"Dilimizi sevək, sevdirək!"

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə ll qrant müsabiqəsinin qalibi "Dilimizi sevək, sevdirək!" layihəsinin Zaqatalada təqdimatı keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri və müəllimlər iştirak ediblər.

 

Layihə rəhbəri Aydan Mirzəzadə çıxış edərək qrant müsabiqələrinin məqsədi və qalib olmuş layihəsi barədə iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan dili fənnini tədris edən müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsində ixtisas biliyi ilə yanaşı, yazı işlərinin təşkililə bağlı təkmilləşməyə, ixtisasartırma təlim kurslarına ehtiyac yaranır. Bu məqsədlə həyata keçirilən “Dilimizi sevək, sevdirək!” layihəsində Qax və Zaqatala rayonlarında tədrisi Azərbaycan dilində aparılmayan məktəblərin ibtidai təhsil səviyyəsində və ümumi orta təhsil pilləsində Azərbaycan dili müəllimlərinin yazı işlərinin tədrisi üzrə akademik biliklərinin və metodik bacarıqlarının artırılmasına nail olunacaq.

 

Məlumat üçün qeyd edək ki, layihənin müddəti 2 iyul-30 noyabr tarixlərini əhatə edəcək. Təlimlər Zaqatala və Qax rayonları olmaqla hər rayondan 25 müəllimə Əlavə Təhsil Mərkəzinin təyin etdiyi təlimçilər tərəfindən keçiriləcək.

 



21.08.2018 | 17:33