Müəllimin seçim fərqi...

Son 5 tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur. Bu artımdan görünür ki, 5 il əvvəl 500 və daha artıq bal toplayan 922 abituriyent müəllimliyi seçmişdisə, ötən il  onların sayı 1361-ə yüksəlib. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nibətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir. Bu rəqəm indiyədək pedaqoji ali təhsil müəssisələrinin tarixində maksimal nəticədir.

 

 

Müəllim olmaq istəyənə 300-400 bal bəs etmir...

 

Son illərdə yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ən böyük pedaqoji ali təhsil müəssisəsi olan  ADPU-nu seçənlərin də sayı artıb. Məsələn, 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olunan tələbələrdən cəmi 20 nəfəri 500-dən artıq bal topladığı halda, 2017-2018-ci tədris ilində 273,  bu il isə 527 nəfər ADPU-da təhsil almaq arzusunda olub. Bu da 5 il ərzində təxminən 27, bir il ərzində isə 2 dəfə artım deməkdir. Bölgə ali təhsil müəssisələrində də keyfiyyət artımı göz qabağındadır. Belə ki, aşağıdakı cədvəldən göründüyü kimi, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha artıq bal toplayanlar arasında Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetini seçənlərin sayı son 5 ildə bir çox hallarda 10  dəfədən çox, son iki ildə isə 2 dəfəyədək artıb.

 

 

Bütün bu göstəricilər 5 il bundan əvvəl qəbul edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qırmızı xətlə keçən  müəllim nüfuzunun artırılması ilə bağlı davamlı tədbirlərin nəticəsi olaraq dəyərləndirilə bilər.

 

Müəllimini göstər, deyim kimsən...

 

Bu gün ölkəmizdə  məktəb anlayışı  öz sosial statusu ilə cəmiyyətin ən təhlükəsiz və ən sivil məkanı olmaqla yanaşı, həm də ən yaraşıqlı binalarda yerləşməsi ilə assosiasiya olunur. Bununla belə hər bir təhsil sisteminin gücü onun müəlliminin gücünə bərabərdir.

 

Bəs görəsən, bu gücü yaradan müəllim özü haradan güc alır? Gəlin, bu güc nöqtələrinə baxaq:

 

1. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi;

2. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əmək haqqı artımı;

3. Müəllimlərin işə qəbulunun şəffaf təşkili;

4. Yüksək bal toplayaraq müəllimlik ixtisasını seçən abituriyentlərə “Gələcəyin müəllimi” təqaüdünün verilməsi.

 

 

2014-2017-ci illərdə 140 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçib.

 

İndi azərbaycanlı  gənci xanım olaraq müəllim diplomuna təkcə cehiz əşyası, gənc oğlan isə çarəsizlikdən seçdiyi ixtisas kimi baxmır. Son illərdə pedaqoji sahə üzrə sənəd verən abituriyentlərin peşəyəyararlılıq səviyyəsi əhəmiyyətli  dərəcədə yüksəlib. Bu, həm də müəllimlərin işə qəbulunda müsahibə mərhələsinin nəticəsidir. Müəllim olan insan təkcə test imtahanından keçmir, onun nitqi, psixoloji durumu və dünyagörüşü də sərf-nəzər olunur.

 

Müəllimliyi seçən nəticəsindən bəlli

 

Bu il İsmayıllı rayonunun təkcə  5 nömrəli tam orta məktəbindən iki  abituriyent - 668 bal yığan Ceyran Aydınova və 665 bal toplayan Gülər Abbasova ingilis dili müəllimliyini seçiblər. Şəmkir rayonunun Düyərli kənd məktəbinin məzunu Təranə Əliyeva da 692 balla riyaziyyat müəllimliyini seçib. Bunlar təkcə qəbul statistikası deyil, həm də  müəllim olmaq istəyənlərin keyfiyyət dinamikasıdır.

