləşdirilməsi ilə bağlı kompleks işlər görülüb. Bununla əlaqədar Azərbaycan Dövlət Kino-Foto Sənədlər Arxivindən, Azərbaycan Dövlət İnformasiya Agentliyindən (AZƏRTAC), Prezident Administrasiyasının foto-arxiv şöbəsindən ulu öndər Heydər Əliyevə, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin yeni dövrünə aid 150-yə yaxın foto seçilərək müvafiq bölmələrdə yerləşdirilib və xüsusi elektron lövhələrdə interaktiv şəkildə təqdim edilir.
Universitetdə kitabxana-informasiya mərkəzi də qurulub. Ali təhsil müəssisəsinin kitabxana fondunda 40 mindən çox ixtisas ədəbiyyatı var. Onlardan 21 mini məhz bu mərkəzdə yerləşir. Universitetin kitabxanasında Heydər Əliyevin zəngin irsini, Prezident İlham Əliyevin siyasi fəaliyyətini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətə və incəsənətə diqqət və qayğısını əks etdirən 70-yə yaxın kitab var.
Azərbaycanın Birinci vitse-prezidenti universitetdəki kiçik səhnə ilə də tanış olub. Məlumat verilib ki, əvvəllər burada normativlərə uyğun olmayan zal var idi. İndi isə ən müasir avadanlıqla təchiz edilən səhnə qurulub. Təmirdən sonra tədris korpusu ən müasir işıq və səs avadanlığı ilə təchiz olunub, 10-a yaxın yaradıcılıq otağı yaradılıb. Zirzəmidə inventar otaqları, səsyazma studiyaları, operator otaqları, musiqi zalı yerləşir.
Universitetdə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “SABAH” qrupları da fəaliyyət göstərir. “SABAH” qrupları layihəsindən məqsəd xüsusi istedadı ilə seçilən və təhsildə göstəricilərinə görə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasıdır. Universitetin 31 tələbədən ibarət bu qrupu artıq qastrol səfərlərinə də gedir. Onlar Lənkəranda, Mingəçevirdə və Polşada olublar. “SABAH” qrupu üçün mütəmadi olaraq ustad dərsləri də təşkil edilir.
Məlumat verilib ki, korpusun müxtəlif mərtəbələrində kino və televiziya ixtisasları üzrə xüsusi işıq və səs avadanlıqları ilə təchiz olunan səhnəli 11 auditoriya, televiziya ixtisası üzrə tədris studiyası, auditoriyalar, zallar, iş və dərs otaqları var. Burada tələbələr müxtəlif əsərləri səhnələşdirəcək, çəkilişlər aparacaqlar. Tələbələr yaratdıqları əsərlərə sonradan elə həmin otaqlarda qurulan ekranlar vasitəsilə baxıb, onları müzakirə edə biləcəklər.
Əsaslı təmirdən sonra ali təhsil ocağında yaradılan şəraitdən məmnunluğunu bildirən Birinci vitse-prezident xanım Mehriban Əliyeva universitetə fəaliyyətində uğurlar arzulayıb.



17.06.2017 | 14:05