 

Ümumiyyətlə, 5 il ərzində  təhsil ixtisas  qrupuna aid olan 18 müəllimlik ixtisasları üzrə qəbul olunanların topladıqları ballar müəllimlik peşəsinin artan  nüfuzunu kəskin fərqlə ortaya qoyur. Elə götürək ibtidai sinif müəllimliyi üzrə olan rəqəmləri. Məsələn, 2016-cı ilin qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq ibtidai sinif müəllimliyini seçən cəmi 1 nəfər vardı. Builki qəbul imtahanlarında 500 və daha artıq bal toplayanlar arasında 235 nəfər abituriyent ibtidai sinif müəllimliyini seçib. Bu indiyədək təhsil ixtisas qruplarında ibtidai sinif müəllimliyini  seçənlərin maksimal nəticəsidir. Eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin  ibtidai sinif müəllimliyinə ötən il qəbul olunan 300 nəfər abituriyentin cəmi 29 nəfəri 500 və daha artıq bal toplamışdırsa, cari ildə bu ali təhsil müəssisəsinə həmin ixtisas üzrə qəbul olunan 300 nəfərin 129-u və ya 43 faizi 500 və daha artıq bal toplayıb. Bu, inqilabi nəticədir.

 

Hər il 5000 nəfərə yeni iş yeri...

 

Müəllimlik peşəsinin ilbəil nüfuzunun artması rəqəmlərdən də aydın görünür. Artıq insanlar qəbul edirlər ki, müəllimliyi yüksək nəticələrlə bitirən məzun elə həmin ildə də yaxşı əməkhaqqı ilə iş tapa biləcək. Özü də son 5 ildə Təhsil Nazirliyinin tam şəffaf imtahanlarından keçən müəllimə zaval yoxdur.

 

Və... 500 və daha artıq bal toplayaraq riyaziyyat və informatika müəllimliyini seçən abituriyentlər ötən illə müqayisədə 70.8, xarici dil müəllimliyini seçənlər isə 25 faiz artıb. Ya da ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha artıq nəticə göstərən abituriyentlər arasında 3 il əvvəl kimya müəllimi olmaq istəyən 43 abituriyent vardısa,  bu il onların sayı 141 nəfər olub. Biologiya müəllimliyi üzrə də vəziyyət eynidir. Yüksək nəticə ilə  3 il əvvəl 13, bu il isə 140 nəfər biologiya müəllimliyini seçib. Nəticə budur ki,  bütün təhsil ixtisasları üzrə kəmiyyət və deməli,  keyfiyyət  fərqi belədir.

 

....Artıq müəllim olmaq rəqabətli seçim əsasında mümkündür. Bundan 5-6 il əvvəlki müəllim olmaq  arzusu bir çox hallarda az bal toplayan abituriyentlərin seçiminə uyğun idisə, artıq göründüyü kimi müəllimlik mübarizəsində güclülər qalib gəlir. Bu o deməkdir ki, müəllim cəmiyyətin ən nüfuzlu peşəsi kimi sürətlə mövqeyini bərpa edir, missiyasını yeni dövrün bucağına uyğun qurur.

 

 

Yazının finalı Bakı şəhəri Texniki Humanitar liseyin məzunu, 559 balla Pedaqoji Universitetin ibtidai sinif müəllimliyini seçən  Səmavil Cəbrayılovanın fikirləri ilə üst-üstə düşür: “Mən ibtidai sinif müəllimi olmaqla təhsilə təməldən baxmaq istəyirəm”.

 

P.S. Bir də xüsusi qeyd oluna bilər ki, son illərdə pedaqoji sahəni seçən oğlanların faiz artımı müşahidə olunur. Bu, sevindiricidir, eyni zamanda müəllimlik ixtisasının nüfuzunun artmasına daha bir səbəbdir.

 

Müəllimlik missiyadır. Bu, missiyanı qəbul edərək müəllim olmaq istəyənlər, yolunuz mübarək!

 



31.08.2018 | 12:30